Milli Məclisdə Elçibəyə heykəl qolymaq təklif edildi
Milli Məclisin bu günkü iclası cari məsələər barədə bağlı deputatların çıxışı ilə başlandı. İlk çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycan Xalq Cünmhuriyyətinin yaradılmasının 95 illik münasibətilə Azərbaycan xalqını və millət vəkillərini təbrik etdi. Bundan sonra mətləbə keçən deputat “istiqlalçı deputatların” pensiya ilə bağlı probleminin həll olunmasını vacibliyini önə çəkdi.
“Milli Məclis sabiq millət vəkillərinin pensiya məsələsinə mütləq baxmalıdır”-deyən Q.Həsənquliyevin sözlərinə görə, keçmiş kommunistlər, məhkəmə sədrləri, keçmiş partiya işçiləri necə pensiya alırlar, eləcə də Azərbaycanın istiqlaliyyətinə səs vermiş istiqlalçı deputatlar da pensiya almalıdır.
Onun həmkarı, deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev keçmiş prezident,Azərbaycan Xalq Hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin dövlət səviyyəsində yubileyinin keçirilməsini, adının əbədiləşdirilməsi məsələsini qaldırdı.
Millət vəkili dedi ki, bu müraciət Azərbaycan milli azadlıq və dövlətçilik tarixində yer tutmuş Əbülfəz Elçibəyin adının əbədiləşdirliməsi və həmin dövr dövlətçilik tariximizə verilən əhəmiyyət baxımdan dəyərlidir. Fərəc Quliyev sabiq prezident, şərqşünas-alim Əbülfəz Elçibəyin dövlət səviyyəsində adının əbədiləşdirilməsi ilə bağlı bir sıra təkliflərini açıqladı. Bu sırada eks-prezidentin kitabxanasının,ev müzeyinin yaradılması, adına küçə verilməsi, heykəlinin qoyulması və digər var idi.
Bir müddət əvvəl Milli Qəhrəman Eldar Ağayevin vəfatı deputat Musa Qaısmovu onların statusu ilə bağlı məsələni aktuallaşıdırb. İclasda çıxışında deputat təklif etdi ki, Milli Qəhrəmanların statusu ilə bağlı məsələ müzakirəyə çıxarılmalıdır. Deputatın sözlərinə görə, Azərbaycanda 211 Milli Qəhrəman varsa, onlardan yalnız 17-i sağdır.
“Milli Qəhrəmanlar vəfat edəndə şəhidlik statusu ilə dəfn edilirlər. Sonradan bu məsələ boş qalır. Bu yaxınlarda Milli Qəhrəman Eldar Ağayev rəhmətə getdi. Bu baxımdan Milli Qəhrəmanlar haqqında qanun layihəsi hazırlanmalıdır. Bu məsələyə ciddi yanaşmaq lazımdır”- deyə M.Quliyev bildirib.
Deputat Elman Məmmədovda çıxışında “Şəhid statusu haqqında” qanunda kifayət qədər hüquqa zidd müddəaların olduğunu qeyd etdi. Sənədə yenidən baxılmasını təklif edən E Məmmədov bildirdi ki, Qarabağ müharibəsi veteranları çox cüzi müavinət alırlar.
“Bu müavinət qaldırılmalıdır. Bundan başqa, 1988-ci ildən 1991-ci ilə milli münaqişə ola bilərdi. Amma bütün əlillərə verilmiş sənədə göstərilir ki, “milli münaqişə zəmində əlil olmuş insanlar”. Hesab edirəm ki, bu doğru yanaşma deyil. Bu ermənilərin xalqımıza qarşı apardığı müharibədir. Ona görə bu söz o sənədə belə dəyişdirilməlidir: “Qarabağ müharibəsi zamanı əlil olmuş insanlar”” deyə millət vəkili vurğulayıb.
