Mərkəzdə metro st-ların 2-ci çıxışı olacaq
Bakı Metropoliteni mərkəzdəki stansiyaların ikinci çıxışının tikinti variantlarını nəzərdən keçirir
«Elmlər Akademiyası» st-nın ikinci çıxışının tikintisini 2014-cü ilin sonunda tamamlamaq planlaşdırılır. Bu barədə çərşənbə günü Trend-ə Bakı Metropolitenindən bildirilib.
«İşlər sürətlə aparılır və gələn ilin sonuna tikinti işlərini başa çatdırmağı planlaşdırırıq», — deyilib.
Bir çıxışı olan digər stansiyaların əlavə çıxışlarının tikintisi ilə bağlı suala toxunan mənbə bildirib ki, hazırda əlavə çıxışların yerləşə biləcəyi sahələrin axtarışı aparılır.
Onun sözlərinə görə, bu, «İçərişəhər», «Sahil» və «Nizami» stansiyalarına aiddir.
«Bu stansiyalar mərkəzdə yerləşdiyindən əlavə çıxışlar üçün yer tapmaq çox çətindir və indi bu məsələ ilə bağlı kəşfiyyat işləri aparılır, stansiyaların ikinci çıxışının olması yanğın təhlükəsizliyi nöqteyi-nəzərindən çox mühümdür», — mənbə qeyd edib.