Muəllif:

Milli herostratlar

Həmkarlarımdan biri bu yaxınlarda Sərdar Cəlaloğlunun Səməd Vurğunu, kiminsə Mirzə Fətəli Axundovu, kimininsə Cavanşir və Qaçaq Nəbini və daha kimlərinsə el arasında adları dillər əzbəri olanları bəyənmədiklərinə necə münasibət bəslədiyimi soruşdu. Sözün düzü, olmayan yerdə kimisə bütləşdirməyin, nə vaxtsa deyilənlərin doqmalaşdırılmasının həmişə əleyhinə olmuşam, eyni zamanda da düşünmüşəm ki, o insanlar illər öncə nə edib və nə deyiblərsə, yaşadıqları dövrün konyunkturasına uyğun olub və indi bizim onlar haqqında nə deyəcəyimiz barədə heç düşünməyiblər də. Guya biz bu gün oturuşumuza-duruşumuza yüz il sonra kimin nə qiymət verəcəyi barədə düşünürük. Hərə öz həyatını özünə və lap yaxınlarına görə qurur və yaşayır ki, bu da təbiidir. Bizim onlar barədə düşündüklərimiz onlara deyil, bizə lazımdır. Ona görə lazımdır ki, övladlarımızı düzgün tərbiyə edək, xalqın mərd, cəsur, namuslu nümayəndələrinin timsalında onlara vətəni sevməyi, torpaq uğrunda ölümə belə getməyi, böyük-kiçik münasibətlərini qorumağı, qadına hörmət və sevgini, ailənin nə demək olduğunu doğru-dürüst öyrədək. Axı heç də hamı Molla Pənah və ya Koroğlu olmur…
Hansısa çox müdrik adam deyb ki, əgər millətin qəhrəmanı yoxdursa, o qəhrəmanı mütləq yaratmaq lazımdır. Bəs biz nə edirik? Özümüz bivec ola-ola, başlamışıq bu millətin uşaqlarımız üçün örnək ola biləcək nümayəndələrini aşağılamağa. Di gəlin hamını ağına-bozuna baxmadan gözdən salaq, görək nə olur? Bu milli müasir herostratların gücü yalnız ölülərin kölgələrini qılınclamağa, onların ruhunu narahat etməyə çatır. Bəs dirilərə necə, söz deməyə ürək edirlərmi? Çətin ağlım kəsir, axı dirilər cavab da verə bilərlər…
Bizim bu milli herostratlar nə millət, nə də öz uşaqları üçün örnək ola bilirlər, ola bilənləri də yamanlayırlar. Yəqin, elə buna görədir ki, millət müti və gözüqıpıq tərbiyə olunub, çünki övladlarımıza qırğı balası, qoçağım deməkdənsə, başıbatmış deyə-deyə böyütmüşük, qol-qanad açıb, sərbəst düşünməyə, qərar verməyə öyrətməmişik.
Sonuncu «Eurovision-2013» dediklərimə sübutdur. İştirakçımız Fərid Məmmədov qalibdən azca geri qalaraq ikinci oldu. Sağ olsun, halaldı. Sevinməli bir məqamdı, amma o qalıb bir kənarda, bütün Azərbaycan indi itli-pişikli təxribatçı axtarışındadır. Dəridən-qabıqdan çıxırıq ki, bəs biz Rusiya nümayəndəsinə 10 xal vermişdik, Almaniyaya gedən yolda itib-batıb. Rusiyadakı səfirimiz bəyanat verir, xarici işlər nazirimiz rus həmkarıyla rəsmi danışıqlarda az qala Qarabağı unudub Rusiyaya məhəbbət izhar edir, İTV-nin yeni rəhbəri isə böyük bir qələt, yəni səhv, edibmiş kimi cüssəsinə yaraşmayan mütiliklə millət adından az qala Rusiyadan üzr istəyir. Demə, Azərbaycan xalqı Rusiya nümayəndəsinə səs verməyə bilməzmiş. Elə buna görədir ki, Rusiya forin-ofisinin rəhbəri bizə hədə-qorxu gəlir. Nə baş verib axı? Bir millət olaraq nə günah işlətmişik? Bəlkə Qarabağa hücum çəkib torpaqlarımızı ermənidən geri almışıq? Təəssüf ki, yox. Sadəcə, çaşıb Rusiyaya səmimi münasibətimizi onun mahnı müsabiqəsindəki təmsilçisinə səs verməməklə büruzə vermişik. Amma deyirlər ki, səslərimizi oğurlayıblar… Bu da azmış kimi, indi də Avropa mətbuatı Fərid Məmmədovun xalları fırıldaqla qazandığını yazır. Bizsə susuruq. Olmaya indi də qorxuruq?..
Belə çıxır ki, bizim gücümüz elə özümüzə çatır, özü də diriləmizə yox, ölülərimizə.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 671