Millimiz Avropa çempionatını 2 medalla başa vurdu
Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilmiş Avropa çempionatını Azərbaycan milli komandası 2 bürünc medalla başa vurub. Hər iki medala yeniyetmə kanoeçimiz Aleksey Kupin sahib olub.
Milli Avarçəkmə Federasiyası məlumat verir ki, Kupin 1 nəfərlik qayıqla həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə əsas finaladək irəliləyərək yekunda 3-cü olub. O, 1000 metr məsafəni 4 dəqiqə 1,778 saniyəyə, 500 metr məsafəni isə 1 dəqiqə 55,192 saniyəyə qət edib.
Digər təmsilçilərimizdən Mirnazim Cavadov da əsas finaladək irəliləyə bilib. O, 23 yaşadək kayakçıların yarışında 1 nəfərlik qayıqla həlledici yürüşdə 500 metr məsafəni 1 dəqiqə 49,826 saniyəyə qət edərək 7-ci olub. 1000 metr məsafəyə yürüşdə isə Cavadov B finalında çıxış edib və 38,792 saniyə nəticə ilə ümumi sıralamada 14-cü olub.
Kanoeçilərin mübarizəsində 200 metr məsafəyə yürüşdə B finalında Mikita Sablin 1 nəfərlik qayıqla yeniyetmələr arasında 45,724 saniyə göstərici ilə 11-ci, Anatoli Melnik isə 23 yaşlılar arasında 46,007 saniyə nəticə ilə 15-ci yeri tutub. Kayakçımız Amil Hüseynli B finalında 200 metr məsafəyə həm 1 nəfərlik qayıqla (40,362 saniyə), həm də Yasin Əhmədovla birgə 2 nəfərlik qayıqla (37,011 saniyə) yürüşlərdə 14-cü olub. Bu duet 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 38,844 saniyəyə çataraq 16-cı yerlə kifayətlənib. Nəhayət, kayakçımız Məhəmmədtahir Hüseyniafşar 1 nəfərlik qayıqla 23 yaşlılar arasında 1000 metr məsafəyə yürüşdə B finalında 3 dəqiqə 44,120 saniyə nəticə ilə 18-ci olub.
Ümumi komanda hesabında Azərbaycan yığması yeniyetmələrin mübarizəsində medal sayında 9-11-ci yerləri bölüşdürüb, medal əyarında isə 16-cı olub. Bu yaş kateqoriyasında millimiz 116 xalla 32 ölkə arasında 17-ci yeri tutub. 23 yaşlılar arasında yığmamız medal qazana bilməsə də, 68 xal toplamağı bacarıb. Nəticədə ölkəmiz 25-ci yerlə kifayətlənib.