Muəllif:

Məryəm Ələkbərlinin Fransada fərdi sərgisi uğurlu olub

Fransanın Kalvodos regionunun Aşağı Normandiya departamentində, La Manş sahilində yerləşən Dovil şəhərində Məryəm Ələkbərlinin fərdi sərgisi açılmışdır. Tanınmış fransız aktrisa Jülyet Binoşun himayədarlığı ilə Dovilin məşhur «Royal Barryer» və «Normandi Barryer» otellərində Məryəmin 81 rəsm əsəri sərgiyə çıarılıb və məlumatlara görə, qısa bir vaxtda sakinlərin və şəhərin qonaqlarının böyük marağına səbəb olub.

Qeyd edilir ki, Dovil Qərbdə beynəlxalq sərgilərə və festivallara ev sahibliyi etməsi ilə tanınan məkandır. Bu baxımdan Amerika filmləri festivalı təşkilat komitəsinin və Lüsyen Barryer qrupunun təşkilatçılığı ilə gənc istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisinin bu şəhərdə keçirilməsi heç də təsadüfi sayılmır.

«Royal Barryer» otelində sərginin açılışı ilə bağlı təntənəli mərasimi açan Lüsyen Barryer qrupunun təmsilçisi Loran Russən gənc azərbaycanlı rəssam Məryəmin rəsm əsərlərindən ibarət sərginin 39-cu Amerika kino festivalının keçirildiyi bir vaxta təsadüf etdiyini demiş, istedadlı rəssamın əsərlərinin əsas qayəsindən danışmış, adlı-sanlı rəssamların onun işlərinə yüksək qiymət verdiyini xatırlatmışdır. Bildirilib ki, Məryəmin əsərlərində ecazkar təbiətin təsviri gənc rəssamın təbiətə vurğuluğundan xəbər verir.
Tədbirdə çıxış edən Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti Tahir Salahov gənc rəssamın əsərləri ilə çoxdan tanış olduğunu, Məryəmin özünəməxsus təkrarolunmaz yaradıcılığının məhsulu olan rəsm əsərlərindən ibarət sərginin Fransanın Dovil şəhərində təşkil edilməsindən məmnunluq hissi keçirdiyini vurğulayıb. T.Salahov Məryəm Ələkbərlinin müxtəlif vaxtlarda İtaliyada, Rusiyada və digər ölkələrdə nümayiş etdirilən sərgilərinin tamaşaçılarda doğurduğu böyük maraqdan danışıb. O, qeyd edib ki, Məryəmin əsərlərində dünyaya özünəməxsus baxışın olduğu açıq-aydın hiss edilir. Bu baxışdan irəli gələn dünyagörüşü rəssamın yaradıcılığında ifadə olunur. Bu da onun qəlbinin aynasıdır. Bu aynadan Məryəmin yaradıcılıq iradəsi, istedadı və bacarığı görünür. Gənc rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilib və həmişə də böyük uğurlar qazanıb.
Rəssamlıq sənətində orijinal yol tutduğunu, dünyanın müxtəlif rənglərini ağ kətana köçürən istedadlı rəssamın əsərlərinin əsas qayəsini təbiət təsvirləri, qadın portretləri və natürmortlar təşkil etdiyini diqqətə çatdıran T.Salahov Məryəmin əsərlərinin gələcəkdə də müəllifinə daha böyük uğurlar qazandıracağına əminliyini bildirib.
Məryəmin sərgisindən söhbət açan Dovil şəhərinin meri Filip Ojie deyib: «Hesab edirəm ki, Məryəm Ələkbərlinin rəsmləri həqiqi bir üslubdur. Bunu mənə gördüklərim deyir. Əlbəttə, hər bir rəssamı xarakterizə edən də onun üslubudur. Həmişə deyirlər ki, bugünkü rəssamlar keçmişdə yaşamış rəssamların davamçılarıdır. Gənc rəssamın əsərlərinə bu nöqteyi-nəzərdən qiymət verir və ona yaradıcılıq uğurları arzulayıram».
Tədbir iştirakçılarına Məryəmin dünyanın tanınmış incəsənət xadimləri ilə görüşlərindən və yaradıcılığından bəhs edən albom paylanmış, gənc rəssamın sərgisi barədə videoçarx nümayiş etdirilib.
Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, bələdiyyə idarəsinin rəsmiləri, tanınmış aktyorlar, şəhər ictimaiyyətinin təmsilçiləri, Məryəmin ailə fərdləri və digər qonaqlar iştirak ediblər.
Sonda Azərbaycan incəsənət ustalarının ifasında musiqi səslənib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197