Muəllif:

Millət sizə minnətdardır…

«Bu gün öylə böyük və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görə bilməzdik…»
Fətəli Xan Xoyski

Cümhuriyyətin baş naziri F.X.Xoyski bu sözləri 1918-ci il dekabrın 7-də Bakıda, İsmailiyyə binasında parlamentin ilk iclasının açılışında heyrət və qürur bildirən bir intonasiya ilə demişdi. Millətin hüququ, istiqlalı və xeyri ilə bir arada olan milli hökumətin başçısı «bu günü yuxumuzda da görə bilməzdik» deyirdi. Bundan iki ay əvvəl isə F.X.Xoyskinin daha bir sözü tarixin yaddaşına yazılmışdı. Baş nazir 1918-ci il sentyabrın 15-də Bakının düşmənlərdən azad edilməsi münasibəti ilə Nuru paşaya göndərdiyi təbrik teleqramını bu sözlərlə bitirmişdi: «Millət sizə minnətdardır!». Dünən bu sözlər xilaskar Nuru paşaya ünvanlanırdı, bu günsə xalq məhəbbətlə həmin müqəddəs kəlmələri, həm də heçdən bir dövlət yaratmaqla şanlı tarix yazmış, millətin başını uca etmiş Cümhuriyyət qurucuları üçün səsləndirir.
Bu gün minnətdarlıq duyğusu ilə xatırladığımız babalarımız müsəlman Şərqində ilk parlamentli respublika quraraq, hamımıza demokratik cümhuriyyətin vətəndaşları olmaq qürurunu yaşatdılar. Qısa müddətdə ordu yaratdılar, sərhədlərimizi müəyyənləşdirdilər, iqtisadi islahatlar apardılar, qadınlara seçki hüququ verdilər, respublikanı dünyada tanıtdılar. Millətə azadlıq dadızdıran AXC qurucuları Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdilər, onun Avropa ilə bütünləşməsinin zəruriliyini ortaya qoydular, ciddi demokratik addımlar atdılar, ədalətli idarəetmə sistemi yaratdılar. Bütün bunlara görə millət onlara minnətdardır!
* * *
Bu həftə, şəksiz ki, Cümhuriyyət həftəsi oldu. Həm də bu şanlı gün əvvəlki illərə nisbətən sanki bir az təmtəraqlı keçdi. Görünür, AXC-nin 95 illiyi və Ə.M.Topçubaşovun 150 illiyinin qeyd olunması haqqında rəsmi sərəncamlar müəyyən rol oynamışdı. Amma məncə, həlledici səfərbərlik işini yenə də sosial şəbəkələr gördü. TV-lərdə bu mövzuda verilişlərin dişsizliyinə, küçələrdə isə bayraqların azlığına baxmayaraq virtual şəbəkələr bayrama xüsusi canlanma gətirdi. Hətta hökumətyönlü İnternet televiziyalarından biri Cümhuriyyətin elan olunduğu Tiflisin Canişin sarayından maraqlı bir reportaj yayımladı. Reportyor böyük bir sevgi ilə Milli Şura qurucularının ruhlarının dolaşdığı «Büllur» salonun mistik sükutundakı müqəddəs duyğuları bizlərə yaşatdı.
Qəzet-kitab oxumayan, o səbəbdən də ətrafda baş verənlərə laqeyd qalan çoxluğu isə axşam saatlarında Milli parkdakı atəşfəşanlıq səsləri ayılda bildi. Ən aşağısı onlar «görəsən, bu gün nə günüdür?» sualını verməyə ərinmədilər. Hər halda məmləkətin düşünə bilən insanları, qəlbində və ruhunda bir Cümhuriyyət sevgisi yaşadanların son illərin biganəliyi ilə müqayisədə builki bayram ab-havasından ciddi şikayətləri olmamalıdır. Məncə, bu tarixi gün iki parlaq epizodla yadda qaldı: M.Ə.Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsinin ziyarəti, orada yaşanan duyğulu məqamlar və haqqında çoxdan danışılan Milli Şuranın yaradılması.
