Meyvə-tərəvəzin də pasportu olacaq
Kənd təsərrüfatı sahəsində daha bir yeniliyin tətbiqi gözlənilir. Belə ki, bundan sonra ölkəmizdə istehsal olunan yerli meyvə-tərəvəz məhsulları pasportlaşdırılacaq. Pasportda məhsul haqqında bütün genetik məlumatlar öz əksini tapacaq. Bu halda məhsulların xarici bazarlara çıxışı asanlaşacaq. Ekspertlərin fikrincə, xarici bazar istehlakçılarının hər zaman təmiz məhsullara üstünlük verdiklərini nəzərə alsaq, bu yenilik ölkənin ixrac potensialını artıracaq.
Xaricdə, eyni zamanda MDB məkanında da Azərbaycan məhsulları keyfiyyəti ilə tanınır. Bu məhsulların genetik modifikasiyaya məruz qalmadıqlarını hər bir xarici vətəndaş yaxşı bilir. Lakin xoşagəlməz hal ondan ibarətdir ki, bəzən xarici bazarda yerli məhsul başqa ölkənin məhsulunun adı ilə təqdim edilir. Bunun qarşısının alınması üçün artıq buğda sortlarının, eləcə də Göyçay narı, Quba alması, Lənkəran limonu, Şamaxı üzümü və digər yerli meyvə-tərəvəzin pasportlaşdırılması aparılacaq.
Kənd təsərrüfatı məhsullarının pasportlaşdırılması ölkədə aqrar sektorun inkişafı, istehsalçıların bazara çıxışının yüngülləşdirilməsi üçün əsas vasitələrdən biridir. Hər hansı məhsulu xarici bazara çıxarmaq üçün həmin məhsulun kimliyi sübut olunmalıdır. Bu əvvəllər sertifikatla müəyyən edilirdi. İndi isə bu sertifikatlar konkret olaraq birləşdirilərək ümumi pasportun hazırlamaq nəzərdə tutulur. Əgər bu pasport hazırlanarsa, artıq bu məhsulun xarici bazarlara çıxışı asanlaşır. Üzərində belə sənəd olan məhsul üçün xarici bazarlarda daim yaşıl işıq yanacaq.
Azərbaycan Fermerlər İttifaqının sədri Sadıq Murtuzayevin sözlərinə görə, pasportlarda həmin məhsullar haqqında bütün genetik məlumatlar öz əksini tapacaq: «Bu yenilik nəticəsində həm də ixrac üçün yaxşı potensial yaranar. Pasportlaşdırılma ölkədə kənd təsərrüfatının inkişafı, istehsalçıların bazara çıxışının yüngülləşdirilməsi üçün əsas vasitələrdən biridir».
Ekspertin sözlərinə görə, üzərində belə bir sənəd olan məhsul üçün xarici bazarlarda daim yaşıl işıq yanacaq: «Məhsullara pasport verilməsi kooperasiyaların yaradılması üçün zəmindir. Çünki istehsalçılar məhz satış birliyində birləşdikləri halda onların yüksək rəqabətə davamlı məhsulla xarici bazara çıxış imkanları genişlənəcək. Bu gün kiçik istehsalçıların paspotlaşmanı müstəqil aparmaq imkanları zəifdir. Azərbaycanda kənd təsərrüfatı sahəsində xidmət, məsləhət sahələrinin genişlənməsi artıq bu gün tələbdən doğan obyektiv reallığa çevrilib. İstehsal var, son dövrlərdə, xüsusilə ötən il Azərbaycanda çox böyük miqdarda kənd təsərrüfatı məhsulları istehsal olunub. İstehsaldan sonra məhsulun bazara çıxarılması, satışının təşkili, emala göndərilməsi istiqamətində fermerin bilgiləri və imkanları azdır. Bu işlə həmin yaradılan xüsusi şirkətlər məşğul olmalıdır».
Qeyd edək ki, kənd təsərrüfatı məhsulları ilə yanaşı ölkədə istehsal olunan bütün məhsullara pasportların verilməsi planlaşdırılır. Bu işin təşkili isə mövcud qanunvericiliyə dəyişiklik ilə mümkün ola bilər.