Muəllif:

Mərdanovun suçu nə?!

Ankara
Təhsil naziri Misir Mərdanov işdən azad edildi. Prezidentin imzaladığı sərəncamda nazirin vəzifədən azad olunmasına heç bir səbəb göstərilmədi. Rəsmən hər hansı digər formada da cənab Mərdanovun işdən azad edilməsinin səbəbləri açıqlanmadı.
M.Mərdanovu çoxdan tanıyıram. Söhbət şəxsi tanışlıqdan getmir. Bu «xoşbəxtlik» mənə hələ ki nəsib olmayıb. Amma, necə deyərlər, igidin adını eşitmək kifayətdir. Üzünü görməsən də olar.
80-ci illərin əvvəlləri idi. Mən Universitetin jurnalistika fakültəsinin tələbəsi idim, M.Mərdanov isə ADU-nun ən hörmətli müəllimlərindən biri. Riyaziyyatçı olmadığım üçün onu bir alim kimi dəyərləndirə bilmərəm. Həm də o dövrün özünün Mirabbas Qasımov, Arif Babayev kimi dünya şöhrətli riyaziyyat korifeyləri vardı. Onların adı dillər əzbəri idi.
Misir Mərdanov da Universitetdə çox məşhur idi. O illərdə heç kim ADU və ya Azərbaycan Dövlət Universiteti demirdi. Çünki yalnız bir Universitetimiz vardı. Qalanları isə institut idi. İndi isə az qala hətta ən ucqar dağ kəndində belə bir universitet açılıb. Ən azından hər hansı bir universitetin filialı.
Yaşlı müəllimlərdən biri yarıgerçək, yarızarafat bizə, yəni azdan-çoxdan inandığı tələbələrinə maraqlı bir hadisə danışardı. Keçən əsrin 60-cı illərinin sonunda ali təhsil sisteminin vəziyyəti ilə bağlı Universitet müəllimləri arasında sorğu keçirilibmiş. Rusiya İmperiyası dövründə təhsil almış yaşlı professorlardan biri sorğudakı bütün suallara cavab verir. Yalnız birindən başqa. Həmin sualda da Çar Rusiyasında və Sovet İttifaqındakı ali təhsil sistemlərinin müqayisəsi və qiymətləndirilməsi xahiş olunubmuş. Dostları nədən bu sualı cavabsız qoyduğunu suruşanda isə yaşlı professor deyir:»Həqiqəti yaza bilməzdim, yalan deməyə isə vicdanım yol vermədi. Çar Rusiyasında ibtidai məktəblərə hamını qəbul edirdilər. Gimnaziya və seminariyalara isə ibtidai məktəbləri bitirənlərin ən istedadlıları daxil olurdu. Hamı gimnaziyanı bitirib universitetə girmək bacarığına və şücaətinə malik deyildi. Universiteti isə Lenin, Plexanov kimi dahilər bitirə bilirdi. İndi isə istədiyin hər hansı bir eşşəyi Universitetin qapısında buraxırsan, beş ildən sonra gəlib alim aparırsan».
Yenə də deyirəm söhbət keçən əsrin 60-cı illərindən gedir. Bunun bir rəvayət, yoxsa gerçək hadisə olduğunu belə bilmirəm. Amma bildiyim və inandığım bir həqiqət var. Bu gün valideynlərin əksəriyyəti sayı-hesabı bilinməyən universitetlərin qapısında nə nəyi və ya kimi qoyduğunu, nə də 4-5 ildən sonra nəyi və ya kimi aparacağını bilmir. Düşünürəm ki, övladlarına dərs deyənlərin əksəriyyətinin kimliyindən belə xəbərləri yoxdur. Əksər hallarda heç xəbərləri olmasa, daha yaxşıdır.
Nə isə qayıdım mətləbə. Uzun sözün qısası, 80-ci illərin əvvəlləri idi. Mən tələbə, Mərdanov isə Universitet müəllimi idi. Özü də çox hörmətli. Səbəbi də çox sadə idi. Sayı dəqiq yadımda deyil. Amma tələbə olduğum dövrdə M.Mərdanov ən azı iki il dalbadal Universitetin qəbul komissiyasına rəhbərlik etdi. Adı elə o vaxtlardan nədənsə dillər əzbəri oldu. Yəqin ki, çoxlarına əl tutdu, çoxlarının karına gəldi.