* * *
Bu il Gəncə demokratları M.Ə.Rəsulzadənin Cümhuriyyətin ilk paytaxtındakı büstünü ziyarət edə bilmədilər. Səbəbini hamı bilsə də, adamın yazmağa əli gəlmir. Əvəzində çoxları üçün artıq müqəddəs yer sayılan Novxanıda M.Ə.Rəsulzadənin abidəsi önündə xeyli təntənəli mərasim keçirildi. Səhər tezdən ürəklərində Rəsulzadə odu daşıyan insanlar dəstə-dəstə abidə önünə axışırdılar. Üz-gözlərindən sevinc yağan bu adamlar öz qəlblərinin hökmü ilə əllərində al bayraqlar abidəyə doğru addımlayırdılar. Qəsəbə sakinlərinin bu mənzərəni köks dolduran bir qürurla seyr etmələri adamın nəzərindən yayınmırdı. Gənclərin, yaşlıların, xanımların üzündə heç vaxt olmayan bir sevgi və ümid şölələnirdi. «Yoxdan bir bayraq ucaldanların» da nigaran ruhu, sanki bu anlarda şadlanırdı. «Rəsulzadə!», «İstiqlal!», «Yaşasın müstəqil Azərbaycan» hayqırtısı az qala bütün qəsəbəni titrədirdi.
Mənim üçün bu hayqırtıların sədası altında sevinən uşaqların reaksiyası çox maraqlı idi. Abidəyə gedən yolda həyətlərdən və pəncərələrdən üçrəngli bayraqlar yellədilirdi. Yol kənarına düzülmüş kənd sakinləri Bakıdan gələnləri məhəbbət dolu nəzərlərlə süzür, tanıdıqları adamlarla hal-əhval tuturdular. Birmərtəbəli evlərinin geniş pəncərəsindən kiçik bayraqları və şən qışqırtıları ilə yoldan keçənləri şövqlə salamlayan məktəbyaşlı uşaqların sevincini gözlə görmək gərək idi. Oğlanlı-qızlı 4-5 uşaq bir-birinə aman vermədən «Yaşasın Azərbaycan!» deyərək sevinə-sevinə qışqırır, bayraqları yellədir, sanki parad qəbul edirlərmiş kimi cürbəcür şüarlar deyir, yaratdıqları qeyri-adi mənzərə ilə yoldan ötənləri duyğulandırırdılar. Onların şaqraq səsləri əraziyə nəzarət edən və artıq günün istisində hərəkət etməyə həvəsli görünməyən ərincək polislərin də diqqətini cəlb etmişdi. Açıq-aşkar görünürdü ki, uşaqların kəsilmək bilməyən səsləri və yol keçən adamların onları xüsusi duyğusallıqla salamlamaları polislərin çoxunu əməlli-başlı qıcıqlandırır.
Heç bilmədim ki, polislər həmin gün niyə belə qəzəbli idilər, üz-gözlərindən zəhrimar yağırdı. Deyəsən, təkcə abidəyə tərəf üz tutan böyüklərin deyil, yol kənarında suvağı təzə vurulmuş, görkəmindən kasıblıq yağan evin pəncərəsindən adamları aramsız alqışlayan uşaqların sevinci də onları hövsələdən çıxarırdı. Ona görə də polis zabitlərindən biri oğrun-oğrun pəncərəyə yaxınlaşıb uşaqlardan sakitləşməyi və əllərindəki bayraqcıqları yığışdırmağı tələb etdi. İçəridən səslənən sadəlövh sual ətrafa yayılırdı. — Noolub ey, bayramdı də, bəyəm sevinmək olmaz? — bunu uşaqlar incik soruşurdu. — Pəncərəni bağlayın, xarabanızda səssiz sevinin! — bunu da polis əmi hirslə deyirdi.
