Millətlər Sarayında açılan sərgidə 2 azərbaycanlı rəssam da var
BMT Cenevrə bölməsində — Millətlər Sarayında Avropa Şurasının təşkilatçılığı ilə “Müasir Avropa rəssamlığında şəhər mənzərəsi” adlı rəsm sərgisinin açılışı olub. Açılışda BMT Cenevrə bölməsinin baş direktoru Kasım-Comart Tokayev çıxış edib. O digər iştirakçı ölkələr ilə yanaşı, Azərbaycanın Avropa Şurası tərəfindən təşkil olunan rəsm sərgisində iştirakının təqdirəlayiq hal olduğunu, ölkəmizin mədəni irsinin Avropa mədəniyyət və incəsənətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib və adıçəkilən sərgidə ölkəmizin iştirakının təmin edildiyinə görə Səfir, Daimi Nümayəndə Murad Nəcəfbəyliyə təşəkkürünü ifadə edib.
Avropa Şurasına üzv olan ölkələrdən olan rəssamlar tərəfindən çəkilmiş və müxtəlif şəhər görüntülərini özündə əks etdirən “Müasir Avropa rəssamlığında şəhər mənzərəsi” adlı rəsm sərgisində Azərbaycan rəssamları Elşən Sərkanoğlu və Gülarə Məcidovanın müvafiq olaraq “Səhərlə gecə arasında” və “İçərişəhərdə günorta” adlı rəsm əsərləri ilə təmsil olunur. BMT-nin Cenevrə bölməsindəki bu sərginin cari ilin 24 may tarixinə qədər davam etməsi nəzərdə tutulur.
Sərgidə Azərbaycanla yanaşı, Andorra, Avstriya, Kipr, Estoniya, Gürcüstan, Almaniya, İtaliya, Litva, Portuqaliya, Moldova, Rumıniya, Rusiya, Sloveniya və İsveçrə olmaqla Avropa Şurasının 15 üzv dövləti iştirak edir.