Deputat İqbal Ağazadə isə yeni təhsil naziri Mikayıl Cabbarovun fəaliyyətini tənqid etdi. Deputatı qəzəbləndirən Azərbaycan vətəndaşlarının xaricdə təhsil alması üçün təqdim olunan siyahıda bəzi universitetlərin çıxarılması olub. Onun sözlərinə görə, ABŞ universitetləri bu siyahıdan çıxarılıb, yerinə isə MDB ölkələrinin universitetləri daxil edilib.
“Bu təhsilin keyfiyyətinin aşağı salınmasına xidmət edir. Çünki bilirik ki, Amerika, Qərb universitetləri daha keyfiyyətli təhsil verir. Lakin yeni təhsil naziri MDB ölkələrinin universitetlərini siyahıya salıb ki, Azərbaycan vətəndaşları daha çox gedib o universitetlərdə təhsil alsınlar. Bu nədi, SSRİ-yə qayıdırıq?”-deyə istehza ilə danışan deputat eyni zamanda Vəkillər Kollegiyasının “bostanına da daş atdı”. Deputat bu qurumun ləğvini tələb etdi. İ.Ağazadənin fikrincə, “hansı vəkil hakimiyyətin xoşuna gəlmirsə, onu vəkillik hüququndan azad edirlər”. Bunun üçün o vəkil Aslan İsmayılovun vəkillikdən çıxarılmasını göstərdi.
İqbal Ağazadə eyni zamanda qəzet köşkləri ilə bağlı məsələyə münasibət bildirdi. Deputat qeyd edib ki, son vaxtlar qəzet köşkləri yığışdırılır. “Rayonlarda qəzetlər verilmir, Bakıda da qəzet köşklərini barmaqla saymaq olar.
Spiker Oqtay Əsədov Təhsil Nazirliyi ilə bağlı deputatın qaldırdığı məsləyə replika ilə cavab verdi. Spiker bildirdi ki, “təhsil naziri yeni təyin olunub, ona görə də onu hələ tənqid etmək, müzakirə etmək yersizdir”.
Milli Məclisin deputatı Eldar İbrahimov isə yenicə qayıtdığı İran səfərindən danışdı. Səfərin əhəmiyyətini müsbət qiymətləndirən deputat İran rəsmi dairiləri tərəfindən yaxşı qarşılandıqlarını dedi. Daha sonra “Ceyms Bondsayağı”danışan millət vəklil qeyd etdi ki, hər iki tərəfdə münasibətləri pozmaq istəyən casuslar var. İran səfəri zamanı spiker Əli Laricani ilə görüşdüyü xatırladan deputat İran parlament sədrinin Oqtay Əsədovu İrana dəvət etdiyini bildirdi və bundan sonra da İranla əlaqələri genişləndirmək lazım olduğunu vurğuladı .
Daha sonra deputat həmkarlarına müraciət edən millət vəklil onları qonşu dövlətlərlə bağlı danışarkən ehtiyyatlı olmağa çağırıb.“Biz İran və Rusiya münasibətlərimizi düzəltməliyik”.
Millət vəkili Siyavuş Novruzov isə 1995-2000-ci illərdə deputat olmuş şəxslərin statusunun qaldırılması məsələsinə toxundu. O bildirib ki, bu illərdə deputat olmuş şəxslərin pensiya təminatı ilə bağlı problemlər var. Həmin illərdə fəaliyyət göstərən deputatalarla 2000-ci ildən seçilən millət vəkillərinin pensiya təminatında kəskin fərq olduğunu vurğulayan Siyavuş Novruzov Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidən xahiş etdib ki, qanunvericiliyə əlavə və dəyişiklik edilməsi məsələsini sənəddə əsaslandırsın.
Bundan sonra gündəliyə keçən deputatlar bir sıra dövlətlərarası sazişləri təsdiqlədilər.
Milli Məclisin növbəti iclası isə mayın 31-də keçiriləcək. Spiker Milli Məclisin iş müddətinin artırılacağını bildirərək qeyd etdi ki, artıq 90 deputat növbədənkənar sessiya ilə bağlı müraciə edib. “90 millət vəkili müraciət edib. Buna görə iyun ayında növbədənkənar sessiya olacaq”.