Meyvə-tərəvəzin bahalığı qıtlıqla bağlıdır
Meyvə-tərəvəz mövsümü olsa da, qiymətlər bahadır. Yerli məhsulların qiyməti xaricdən gətirilənlərlə müqayisədə daha yüksəkdir. Ərik 4-5 manat arasında, gilas 2-3 manatadır. Ən ucuz almanın qiyməti isə 2 manatdır. Armud 2 manat 50 qəpiyə, alçanın kilosu isə 1 manat 50 qəpik-2 manat arası dəyişir.
Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə qiymətlər 2-3 dəfə bahadır. Məsələn, ötən ilin iyun ayında bu meyvələr 50 qəpik — 1 manat arası satılırdı.
KTN mətbuat katibi Murtuzəli Hacıyevin sözlərinə görə, 10 gün ərzində qiymətlərdə ən aşağısı 2 dəfə enmə müşahidə olunacaq: «Ən çox yerli məhsullara üstünlük verilir. Belə hesab edirik ki, ümumiyyətlə bu il ərzində tərəvəz məhsullarında daha çox bolluq olacaq».
Kənd təsərürfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun sözlərinə görə, meyvələrin baha olmasının səbəbləri çoxdur. Əvvəlla, bu il havanın qeyri-sabit keçməsi yerli məhsullarda qıtlıq yaranıb. İqlim dəyişikliyi ölkədə qeyri-sabit, normaya uyğun olmayan hava şəraitinin yaranmasına gətirib çıxarır. Regionlarda yağışların aramsız yağması göbələk xəstəliyinin geniş yayılmasına gətirib çıxarıb. Meyvə ağacları çiçəklənən zamanı birdən-birə çicəklərini tökdüklərinə görə də qıtlıq yaranıb:”Bunun səbəbi ağacların lazımi qidanı ala bilməməsidir. Habelə, ətraf mühitin təsirindən özünü qoruya bilmir. Nəticədə bitki özünü müdafiə etmək üçün ya çiçəyini, ya da meyvəsini tökür. Bütün bunlar isə məhsuldarlığa təsir göstərir».
Məhsuldarlıq azaldığına görə bazarlarda təklif də azalıb. Təklif azaldığına görə qiymətlər də bahalaşıb. Bu, təbii bir prosesdir.
Xarici məhsulların yerli istehsala nisbətən ucuz olmasının səbəbinə gəlincə, mütəxəssis bunu aqrar sektora olan diqqətlə bağlayır: «Aqrar sektoru inkişaf etmiş ökələrdə bitkilərə xüsusi qulluq qaydası var, aqrotexniki qaydalara əməl edirlər. Torpağa lazımi həcmdə qida maddələri verirlər ki, bitki inkişaf etsin. Həşəratvericilərə, xəstəliklərə qarşı mübarizə metodlarından səmərəli formadan istifadə edirlər. Bu ölkələrdə fermerlər işlərini elə qurublar ki, hətta təbiət hadisələri onların məhsuldarlığına çox mənfi təsir göstərmir. Azərbaycanda kiçik həcmli bir yağıntı təsərrüfatları alt-üst edir. Ona görə də, mövsüm zamanı bazarlarda xarici məhsullar Azərbaycan məhsullarından ucuz başa gəlir».