Metro qatarları pilotsuz olacaq və platforma şüşə ilə ayrılacaq
Metropolitenin “Avtovağzal” stansiyasında qatarların hərəkəti üçün nəzərdə tutulmuş stansiya yolu platformadan xüsusi şüşə təbəqə ilə ayrılacaq. Platformada təhlükəsizlik qapıları adlandırılan bu qapılar stansiyanı qapalı tipli edəcək və bununla da sərnişin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək.
Bu, metropolitendə ilk dəfə platformanın mikroiqlim şəraitinin yaxşılaşdırılmasını da təmin etməyə kömək edəcək. Burada havalandırma və kondisionerləşdirilmə olacaq. Bundan əlavə, platformada səsli elanların daha keyfiyyətlə və aydın səslənməsinə şərait yaranacaq. Qatarın yaratdığı səs-küy minimum həddə endiriləcək, tuneldən gələn hava təzyiqinin qarşısı alınacaq. Bununla həm də qatarların hərəkət intervalının yaxşılaşdırılması mümkün olacaq. Bu isə gələcəkdə hərəkət edən qatarların pilotsuz hərəkətini təmin etməyə imkan verəcək.
“Avtovağzal” stansiyası təxminən 1 ilə təhvil veriləcək. Stansiya 356 metr uzunluğunda sahəni əhatə edəcək və 9 çıxışı olacaq. 18-20 metr dərinlikdə yerləşən stansiyada 20 eskalator quraşdırılacaq. Bu avadanlıqlar “Tüyssen Krupp”un məhsulu olacaq. Avtovağzaldan stansiyaya qədər məsafə böyük olduğundan, burada “Orinoko” adlanan travolatorların quraşdırılması nəzərdə tutulub. Eni 0, 8-1 metr olan bu qurğuların sürəti saniyədə 0,65 metrdir. İstismar müddəti isə 25 ilə çatır. “Avtovağzal”da bütün çıxışlar nəzərə alınaraq, uzunluğu 40-60 metr olan 8 belə maşın quraşdırılacaq. Bu avadanlıq enerjiyə qənaətli, səssiz-küysüz, olmaqla yanaşı, əlil və uşaq arabaları ilə hərəkət zamanı, yaşlılar, fiziki imkanları məhdud insanların rahatlığını təmin edəcək.
Böyük bir ərazini əhatə edəcək stansiyada digər çıxışlar Biləcəri qəsəbəsinə və Bakı-Sumqayıt şosesinin hər iki istiqamətini də nəzərdə tutacaq. Bütün çıxışlarda əlil, uşaq və müvafiq arabaların daşınması üçün panduslar nəzərdə tutulub.
Yeni xətlər 7 vaqon üçün nəzərdə tutulacaq. Buna görə də stansiyalarda platformanın uzunluğu əvvəlkindən 42 sm çox olacaq və 144 metr təşkil edəcək. Bütün yeni xətlərin əsas özəlliklərindən biri liftlərdir. Bu qurğular yalnız əlillər və fiziki qüsurlu insanlar üçün nəzərdə tutulacaq. Liftlər birbaşa stansiyanın platforma səviyyəsinə enəcək. “Sinerji” modelli liftlərin qalxma hündürlüyü 15,2 metr olacaq. Onlar 630-1150 kq yükü problemsiz daşıyacaqlar. Sürəti saniyədə 1 metr, istismar müddəti isə 25 ildir.