Muəllif:

Milli Şura prezident seçkilərinin nəticələrinə etimad göstərmir

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı prezident seçkilərinin səsvermə mərhələsindəki seçki pozuntuları ilə bağlı bəyanat yayaraq oktyabrın 9-da səsvermə prosesi başladığı andan ölkə ərazisindəki bütün seçki məntəqələrində səsvermənin nəticələrinə ciddi təsir edəcək qanun pozuntuları, saxtalaşdırmalar olması haqda məlumatlar aldıqlarını bəyan ediblər. Qanun pozuntuları haqda xəbərlər təkcə Həsənlini seçki məntəqələrində müxtəlif səviyyədə təmsil edən şəxslərdən deyil, həm də səs verən tərəfsiz seçici və müşahidəçilərdən, mediadan da əldə edilir, deyə Turan-ın xəbərində deyilir.
Daha sonra deyilir:
Pozuntular bütün ölkə boyu kütləvi hal alıb, ancaq “Yeni Azərbaycan” partiyasının namizədi İlham Əliyevin xeyrinə edilir. Bu pozuntular həm də C.Həsənlinin seçki qələbəsinin qarşını almaq məqsədi daşıyır.
Səsvermənin ilk saatlarından C.Həsənlini təmsil edən və müstəqil müşahidəçilərə təzyiqlər başlayıb. Çox hallarda müşahidəçilər seçki məntəqələrinə buraxılmayıb, bəzi yerlərdə müşahidə aparmağa imkan verilməyib və ya seçki məntəqəsindən zorla çıxarılıblar. Bəzi seçki məntəqələrində müşahidəçilərin polis tərəfindən həbs edilməsi xəbərləri var. 12 saylı dairədə isə müşahidəçi Xəqani Əliyev polis tərəfindən oğurlanıb.
Seçki bülletenlərinin sayılmasında, saxlanılmasında, seçicilərə verilməsində qanunun tələbləri pozulub. Əksər məntəqələrdə seçki bülletenlərinin sayılmasında C.Həsənlinin müşahidəçilərinin iştirakı təmin edilməyib, bəzi məntəqələrdə isə seçki bülletenləri sayılmayıb. Səsvermə inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçir, dövlət idarələri əməkdaşlarını səsverməyə gətirərək İ.Əliyevə səs vermələrini təmin etməklə məşğuldurlar. Hakimiyyət orqanları təzyiqlər nəticəsində hətta özəl qurumları da öz işçilərini YAP-ın namizədinə səs verməyə məcbur ediblər. Bütün dairələrdə “karusel”, yəni ayrı-ayrı qrupların eyni və müxtəlif seçki məntəqələrində təkrar-təkrar səs verməsi halları qeydə alınıb. Seçicilərə pul paylanması halları barədə məlumatlar daxil olub.
Səsvermə prosesi başlamamış məntəqələrə içi bülletenlərlə doldurulmuş seçki qutuları gətirilib, seçki komissiya üzvlərinin və kənar şəxslərin seçki qutularına topa halında seçki bülletenləri atmaları qeydə alınıb. Məntəqələrdə şəxsiyyət vəsiqəsi, adları seçki siyahısında olmayanlara, başqa ərazidə qeydiyyatda olanlara, bir neçə şəxsiyyət vəsiqəsilə səsverməyə gələnlərə bülletenlər verilib. Çoxsaylı seçicilər müxtəlif məntəqələrdə qeydiyyatdan çıxma vəsiqəsilə səs verir.
Səsvermə günü baş verənlər sübut edir ki, seçkilərin səsvermə mərhələsinə qədərki dövlərindəki qeyri-demokratik şərait, ciddi qanun pozuntuları, inzibati resurslardan kütləvi sui-istifadə seçki günü də davam edib. Amma səsvermə daha kütləvi, daha kobud pozuntularla, nəticələrə əsaslı şəkildə təsir edən amillərlə başlayıb, hələ də davam edir.
Seçki prosesinin gedişi göstərir ki, iqtidar səsvermənin nəticələrini saxtalaşdırmaq yolu ilə İ.Əliyevi yenidən prezident elan etmək istəyir. Bu halda demokratik, ədalətli, şəffaf seçkilərdən söhbət gedə bilməz. Odur ki, seçkilərdə iqtidara alternativ siyasi qüvvə kimi çıxış edən Milli Şura, ölkə cəmiyyəti, demokratik qüvvələr, demokratiya tərəfdarı olan beynəlxalq qurum və müşahidəçilər bu seçkiləri azad və ədalətli sayaraq, onun nəticələrinə etimad göstərə bilməz. —

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 104