Milli Elmlər Akademiyasında islahatlar aparılacaq
Bu il dövlət büdcəsindən elm sahəsinə 130 milyon manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Bu 130 milyon manat vəsaitin 78 milyonu Milli Elmlər Akademiyası üçün nəzərdə tutulub. Bu isə ölkədə elmə ayrılan vəsaitin 60 faizi deməkdir. Bu göstərici 2009-cu ilə nisbətən 23 faiz çoxdur.
Bu fikirlər akademiyanın ötən ilki fəaliyyətinə həsr edilən ümumi yığıncaqda səslənib. Qeyd olunub ki, ölkə prezidentinin sərəncamı ilə Elmin İnkişafı Fondu yaradılaraq fəaliyyətə başlayıb. Bununla yanaşı, Dövlət Neft Şirkətinin Elm İnkişaf Fondu yaradılıb. MEA-nın regional bölmələrinin də maddi-texniki bazaları gücləndirilib.
Hazırda MEA müəssisələrində 300-ü əyani, 269-u qiyabi təhsil forması olmaqla, 569 doktorant təhsil alır. MEA-nın akademik-katibi Vaqif Fərzəliyevin sözlərinə görə, onlardan 10-u xarici vətəndaşdır. 2012-ci ildə doktoranturaya 274 (126 əyani və 148 qiyabi) doktorant qəbul olunub. Dissertantura yolu ilə fəlsəfə doktoru proqramı üzrə isə 266 nəfər qəbul olunub. MEA-nın 828 dissertantının 183-ü xarici vətəndaşdır. 2012-ci ildə MEA-da 29 elmlər doktoru və 107 fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub. MEA elmi müəssisələrində 159 problem üzrə elmi tədqiqat işləri aparılıb və 150 mühüm elmi nəticə alınıb. Ötən il bu müəssisələr tərəfindən 50-yə yaxın Azərbaycan patenti və 5 xarici ölkənin patenti alınıb. Azərbaycan patentini almaq üçün 56 iddia sənədi verilib.
Fərzəliyev deyir ki, MEA-nın tərkibi 52 həqiqi, 100 müxbir üzv olmaqla 152 üzvdən ibarətdir.Qurumun elmi müəssisələrində, idarə və təşkilatlarında 9950 əməkdaş çalışır. Elmi işçilərin sayı 4686-dır ki, onlardan 535-i elmlər doktoru, 2042-si fəlsəfə doktorudur.
Ötən il büdcə xərcləri üzrə MEA-ya 74 044 929 manat vəsait ayrılıb. İl ərzində elmin maddi-texniki bazasının yeniləşdirilməsi, işçilərin əmək haqqının artırılması və s. ilə əlaqədar dövlət büdcəsindən 6 391 859 manat əlavə vəsait ayrılıb.
Fərzəliyev onu da bildirib ki, son illər ölkə Prezidentinin elmə qayğısının nəticəsi olaraq alimlərin əməkhaqqı bir neçə dəfə artıb. Lakin əməkhaqlarının məbləği müasir bazar qiymətləri ilə müqayisədə qənaətbəxş deyil. Buna görə də alimlər elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə verilən əlavələrin artırılmasını istəyirlər.
Fərzəliyevin sözlərinə görə, bu gün elmi ekspedisiyalar üçün ayrılan maliyyə vəsaitinin də həcmi çox azdır.
MEA alimlərinin orta yaş həddinin çox yuxarı olduğunu deyən Fərzəliyev bildirib ki, gənc mütəxəssislərin akademiyaya axınının zəifliyi bu qurumu çox narahat edir. Bunun əsas səbəbi əməkhaqqı və mənzil təminatının lazımi səviyyədə olmamasıdır.
«Gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılması da bu problemin həllinə mənfi təsir edir. Bir çox gənc mədəniyyət və incəsənət xadimləri, idmançılar prezident təqaüdü ilə təltif olunur. Lakin gənc istedadlı alimlər bu siyahıda yoxdurlar. Arzu edərdik ki, bu məsələ də öz həllini tapsın», — Fərzəliyev əlavə edib.
MEA Biologiya və Tibb Elmlər Bölməsinin akademik-katibi, millət vəkili Əhliman Əmiraslanov da bildirib ki, hazırda pensiyaya çıxan elmlər namizədlərinə 100, elmlər doktorlarına 200 manat əlavə vəsait verilir. Bu vəsaitin artırılmasını zəruri sayan Əmiraslanovun sözlərinə görə, elmi ictimaiyyəti narahat edən ən problemli məsələlərdən biri gənc kadrların elmə cəlb olunmasıdır. «Gənclərin elmə marağı azalıb. MEA tarixində 2012-ci il yeganə ildir ki, doktorantura və dissertanturaya plan yerlərin sayı vakant qaldı. Bu sahədə əsaslı tədbirlər görülməsə, gələcəkdə Azərbaycan elmi çox böyük çətinliklərlə üzləşəcək», — Əmiraslanov qeyd edib.
Bu yığıncaqda MEA prezidenti səlahiyyətlərini icra edən akademik Akif Əlizadə 44 səslə yeni prezident seçilib.
