Milli Şurada vəzifə bölgüsü aparılıb: burada kimlər var?
Milli Şura iyulun 9-da keçirilən sessiyasında strukturlaşma məsələsinə xüsusi önəm verib. Ayrı-ayrı sahələrlə bağlı komissiyaların yaradılması, komissiya sədrlərinin təyin edilməsi sessiyanın əsas məqsədlərindən olub. Daha 4 komissiyanın yaradılması və sədrlərinin təyin edilməsi müzakirə mövzusu olsa da məsələnin həlli növbəti sessiyaya saxlanılıb. Amma bu tərkibə baxanda yekrənglik görmək olmur. Belə ki, komissiya sədrlərinin arasında vaxtilə iqtidar təmsilçisi, parlament üzvü olmuş şəxslər də var, bitərəf olanlar da bu sırada yer alır, general da polkovnik də. Bu sırada bitərəf olanlar çoxluq təşkil edir, deyə Turan-ın şərhində bildirilir.
Konkret komissiyalara gəlincə, İqtisadiyyat komissiyasının sədri Qubad İbadoğludur. Q.İbadoğlu Müsavat Partiyasında təmsil olunur. O, “Milli Büdcə Qrupu”nun üzvü, İqtisadi Təşəbbüslər Mərkəzinin rəhbəri, “Neft Sənayesində Şəffaflıq” koalisiyasının üzvüdür.
Sosial siyasət komissiyasına Azərbaycan Liberal Partiyasının (ALP) təmsilçisi Eldar Əliyev başçılıq edir. Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun təqaüddə olan iqtisadçı analtiki, ALP-nin sədr müavini, ehtiyatda olan polkovnikdir. E.Əliyevin başçılıq etmək istədiyi sahə üzrə hər hansı bir araşdırması yoxdur,
İctimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyevdir. Turan İnformasiya Agentliyinin təsisçisi və direktoru M.Əliyev ölkənin təzyiqə məruz qalan müstəqil mediasının müdafiəsi ilə bağlı bir çox birliklərin yaradılmasının təşəbbüskarı kimi çıxış edib.
Hüquq komissiyasının sədri Vidadi Mirkamaldır. V.Mirkamal bitərəfdir. İctimai Palatanın Hüquq komitəsinin rəhbəri olub, İP-nin aksiyalarında həbsə alınan müxalifətçilərin hüquqlarını Müdafiə Komitəsinə rəhbərlik edib. Müxalifət qüvvələrinin bir araya gəlməsi üçün seçkilə bağlı sənədlərin üzərində iş aparan aparıcı şəxslərdən biridir.
Beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylidir. Buna qədər Bakı Dövlət Universitetinin müəlliməsi olub, sabiq deputatdır. Ziyalılar Forumunun fəal iştirakçılarından biri olub.
Humanitar siyasət komissiyasına Kamil Vəli Nərimanoğlu başçılıq edir, bitərəfdir . O, milli-azadlıq hərəkatında fəal olub, 1992-93-cü illərdə PA-nın humanitar siyasət şöbəsinin əməkdaşı olub. İstanbul universitetlərinin birində Azərbaycan dili və ədəbiyyatını tədris edir.
Etıka komissiyasına Nurəddin Mustafayev rəhbərlik edir, bitərəfdir. Vaxtilə Naxçıvan vilayət Partiya Komitəsinin birinci katibi olub. Ölkənin ictimai həyatı, xüsusilə qərbi azərbaycanlılarını problemləri ilə bağlı məsələlərdə fəallıq göstərib.
Qarabağ komissiyasının sədri Cəmil Həsənlidir. Bitərəfdir, sabiq deputatdır. C.Həsənli son dövr Azərbaycan tarix elminin çox az ünlü simalarından biri, tarix elmləri doktoru, professordur. Ziyalılar Forumu və Milli Şuranın təsis edilməsində əsas simalardan biridir-05B-.