Meymunların qiyamı
Ötən həftə diqqətimi çəkən bir çox hadisələr baş versə də, ikisi baş verdiyi məkanlarda elan olunanlarla heç cür uyuşmur. Məsələn, Putin gah batiskafla Baltik dənizinin dibinə enir, gah da Tuva vilayətində balığa gedib 23 kiloluq durna balığı tutur. Birini qoyub o birisinə keçim. Bu gün də oxudum ki, Belarus prezidenti Lukaşenko da vəcdə gələrək 30 kiloluq durna balığı tutub. Əl-qərəz, Putin prezidentliyinin kefini çıxartdığı bir zamanda ölkəsinin ən üzdə olan jurnalistlərindən biri, Rusiya televiziya akademiyasının ilk prezidenti Vladimir Pozner «Mən meymunlarla bir ölkədə yaşaya bilmərəm» deyib Fransaya mühacirət edir.
İkincisi də biz jurnalistlərə aiddir. Hamının başı Milli Jurnalistika gününə, daha doğrusu jurnalistlərə dövlət hədiyyəsi olan binadakı mənzillərin bölüşdürülməsinə qarışdığı bir vaxt xanım həmkarımız Aysel Əlizadənin «modern.az»dakı müraciətini oxudum. Yox-yox, o mənzil istəmirdi, əksinə, mənzilinin artırmasının abadlaşdırılma adıyla sökülməsindən gileylənirdi. Deyəcəksiniz ki, nə olsun, hamı necə o da elə. Guya başqalarınınkı artırma deyil — hamınınkını sökürlər. Elə olmağına elədir — düz deyirsiz, amma mənə təsir edən Aysel xanımın «Mənə ev-zad lazım deyil, eyvanıma toxunmayın» deyibən gəldiyi nəticədir:»Bizi bu ölkədə doğulmağımıza peşiman elədiniz, yazıqlar olsun»…
Müxtəlif ölkələrdə və birinin digərindən xəbəri olmadan deyilən iki, ancaq bənzər gerçəklikdən doğan və demək olar ki, eyni məna kəsb edən fikir. Pozner sözlərini ateist olması və insanın meymundan törəməsiylə izah edib deyir ki, həmvətənləri hələ inkişafda olsalar da, insan həddinə çatmamış meymunlardır. Onların nə vaxtsa adam olacaqlarına inansa da, buna ömrünün çatmayacağına daha çox əmindir. Metaforik mənada işlədilsə də, olduqca ağır sözlərdir, amma həqiqətdir.
Yadıma fransız yazıçısı Pyer Bulun «Meymunlar planeti» adlı fantastik romanı düşdü. Onu ilk dəfə uşaq vaxtı oxumuş və insanların halına acımışdım, istəmişdim ki, meymunlar meymun, insanlar da insan yerlərinə qayıtsınlar, çünki qorxmuşdum. Qorxmuşdum ki, birdən Pyer Bulun yazdıqları başımıza gələr… Amma onun əslində nə demək istədiyini, deyəsən, hələ də başa düşməmişəm.
Bu əsəri zaman-zaman dəfələrlə ekranlaşdırıblar, onun o qədər sikvel, trikvel və hətta rimeykləri var ki… Hər dəfə də Pyer Bulun ideyasına yeni-yeni çalarlar əlavə ediblər, amma ümumi fikir dəyişməz qalıb — meymunu insanın yerini tutmağa nə vadar edə bilər? Bütün bu, kino dili ilə desək, sikvel-prikvel-rimeyklərin məcmu süjetlərindən bir nəticə hasil olur — meymunların başına elə oyun açırlar ki, axırda beyinlərini işlədəsi olub qiyama qalxır, insanlardan qisas alır və daxilən özlərini hamıdan üstün sayırlar. Amma onların özlərinin də bilmədikləri bir acı həqiqət var — onlar yalnız təqlid edir, adamların etdiklərini təkrarlayırlar… Meymunlar insanlardan fərqli olaraq ixtiralar edə, yeni şeylər yarada bilmirlər… Və nəticədə dairə qapanır, tənəzzül başlayır və toplum özünə ölüm hökmü kəsir…
Nə isə, meymunlar qalsın meymunluğunda, qayıdaq yenə də özümüzə. Poznerinki gətirib, o Parisə köçə bilər, çünki doğulduğu ölkəyə qayıdır. Necə deyərlər, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Amma onun faciəsi də ondadır ki, vaxtilə atasının Rusiyadan nə üçün başını götürüb qaçdığını 78 yaşında anlayıb. Hər halda gec də olsa, səhvini başa düşüb. Bəs Aysel xanım və digərləri nə etsin? Bizki Azərbaycanda doğulmuşuq… İndi duraq insanlara nifrətmi edək?
[email protected]