Muəllif:

Mənzillər bahadır, qiymətlərdə enmə — yayda olacaq

Son bir neçə aydır əmlak bazarında ciddi qiymət artımı müşahidə edilir. Bunu ipoteka kreditləri ilə əlaqələndirənlər var. Bəlli olduğu kimi, bu il dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün nəzərdə tutulan vəsaitin həcmi 2 dəfə artırılıb. Ümumilikdə isə 2013-cü ildə ipotekaya 100 milyon manat həcmində vəsaitin yönəldilməsi planlaşdırılıb.
“Əmlak Bazarı İştirakçıları” İB icraçı direktoru Ramil Osmanlı hesab edir ki, ipotekanın illik dövriyyəsi nə qədər ki, 100 milyon manatın ətrafında fırlanacaq, bu, ipoteka prosesinin yumşaldılması baxımından ciddi dəyişiklik yaratmayacaq:

“Bir neçə ay öncə sosial ipotekanın həcmi 35 min manatdan 50 min manata qaldırıldı. Ancaq bu, ipoteka prosesində fundamental dəyişikliyə gətirib çıxarmadı. Fikrimcə, ipoteka prosesində əsaslı dəyişiklik olması üçün ilk olaraq vətəndaşlardan alınan ilkin ödənişlər ləğv edilməli, əməkhaqqı ilə bağlı olan şərtlər minimuma endirilməli və ipotekanın ümumi həcminin artırılmasına təsir göstərən ciddi proqramlar işlənib hazırlanmalıdır. İpotekanın illik dövriyyəsi nə qədər ki, yüz milyonun ətrafında fırlanacaq, bu, bazarda ciddi dəyişikliyə şərait yaratmayacaq”.

Onların araşdırmasından bəlli olub ki, buna səbəb
təkrar mənzil bazarında baş verənlərdir:”Çünki, bahalaşma əsasən köhnə binalarda özünü göstərir. Belə ki, təkrar mənzil bazarında satışa çıxarılan evlərin sayı kəskin şəkildə azalıb və nəticədə qiymətlərdə artım baş verib”.

Ekspert vurğuladı ki, ipoteka şərtlərinin yumşaldılması fonunda bazara daha çox vəsaitin daxil olması mənzillərin qiymətini daha da artıracaq. Bu baxımdan da yumşaldılmış kredit şərtlərində vətəndaşlara ayrılan məbləğin həcmi də bazardakı mənzillərin həcminə uyğunlaşdırılmalıdır. Heç olmasa minimum rəqəm 75 min manata çatdırılmalıdır.
MBA Konsaltinq Şirkətinin rəhbəri, əmlak bazarı üzrə mütəxəssis Nüsrət İbrahimov bildirib ki, ölkədə ipoteka kreditləşməsi üçün nəzərdə tutulan vəsaitin artırılması qiymətlərə təsir göstərib. Onun sözlərinə görə, mövcud vəziyyət bu şəkildə davam edərsə, əmlak bazarında qiymətlər nəzarətdən çıxacaq:

«Müşahidələrimiz göstərir ki, bazarda 6-7 faiz artım var. Bu ondan irəli gəlir ki, bizim bazarın elastikliyi olmadığından zərbələrə davam gətirə bilmir. Yəni, elastiklik o deməkdir ki, bazarda pul kütləsi nə qədər çox olsa da, bu amil ümumi bazar mənzərinə ciddi təsir göstərmir. Necə ki, Avropa ölkələrində bazarda pul çoxdur, amma qiymət stabildir. Hətta Avropa ölkələrində ipoteka portfeli ümumi daxili məhsuldan dəfələrlə böyük olmasına baxmayaraq bu məsələ əmlak bazarına təsir göstərmir. Bu isə onu göstərir ki, artıq sözügedən ölkələrdə bazar oturuşub və pul kütləsinin artıb-azalması qiymətlərə təsir etmir».
Nüsrət İbrahimov habelə vurğulayıb ki, yalnız pul kütləsi azalandan sonra bazardan stabillik gözləmək mümkündür:

«Hazırda bazarda tələb də var, təklif də var. Ona görə də indi qiymətlərin düşəcəyini gözləmək olmaz. Bu yalnız pul kütləsi azalandan sonra mümkün ola biləcək. Yəqin ki, pul kütləsinin azalması yay aylarında baş verəcək».
İqtisadi Təşəbbüslərə Yardım İB eksperti Samir Əliyev isə hesab edir ki, bazarda pul kütləsinin həcmi artsa da, bu ipoteka bazarının canlanması üçün yetərli sayıla bilməz. Onun sözlərinə görə, bazarın canlanması üçün bu istiqamətə nəzərdə tutulan vəsaitlərin həcmi ən azı 10 dəfə artırılmalıdır:

«Düzdür, statistik məlumatlar ipoteka bazarında canlanmanın olduğunu göstərir. Bu, müvəqqətidir. Çünki ipoteka üçün nəzərdə tutulan vəsaitlərin həcmi tələblə tərs mütənasibdir. Yəni, bu gün ölkədə kifayət qədər mənzili olmayan insan var ki, onlar ipoteka ilə mənzil almaq istəsələr də, vəsait olmadığından istəklərini reallaşdıra bilmirlər. Hesab edirəm ki, bu il üçün ayrılan vəsaitlə ancaq may ayına kimi kredit vermək mümkün olacaq və ilin ortasında pul qurtaracaq. Çünki bizdə belə təcrübə olub və ilin əvvəlində ipoteka kreditləşməsinin həcminin sürətlə artması ilin ortasında vəsaitin qurtarması ilə nəticələnib».
Samir Əliyev hesab edir ki, hazırda əmlak bazarında artım müşahidə edilməsinə baxmayaraq bu proses uzun davam etməyəcək. Onun fikrincə, yay fəslinə doğru qiymətlərdə tədricən enmə müşahidə ediləcək ki, bu da bazara daxil olan pul kütləsinin azalmasından asılı olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 247