Arayış üçün: Akif Əlizadə 1934-cü ildə doğulub. Orta məktəbi gümüş medalla bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olub. 1957-ci ildə Azərbaycan EA Geologiya İnstitutuna işə qəbul edilib. Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edən A.Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olub. Alim kimi Akif Əlizadənin elmi maraq dairəsi regional geologiya, tabaşir çöküntülərinin stratiqrafiyası, tabaşir dövrünün mollyüska faunası kompleksi haqqında təlim, Aralıq dənizi vilayətinin tabaşir onurğasızlar faunasına görə paleobiocoğrafiyası, müxtəlif mollyüska qruplarının ümumi təkamül yollarının bərpası kimi problem məsələləri əhatə edir. Fiziki-kimyəvi üsulların ənənəvi paleontologiya və stratiqrafiyaya tətbiqinin vacibliyini dərk edən alim, ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq izotop geokimyası üsullarının tətbiqi ilə ilk tədqiqat işləri aparmış, Qafqazda tabaşir dənizlərinin biogeokimyəvi rayonlaşdırılmasını təklif etmiş, qədim dənizlərin və paleohövzələrin geokimyəvi şəraitini, o cümlədən temperatur rejimini öyrənmişdir. 1976-cı ildən MEA Geologiya İnstitutunun direktorudur. MEA prezidenti səlahiyyətlərini icra edənə qədər MEA-nın vitse-prezidenti olub.
Azərbaycanın əməkdar elm xadimi, Dövlət mükafatı laureatıdır. 2004-cü ildə «Şöhrət», 2008-ci ildə isə «Şərəf» ordeninə layiq görülüb. Onu da qeyd edək ki, yığıncaqda qurumun yeni seçilmiş prezidenti Akif Əlizadə akademiya Rəyasət Heyətinin (RH) fəaliyyətindən narazılıq edib. O öz gələcək proqramını açıqlayarkən deyib ki, Rəyasət Heyətinin fəaliyyətinin hətta səthi təhlili də vəziyyətin yaxşı olmadığını göstərir.
Əlizadə bildirib ki, RH-nin ştat sayı şişirdilib, ayrı-ayrı struktur bölmələrinin funksiya və vəzifələri kifayət qədər aydın ifadə edilməyib. MEA bölmələrinin fəaliyyəti formal xarakter daşıyıb.
Akademiya prezidenti qeyd edib ki, yaranmış vəziyyəti aradan qaldırmaq üçün təcili tədbirlər görülməlidir. Bunun üçün MEA institutlarının son 10 illik fəaliyyəti qiymətləndirilməlidir. Maliyyələşdirmənin yeni mexanizminin hazırlanmasını da vacib sayır.
Əlizadənin sözlərinə görə, institutların fəaliyyətinin əsas istiqamətləri dövlətin prioritet istiqamətlərinə uyğun olmalıdır. Bu istiqamətlər ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsi, İKT sahəsi ilə bağlı, ölkənin milli təhlükəsizliyinin müdafiə qabiliyyətinə yönəldilmiş, tarix, ədəbiyyat, dilçilik sahəsində aparılmış elmi tədqiqatlardır.
Akademiya prezidenti deyib ki, institutlara vəsait ayrılarkən onların apardığı işlər, nəşr olunmuş elmi işlərin sayı nəzərə alınmalıdır. «Biz yalnız dövlət büdcəsindən maliyyələşdirmənin aparılmasına ümid bəsləməməliyik. Biz özümüz kənar maliyyə mənbələri axtarmalıyıq. Bunu etmək mümkündür. Bu, mümkün olsa da, real şəraitdə o qədər də mümkün deyil, çünki əksər institutlarda sınaq təcrübə mərkəzləri yoxdur, bəzilərində isə vəziyyət tələb olunan səviyyədə deyil», — vunə Əlizadə əlavə edib. Vəziyyətdən çıxış yolu isə elmi axtarışların müəyyən hissəsini kommersiya məqsədlərinə yönəltməkdə görülür.
Akademiyanın prezidenti MEA-da elmi fəaliyyətin lisenziyalaşdırılmasının qəti əleyhinədir və qeyd edib ki, bu məsələ yeni hazırlanan «Elm siyasəti haqqında» qanun layihəsində öz əksini tapıb. Lakin Əlizadə hesab edir ki, elmi fəaliyyətin lisenziyalaşdırılması elmi yaradıcılığın və elmi tədqiqatların sərbəst aparılmasına ziddir. O «Elm siyasəti haqqında» qanun layihəsinin onların təklifləri nəzərə alınmaqla bu ilin sonuna kimi qəbul ediləcəyinə ümid etdiyini söyləyib.
Prezident vəd edir ki, MEA-da islahatlar aparılacaq. İslahatlar Rəyasət Heyətindən başlayaraq bütün institutları əhatə edəcək. «Bütün bunlar düşünülmüş islahatlar olmalıdır. Ona görə də indidən islahatların detallarını açıqlaya bilmərəm», — akademiya prezidenti əlavə edib.
Akif Əlizadə jurnalistlərlə müsahibəsində onu da qeyd edib ki, akademiyanın nəzdində universitet və gimnaziya yaradıla bilər: «Bunlar hamısı böyük gələcəyin işidir. Bu məsələlər hələ öyrənilməli, təhlil edilməlidir. Daha sonra tədricən həyata keçirilməlidir. Bu universitetdə bir çox sahələr üzrə kadr hazırlığı aparıla bilər. Burada həm də humanitar, təbiət elmləri, texniki sahələri üzrə kadr hazırlanması mümkündür». Əlizadənin sözlərinə görə, MEA-da magistratura səviyyəsi üzrə kadr hazırlığının aparılması nəzərdə tutulur.