Milli valyutaya süni nəfəs aparatı qoşulub
Milli valyutaya süni nəfəs aparatı qoşulub — artıq belə bir fikir formalaşıb.
Sübut olaraq göstərilir ki, Mərkəzi Bank milli valyutanı qoruyub saxlamaq üçün 1-1.2 milyard əlavə pulu dövriyyəyə buraxır.
Manatın dollara nisbətən bahalaşması davam edir. ABŞ valyutası Azərbaycanda son 172 ayda ən aşağı həddə düşüb. Dolların manata olan rəsmi məzənnəsi iyulun 24-də aşağı düşərək 1 dollar üçün 78,43 qəpik təşkil edib. Bu son 14 il 4 ayda ən aşağı səviyyədir. Mərkəzi Bankın bu günə iyulun 30-na olan məlumatına görə, hazırda bu rəqəm 78,45-dir.
Mərkəzi Bank 22 mart 1999-cu ildə ABŞ valyitasının manata olan məzənnəsini 78,40 qəpik (3920 AZM) müəyyənləşdirmişdi. Sonralar dövrlərdə dolların bahalaşması müşahidə edildi. Bu bahalaşma 2003-2004-cü illərdə 98 qəpik həddini də ötməyə müvəffəq olmuşdu. Ancaq sonrakı dövrlərdə dünya bazarlarında neftin bahalaşması və Azərbaycanda neft hasilatının artması fonunda ölkəyə neft dollarlarının axını manatı möhkəmləndirməyə başladı.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri deyirlər ki, dolların Azərbaycanda ucuzlaşmasını dünyada gedən proseslərlə izah etmək olmaz. Çünki son günlər xüsusilə dollar əsas aparıcı valyutalar olan avro, funta münasibətdə ucuzlaşır. Amerika Federal Ehtiyat Sisteminin Q3 proqramını dayandırmaq niyyətində olmaması xəbəri dolları yenidən zərbə altın qoyub. Düzdür iyulun ortasında dolların bütün valyitalara nisbətən bahalaşması baş verdi. Məsələn, iyul ayında dolların avroya olan məzənnəsi əvvəlcə bahalaşaraq $1,31-dən $1,28-ə qədər yüksəldi, sonra isə yenidən $1,32-yə düşdü. Digər valyutalarda da oxşar situasiya təkrar olundu. Ancaq bunlara rəğmən Azərbaycanda Mərkəzi Bank manatın timsalında hələki dolları çox rəqs etməyə imkan vermir. Buna baxmayaraq digər valyutalarda qalxıb-enmə müşahidə edilib. Avro 1,3%, Britaniya funtu 4,5% bahalaşsa da, rus rublu 7%, yapon yeni 12,3% ucuzlaşıb
Ekspertlər hesab edir ki, manatın hazırki məzənnəsi inflyasiyanı cilovlamağa imkan versə də, sahibkarlığın inkişafına mane olur, ixrac imkanlarını məhdudlaşdırır.
Iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, milli valyutanın bahalı olması iqtisadi inkişafın yüksək olmasından irəli gəlmir: “Manatın qorunub saxlanmasında ciddi amillər rol oynayır. Ölkədə istehsal səviyyəsinin inkişafı, xarici ticarət dövriyyəsi və digər amillər milli valyutanın möhkəmlənməsinə, dəyər qazanmasına xidmət edir. Sadə vətəndaş üçün dollara nisbətdə manat daha cəlbedici görünür. Sadə vətəndaş üçün dəyərləndirmə ondan ibarətdir ki, manat bahalıdır. Ancaq manatın hansı amillər hesabına baha olması vətəndaşı maraqlandırmır. Əslində Mərkəzi Bank manatı çox çətinliklə qoruyub saxlayır və bu, uğurlu iqtisadi siyasətlə bağlı deyil. Yəni manat dinamik iqtisadi göstəricilərə görə baha deyil. Ölkə iqtisadiyyatı digər ölkə iqtisadiyyatları ilə müqayisədə geri qalır. Mərkəzi Bank milli valyutanı qoruyub saxlamaq üçün 1-1.2 milyard əlavə pulu dövriyyəyə buraxır. Bu isə milli valyutaya süni nəfəs aparatının qoşulması deməkdir.
Dolların qiymətinə gəlincə, deyə bilərəm ki, bu səviyyədə qiymət düşmələri böyük hədd kimi qəbul edilmir. Məsələn, 2010-cu ildə avro dollara nisbətdə 14 faiz dəyər qazanmışdı. Bu kimi hallar xarici ticarət dövriyyəsinin artmasından və azalmasından, birjalarda qiymət dəyişmələrindən, daxili istehsal tempindən asılı olur. Makroiqtisadi göstəricilərin sürətlə dəyişməsi fonunda valyutanın dəyər qazanması və itirməsi müşahidə olunur. Valyutaların dəyər qazanması və dəyər itirməsi ciddi kataklizm kimi qəbul olunmamalıdır. Qorxulu odur ki, valyutanın hədsiz möhkəmləndirilməsi və hədsiz dəyər itirməsi tendensiyası hökm sürsün».