Muəllif:

Millət vəkili Oktay Ekşi: “Önümüzdə çox həyəcanverici günlər var”

Türkiyə Böyük Millət Məclisinin müxalifətçi deputatları ölkəni sarsıdan əməliyyatı APA-ya şərh edib. Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Oktay Ekşi məlum həbsləri “Gülən camaatı” ilə AKP arasında açıq müstəviyə çıxmış bir iqtidar mübarizəsi kimi dəyərləndirib:

“Baş nazirin icma ilə bağlı təhqiqat başlatmağa gücü varmı? Bunu görəcəyik. Bunun nəticəsi onun öz müqəddəratını müəyyənləşdirən önəmli bir faktor olacaq. Bütün bunlarla bağlı önümüzdə çox həyəcanverici günlər var. Ərdoğan özünün istifadə etdiyi metodların, yəni ədliyyəni müstəqil etmək əvəzinə bəzi qüvvələrin nəzarətinə verməyin əvəzini ödəyir. Haqqa-hüquqa zidd iş görənlərin başına bunların gəlməsi həm təbiidir, həm doğrudur, həm də gərəklidir. Bunun arxasını hamımız birlikdə görəcəyik”.

 

Oktay Ekşi “Gülən camaatı”nın dövləti ələ keçirmək iddiasından ictimaiyyətin bu və ya digər şəkildə xəbərdar olduğunu deyib: “2003-2004-cü illərdə telekanallarda Fətullah Gülənin çıxışları verilirdi. “Dövlət orqanlarına sızacağıq, günümüzü gözləyəcəyik” şəklində. Bunun yeni mərhələlərini yaşayırıq. İcmanın siyasət sistemindəki yeri nədir? Bu barədə daha çox hüquqşünasların danışması lazımdır. Mən isə bunu bilirəm: əgər dini icmasınızsa, onda siyasət dünyasında o kimliklə rolunuzun olmaması lazımdır. Çünki dünyəvi sistem belə şeylərə icazə verməz. Siyasətə təzyiq qrupu kimi sistemin içində yer ala, düşüncələrinizi söyləyə bilərsiniz. Buna heç kim bir söz deyə bilməz. Bu, ifadə azadlığının hər kəsə verdiyi haqdır və siz də haqlarınızdan istifadə edərsiniz. Amma sistemin içində təşkilatlanmış halda yer almaqdan və dövləti ələ keçirməkdən söhbət gedərsə, onda adamdan soruşarlar ki, niyə siyasi partiya deyilsiniz və bu cür mübahisəli metodlarla dövləti ələ keçirməyə çalışırsınız? Bunların soruşulub-soruşulmayacağını görəcəyik. Gələcəkdə maraqlı proseslər bizi gözləyir”, — deyə o fikrini tamamlayıb.

Milliyyətçi Hərəkat Partiyası (MHP)  parlament qrupu sədrinin müavini Oktay Vural isə baş verənləri önəmli bir əməliyyat kimi qiymətləndirib. Onun fikrincə, hüquqi dövlətdə qanunların verdiyi səlahiyyətlərlə bu cür əməliyyatların həyata keçirilməsi zəruridir. Bununla yanaşı o, polis rəislərinin işdən azad edilmələrini və işin prokurordan alınıb başqa prokurora verilməsini düzgün hesab etmədiyini bildirib.

“Təəssüf ki, bu prosesə siyasi müdaxilələri görürük. Siyasi iradə bu işlərin üstünü örtməyə çalışır. MHP olaraq biz təmiz idarəçilik, təmiz siyasət üçün çalışırıq. Ona görə də bu işlərdə “sənin oğrun-mənim oğrum” prinsipi yox, hüququn üstünlüyü prinsipi çərçivəsində millətimizin haqqı müdafiə edilməlidir. Proseslərin bu səviyyədə qalmadığını, daha yüksək səviyyələrdəki insanlarla bağlı qovluqlar olduğunu düşünürəm. Həm hüquq orqanlarımız bunu açığa çıxarmalı, həm də millətimiz seçki qutularında bunun haqq-hesabını çəkməlidir”.

Hökumətin hüquqla bağlı ikili standartının olduğunu deyən O.Vural qeyd edib ki, MHP siyasətin hüquqa müdaxilə etməsinə qarşıdır: “İndiki mərhələdə bu prokuror hüquqa zidd hansı addımı atdı ki, işi ondan alırsınız? “Türkiyə bağırsaqlarını təmizləyir” deyənlər indi bu işin üstünü örtməyə çalışırlar. Ona görə də soyuqqanlı olmağımız lazımdır”.

Xatırladaq ki, bu prosesi başladan prokuror Zəkəriya Öz 2008-ci ildə ordu generallarına qarşı gurultulu əməliyyatlara başlayarkən baş nazirin müavini Bülənt Arınç hər şeyin hüquqi dövlətin prinsipləri çərçivəsində cərəyan etdiyini və “Türkiyə bağırsaqlarını təmizləyir” deyib.

APA-nın “CHP bu proseslə bağlı “Böhran masası” qurub.Siz də qurdunuzmu?” sualına isə O.Vuralın belə cavab verib: “Bizim millət vəkili kimi vəzifəmiz bu prosesləri yaxından izləməkdir. İndi də edirik. Məsələnin Məclis komissiyası tərəfindən araşdırılmasını tələb edəcəyik. Hər kəs gördüyü qanunsuz işin hesabını verəcək. Baş nazir bu prosesi başladan polis rəislərini işdən çıxarıb, yeni gələn rəislərin isə dəlilləri yox etmə təhlükəsi var. Biz buna imkan verməyəcəyik və istər hüquq, istərsə də siyasət yoluyla baş nazirlə hesablaşacağıq”.

Onu da əlavə edək ki, AKP-dən olan millət vəkilləri əməliyyatlarla bağlı öz fikirlərini açıqlamaqdan boyun qaçırıblar. TBMM-dən APA-ya sızan məlumata görə, baş nazir Ərdoğan AKP-dən olan millət vəkillərinə ölkəni sarsıdan əməliyyatlarla bağlı mediaya açıqlama verməyi və telekanallarında çıxış etməyi yasaqlayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183