Yəni dediyim odur ki, alim kimi deyə bilmərəm, amma bir təşkilatçı və bürokrat kimi M.Mərdanovun bacarığı hələ 30 il öncə «lazımlı adamların» diqqətini cəlb etmişdi. Özü də söhbət sıradan bir «lazımlı adamın» deyil, Azərbaycan Kommunist Partiyası birinci katibi Kamran Bağırovun qardaşı, ADU-nun rektoru Faiq Bağırovun diqqətindən gedirdi. Onu deməliyəm ki, bu, yəni F.Bağırovun diqqətini özünə cəlb etmək, o qədər də asan iş deyildi. Sözümün canı odur ki, M.Mərdanov təhsil naziri vəzifəsində təsadüfi adam deyildi.
Türkiyədə ən azı son iki ildə evdar qadınlar arasında çox dəbdə olan bir serial nümayiş etdirilir. Adı da belədir — «Fatmagülün suçu nə?» Etiraf etməliyəm ki, bu serialın bir bölümünə belə baxmamışam. Adı da yalnız cəlbedici olduğu üçün reklamlardan yadımda qalıb. Deyilənə görə, melodramadır. Düşünürəm ki, M.Mərdanov üçün vəzifədən çıxarılması faciə sınırında olan şəxsi bir dramadır. Anarın «Evləri köndələn yar» tamaşasındakı keçmiş nazir müavini Şakir Şəkəroviç kimi işsiz, daha doğrusu, vəzifəsiz və nərddə dütdülü atdığı üçün təbrikə möhtac qalsaydı, doğrudan da faciə olardı.
Hər halda xidmətlərini nəzərə alıblar. Vəzifəsiz qoymayıblar. Elmlər Akademiyamızın Riyaziyyat İnstitutunun direktoru təyin olundu. Əvvəlki qədər olmasa da, amma yenə də kabinetinin qarşısında növbəyə düzülənlər olacaq.
Məni isə çoxlarını, hətta deyərdim ki, əhalimizin mütləq əksəriyyətini əsəbiləşdirəcək bir sual narahat edir. Özü də səmimi olaraq etiraf edirəm ki, yuxumu qaçırmış bu sualın cavabını tapa bilmirəm. Məni şirin yuxuya həsrət qoyan sual isə budur. Cənab Mərdanovun suçu nə? Bir sözlə, cənab Mərdanovun vəzifədən azad olunmasının səbəbini bilmək istəyirəm.
«Azadlıq» radiosunun müraciət etdiyi ekspertlər və siyasətçilər bu suala cavab verərkən fərqli fikirlər səsləndiriblər.
Təhsil eksperti Əlövsət Osmanlının fikrincə, Misir Mərdanovun bu sistemdən getməsi təhsil üçün uğurdur:
«Misir Mərdanov çalışdığı 15 il ərzində dağıdıcı təhsil naziri kimi tanınıb. İnsanların neçə nəslini təhsildən məhrum qoyub. Tədris planları, təhsil proqramları darmadağın edilib. Hazırda Azərbaycan təhsilinin məzunu sıfır dərəcədədir. Arzu edərdim ki, elə birinci iş təhsilin məzmunca qaldırılması olsun, islahatlar aparılsın. Çünki 1999-cu ildə gözəl bir islahat proqramı qəbul olunub, amma Misir Mərdanov bu islahatda deyilənlərin əksinə gedib».
Keçmiş təhsil naziri Firudin Cəlilov fərqli düşünür. Onun fikrincə, bu vəzifəyə kim gəlir-gəlsin, Azərbaycan təhsilinin problemini qısa müddətdə çözə bilməyəcək:
«Ümumiyyətlə, bu gün kimi təhsil naziri qoysan, bu sahədə hər hansı çevriliş mümkün deyil. Çünki bu rejim təhsili elə bir günə salıb ki, düzəlməsinə illərlə vaxt lazımdır. Məndən sonra rəhmətlik Lidiya Rəsulova nazir oldu. Çox gözəl bürokrat, təmiz adam idi, yaxşı da çalışırdı, amma təhsil sahəsində işləyə bilmədi.
Çox çətinliklər çəkdi, çünki təhsil sahəsində işləməmişdi, təhsilin problemlərini bilmirdi. Axırda öz ərizəsi ilə işdən çıxdı. Təhsil naziri olacaq adam, ilk növbədə, təhsili bilməlidir, əlində təhsillə bağlı konkret proqramı olmalıdır. Bundan başqa, ən vacib göstəricilərdən biri dövlətin özünün təhsillə bağlı proqramının olmasıdır. Gəl ki Azərbaycanda belə proqram yoxdur. Bu gün Misir Mərdanovun yerinə kim gəlsə, bu işləri apara bilməyəcək».
