Milli Bank sədrinin «qohumu» olan bu dələduz qadına 11 il cəza kəsildi
Özünü Mərkəzi Bankın sədri Elman Rüstəmovun yaxın qohumu kimi təqdim edərək dələduzluq yolu ilə 100-dən çox vətəndaşı aldadan Dilarə İmanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Ittihama görə, Dilarə Imanovanın 100-ə yaxın vətəndaşı aldadaraq 2 milyon manata yaxın vəsait mənimsəyib. Qurbanlar əsasən, Masallı, Cəlilabad, Lənkəran, Bakı sakinləridir. Dilarə Imanova 2007-2009-ci illərdə sonradan 10 il həbs cəzası almış qeyri-rəsmi həyat yoldaşı olan Masallı rayon sakini Saleh Ismayılovun vasitəsilə insanlara təkrar satışa çıxarılan avtomobilləri banklar vasitəsilə ucuz qiymətə, ilkin ödənişsiz təklif edib. Lakin banklara aparılacaq ödənişlərin onlar vasitəsilə həyata keçirilməsini şərt kimi irəli sürüb. Bir çox hallarda insanlar pulun bir qismini ödəsə də, avtomobili ala bilməyib. Alınmış avtomobillər yenidən banka qoyularaq insanların hesabından pullar çıxarılıb.
Dilarə Imanova vətəndaşlara ikinci əldən olan maşınların satışını 14 bank vasitəsilə həyata keçirib. Cinayət işində “Atabank”, “Unibank”, “United Kredit Bank”, “AcsesBank”, “Bank of Baku”, “Bank Respublika”, “Azərbaycan Bankı”, “Dekabank”, “Nikoylbank”, “Dəmiryolbank” və “Royalbank”ın adları çəkilir. Adları qeyd olunan bankların əməkdaşları ilə cinayət əlaqəsinə girən Dilarə İmanova bu bankların rəsmi qəbzlərini zərərçəkənlərə təqdim edərək dələduzluq əməlini davam etdirib.
Qeyd edək ki, iki il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Dilarə İmanovanin cinayət işinə baxılıb. Həmin vaxt Dilarə İmanova məhkəmə tibb-ekspertizasının qərarı ilə anlaqsız elan edilib. 100-dən çox insanı aldatmasını, özünü 14 bankın meneceri kimi təqdim etməsini anlaqsız vəziyyətdə həyata keçirib. Həmin bankların qəbzlərindən istifadə edərək əhalidən avtomobil krediti yığıb. Buna görə də məhkəmə hökm elan edərkən Dilarə İmanovanın barəsində ittiham hökmü çıxarmayıb və məhkəmə onun xəstə olması barədə qərar açıqlayıb. Məhkəmə Dilarə İmanovanın CM 178.3.2-ci (dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş ictimai-təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi və ona tibbi xarakterli məcburi tədbirin təyin edilməsi barədə qərar qəbul edib.
Həmin məhkəmənin qərarından cinayət işi üzrə zərərçəkənlər apelyasiya şikayəti veriblər. Onlar Dilarə İmanovanın barəsində çıxarılan məhkəmə qərarının ləğv edilməsini və ittiham hökmünün çıxarılamasını, həmçinin dəymiş ziyanın ödənilməsini tələb ediblər.
2012-ci ilin dekabrında Bakı Apelyasiya Məhkəməsində həmin şikayət üzrə işə baxılıb və zərərçəkənlərin şikayəti üzrə qərar elan edilib. Qərara görə, zərərçəkmişlərin şikayət təmin edilib. Məhkəmə Dilarə İmanovanın xəstə olması ilə bağlı çıxarılan qərarı ləğv edib və məcburi müalicəyə xitam verilib. Məhkəmə cinayət işinin yenidən araşdırılması üçün ibtidai araşdırmanı aparan prokurorluğa qaytarıb. Prokurorluqda Dilarə İmanovanın cinayət işi üzrə istintaq yenidən araşdırılıb və cinayət işi yenidən araşdırlması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ənvər Seyidovun icraatına verilib. Bir neçə ay davam edən məhkəmə istintaqının sonunda təqsirləndirilən şəxsin barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə Dilarə İmanova 11 il müddətinə azadlıqdan məhrum edilib.