Bu «incə» dialoq ətrafdan keçənlərin diqqətindən yayınmadı, onların iradına polis «bunlar indidən asayişi pozurlar» cavabını verdi və camaatın gülüşündən üzü bir az da bozardı. Amma görünür, uşaqlar belə tezliklə təslim olmaq niyyətində deyildilər. Onlar bir anlığa sakitləşsələr də, qəzəbli «polis əmi» gedən kimi yenə pəncərələri taybatay açdılar. Yenə də bəhsə-bəhsə girərək üçrəngli bayraqları yellətdilər, yenə də onların şıltaq və ruhoxşayan səsləri ətrafa yayılaraq küçədən keçənlərin təbəssümündə əks-səda verməyə başladı. Qəzəbli polis zabiti yenə evə tərəf üz tutdu, amma sonra nəsə fikirləşərək geri qayıtdı. Onun həmin anda nə fikirləşdiyini demək çətin idi, amma bir şey aşkarca görünürdü ki, «asayişi pozan» uşaqların bu qəribə inadı ətrafdakılara yaman ləzzət eləmişdi…
* * *
Azərbaycan Cümhuriyyətini vəsf edən yüzlərlə şeir yazılıb. Onların bədii səviyyəsi, təsir gücü, poetik vüsəti eyni deyildir. Amma bu poeziya nümunələrinin hamısında tarixə, milli ideyaya bir sevgi, bir istiqlal havası və sabaha bir ümid var. Həmin fikirlər aşağıdakı şeirdə də, sanki qanad açaraq göylərə pərvazlanır:
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan,
Bu əkindən yarınki bir baharda
Əlbət, bitər bir yeni Azərbaycan!
Bu misralar Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və banisi, qürbət ellərdə son nəfəsinədək canını millət yolunda fəda etmiş Məhəmməd Əmin Rəsulzadənin 1955-ci ilin martında, ömrünün son günlərində yazdığı «Mayıs duyğuları» şeirindəndir. O, Cümhuriyyət yolunda min əzaba qatlaşdı, ömrünü bu yolda əritdi, bütün nəslini heçliyə uğratdı. Türkiyədə və Avropanın müxtəlif ölkələrində məhrumiyyətlərlə dolu ömür sürdü, bir qarnı ac-bir qarnı tox, yarızirzəmilərdə gecələdi, siçan-siçovullar oynayan «evlərdə» yaşadı. Amma sınmadı, yolundan dönmədi, azad Azərbaycan davasından, könül verdiyi Cümhuriyyət sevdasından əl çəkmədi.
Azərbaycan istiqlalının memarı əmin idi ki, bir gün gələcək ki, milli fikir toxumları mütləq yenidən cücərərək pöhrə verəcək, xalq yenidən öz müstəqilliyinə qovuşacaq. O, müharibədən sonra SSRİ-nin dağılacağını və bu prosesin imperiyanın ən zəif nöqtəsi olan Qafqazdan başlayacağını qəti əminliklə söyləyirdi. Tarix onun sözlərinin doğruluğunu bir daha sübut etdi, Azərbaycan XX əsrin sonunda dövlət müstəqilliyini bərpa edə bildi.
* * *
Respublika gününün xoş ovqatına gecə saatlarında daha bir rəng qatıldı. Toplardan atılan rəngli fişənglərin havada qövs cızdığı anda xəbər saytlarında da gözlənilən bir xəbər fişəng kimi işıq saçdı. Həmin saatlarda demokratik qüvvələrin Milli Şurasının yaradıldığı bəyan edildi. Bu, təkcə maraqlı yox, həm də gələn həftədən Azərbaycanın ictimai-siyasi həyatının gündəmini dəyişəcək ciddi bir xəbər oldu. Milli Şura ideyasının müəllifi dünya şöhrətli yazıçı-ssenarist Rüstəm İbrahimbəyovdur. Belə demək mümkündürsə, onun siyasi rejissurasının proloqu baş tutdu. İndi qarşıda məmləkətin demokratikləşməsi ssenarisinin gerçəkləşdirilməsinin həlledici epizodlarının çəkilişləri gəlir. Bu çəkilişlərdə kütləvi səhnələr önəmli yer tutacaq…
meherremli@gmail.com

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 263