Düşünürəm ki, icra hakimiyyəti strukturunda elə vəzifələr var ki, onların sahibinə istənilən vaxt «ölüm hökmü» çıxarmaq olar. Təhsil naziri vəzifəsi də belələrindən biridir. Təhsil nazirindən hamı və həmişə narazıdır. Bu, bütün dövrlər və bütün ölkələr üçün keçərlidir.
Düşünürəm ki, ölkə əhalisinin mütləq əksəriyyəti M.Mərdanovun vəzifədən çıxarılmasına sevinir. Fikrimcə, əhalimizin mütləq əksəriyyəti M.Mərdanovu həm də gəlib-getmiş ən uğursuz təhsil nazirlərindən biri hesab edir. Mən də bu fikirlə şərikəm.
Lakin bizim nə düşündüyümüzün heç bir önəmi yoxdur. Çünki bizim nə düşündüyümüz «Mərdanovun suçu nə?» sualına cavab tapmaqda heç kimə yardımçı ola bilməz.
Məsələ ondadır ki, bizdən, yəni sıravi vətəndaşlardan fərqli olaraq, siyasi iqtidar M.Mərdanovu uğursuz nazir kimi dəyərləndirə bilməz. Cənab Mərdanov 15 il təhsil naziri oldu. 15 il bu dövlət məqamında oturmuş Mərdanovu siyasi iqtidar uğursuz nazir elan edə bilməz. Axı soruşarlar ki, 15 il nəyi gözləyirdiniz? Bir nazirin vəzifəsinin öhdəsindən gəlmədiyini aydınlaşdırmaq üçün 15 il lazımdır?
Bir sözlə, 15 il bu vəzifədə saxlanılan bir şəxs siyasi iqtidar üçün çox bacarıqlı və uğurlu nazir olmalıdir. Axı bacarıqsız və uğursuz bir şəxsin bilərəkdən 15 il təhsil naziri vəzifəsində saxlanıldığını düşünmək həm yolverilməz, həm də qorxuncdur. Bəziləri deyə bilərlər ki, «qan dəyişilməsinin», yəni kardların yeniləşməsinin, cavanların irəli çəkilməsi prosesinin şahidiyik. İnanmaq istərdim. Amma yenə də ağlıma batmır. Əvvəla, hökumətdə cənab Mərdanovdan da «qocaman» nazirlərimiz var.
İkincisi, lap hesab edək ki, bu, doğrudan da, nazirlər kabinetinin yeniləşdirilməsi prosesinin başlanğıcıdır. Amma bu halda başqa bir sual meydana çıxır: nədən belə tələsirdik? 15 il gözləmişdik. Prezident seçkilərinə qədər 6 ay gözləməyə nədən səbrimiz çatmadı? Axı Konstitusiyaya görə, altı ay, yəni prezident seçkilərindən sonra nazirlər kabineti tam tərkibdə istefa verməli və sonra yeni seçilmiş dövlət başçısı tərəfindən təzədən formalaşdırılmalıdır. Yəni altı ay sonra, siyasi iqtidarın fikrincə, cənab Mərdanov kimi bacarıqlı və uğurlu nazirdən belə, onun könlünə dəymədən, adamı dost-aşna yanında gözü kölgəli etmədən can qurtarmaq olardı. Sözsüz ki, «kabinetin yeniləşdirilməsi və cavanlaşdırılması naminə». Və bu qədər də söz-söhbət olmazdı. Ümumiyyətlə müasir dünyada qəbul olunmuş siyasi mədəniyyət normalarına görə, fövqəladə zərurət yaranmadığı halda növbəti seçkilər ərəfəsində heç kimi istefaya göndərmirlər. 15 ildən sonra birdən-birə belə bir fövqəladə zərurətin yaranmasının işarətini isə görmədik.
Bir sözlə, çox düşündüm. Amma nə fayda. Sualımın cavabını tapa bilmədim. Ən əcaibi odur ki, mənə cənab Mərdanovun suçunun nə olduğunu, onun nədən bu cür «gözlənilmədən» istefaya göndərildiyini izah belə etmədilər. Bu isə artıq mənim suçum. Çünki bu, o deməkdir ki, nə mən, nə də bu gün Mərdanovun istefaya göndərilməsinə sevinən milyonlardan heç biri hətta ən yüksək dövlət məqamlarında oturanların belə qarşısında hesabat verməli olduğu vətəndaş kimi özünü təsdiq etməyib.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 528