Muəllif:

MƏTBUATDA ETNİK KİMLİK ARAYIŞLARI

Cemal Paşa İttihat və Terakki Cəmiyyətinin liderlərindən biri, Bahriyye naziri, «3 Paşalar iqtidarı» (Tələt Paşa, Ənvər Paşa, Cemal Paşa) olaraq adlanan 1913-18-ci illər Osmanlı İmperatorluğunun ən önəmli şəxslərindən olub. 1922-də Tiflisdə Lalayan və Vartanyan tərəfindən qətlə yetirilib.
Hasan Cemal Cemal Paşanın oğul nəvəsidir, Türkiyənin ən tanınmış qəzet yazarlarından biridir, 10-a yaxın kitabın müəllifidir, solçudur, erməni soyqırımının tanınmasını istəyən aydınlardandır. O, 1981-92-ci illərdə sol təmayüllü «Cumhuriyet» qəzetinin Baş redaktoru olub, hal-hazırda isə «Milliyet» qəzetində köşə yazarıdır. «Cumhuriyet»in Moskvanın pulu ilə nəşr edildiyi haqda bir vaxtlar ciddi iddialar var idi. H.Cemalın kürd və erməni məsələlərinə baxışlarına görə onu demək olar ki, oxumuram. Amma bu yaxında cəhd edib onun 2 il əvvəl çıxmış «1915: Erməni Soyqırımı» kitabını (Everest yayınları, 2012) oxudum.
Kitab İstanbulda ermənicə nəşr olunan «Aqos» qəzetinin o vaxtkı Baş redaktoru Hrant Dinkin xatirəsinə ithaf olunub. Cemal Paşanın nəvəsi belə yazır kitabında:»Sevgili Hrant, bana bu kitabı yazdıran senin acındır, senin acılarındır». Ömrünün ahıl çağını hədər edib erməni təəssübkeşinə çevrilmiş H. Cemal bu kitabda Türkiyənin mətbuat tarixində önəmli yer tutan və uzun illər «Cumhuriyet» qəzetinin baş yazarı olan İlhan Selçukun (1925-2010) anasının erməni olduğunu və onun bu faktı uzun illər gizli tutduğunu yazır. H.Cemal, İlhan Selçukun niyə bunu gizli tutduğu haqda özü-özünə sual verir…
Məhşur televiziya jurnalisti və aparıcısı, yazar Mehmet Ali Birandın bu il yanvarın 17-də vəfatından sonra Hasan Cemal köşəsində («Milliyet» qəzeti, 23.01.13.) yenə bu mövzuya qayıdır, bu dəfə M.A. Birandın anasının kürd olduğunu yazaraq. Bunun gizli tutulduğunu və bu faktların günümüz Türkiyəsində sirr kimi saxlanılmasının səbəblərini araşdırır.
Əslində məqalədə araşdırma filan da yoxdur. Hasan Cemal oxuculara tarix dərsi «keçərək», humanizm, tolerantlıq pərdəsi altında ermənilərlə həmrəyliyini nümayiş etdirir. ASALA terroru ilə PKK terrorunu bəlkə də bir yerə qoya bilərsən, amma kürd problemi ilə erməni məsələsini bir eləmək ən azından naşılıqdır, öz əcəli ilə dünyasını dəyişmiş Birandla öldürülmüş Dinki müqayisə etmək yolverilməzdir.
Çox güman ki, kürd məsələsinin həlli yolunda, ən azından illərdir axan qanın dayandırılmasında yaxın zamanlarda ciddi addımlar atılacaqdır. Bu yolda hökümət gizli görüşlər keçirir. Tərəflər arasında bariz yumşalma siqnalları var. İndi bu ümidverici havanın içinə biriləri erməniləri də cəlb etmək istəyir. Qalxıb deyən də yoxdur ki, İlhan Selçukun anasının erməni olmasının kürd məsələsinə, PKK terroruna nə dəxli var…
Hasan Cemal demək istəyir ki, bu ölkədə etnik azlıqlar həqiqi kimlikləri ilə yaşaya bilməyiblər, onu gizli tutmağa məcbur qalıblar. Deyir ki, bu ölkədə erməni olmaq, kürd olmaq bir suç idi dünənə qədər, amma bunun səbəbini demir, 1915-ci ilə qədərki hadisələri, erməni dəstələrinin törətdikləri cinayətlərdən, vəhşiliklərdən bir kəlmə belə olsun söz etmir, dədəsi Cemal Paşanın məzardakı sümüklərinin necə sızıldadığını da düşünmür…
M.A.Birandın vəfatından sonra sosial mediada onun ermənipərəst olması haqda müxtəlif fikirlər səslənir, anasının etnik kökləri haqda fərziyyələr irəli sürülür. Anasının erməni olmadığı məlum oldu — Birand kitabında anasının kürd əsilli olduğunu açıqca yazıb. Zənnimcə, onun etnik kökləri heç önəmli də deyil. Lakin Birand Türkiyə üçün, türk mətbuatı üçün çox böyük işlər gördü. Cənazə mərasimində prezidentlə parlament sədrindən tutmuş ölkənin öndə gələn bir çox insanının iştirakı buna misaldır.
Yəqinlik hasil olsun deyə Birandın həyatındakı bəzi detallara diqqət edək. 30 yaşında ölkənin xaricdəki ilk müxbiri olaraq «Milliyet» qəzetini təmsilən Avropanın «paytaxtından» — Brüsseldən yazmağa başlayır, 1974-dəki Kipr hərbindən önəmli reportajlar hazırlayır, 1985-ci ildə TRT üçün 32-ci gün proqramı hazırlamağa başlayır və bu proqram 28 il — vəfat edənə qədər efirdən düşmür. 32-ci gün türk mətbuatı üçün bir məktəbə çevrilir, Can Dündar, Mithat Bereket, Çiğdem Anad, Ali Kırca, Deniz Arman, Cüneyt Özdemir, Rıdvan Akar, Musa Çözen kimi tanınmış jurnalistlər Birandın «şinelindən» çıxanlardır. Birand Türkiyənin modern standartlara cavab verən, qərb təfəkkürlü ilk jurnalisti idi, bəlkə elə buna görə də biz onu tam qəbul etməkdə çətinlik çəkdik.
Birandı şəxsən tanıyırdım, çox söhbətlərimiz, zaman-zaman mübahisələrimiz də olmuşdu. Onun ermənipərəst olduğunu deyə bilmərəm, amma Birand azərbaycanpərəst də deyildi. Birand türk xalqına Avropa dəyərlərini, Avropa demokratiyasını sevdirən insandır. Onun gözü Qərbdə idi, Şərqi yaxşı bilmirdi. Sevmədiyindən deyil, sadəcə ona maraqlı deyildi…
«Türk»ten boşalacak o zehirli kanın yerini dolduracak temiz kan, ermeni»nin Ermenistan»la kuracağı asil damarda mevcuttur» — bu sözlər Hrant Dinkə aiddir. Hasan Cemal ona ithaf etdiyi yuxarıda adı çəkilən kitabında Milan Kunderanın bu sözlərinə yer verib — «İNSANIN İQTADARLARA QARŞI MÜBARİZƏSİ YADDAŞIN UNUTQANLIĞA QARŞI MÜBARİZƏSİDİR». Cemal Paşanın nəvəsi özü dərk etmədən bu dərin mənalı sözləri necə iğtibas gətirə bilib?
Hasan Cemalın kitabını pul qazanmasın deyə satın almamış, birindən alıb oxumuşdum…

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 268