Mənzilin qiyməti bahalaşmaqda davam edəcək
Bu il Bakıda daşınmaz əmlakın qiyməti 5-6 faiz artacaq. Bunu cümə axşamı «Trend»ə «MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
«Bu il bazarda qiymət artımı davam edəcək. Dövlət qiymətin xeyli artmasının qarşısını almaq üçün, yəqin ki, müəyyən addımlar atacaq. Bu tədbirlər o cümlədən bazarda pul kütləsinin artım tempinin məhdudlaşdırılmasını da əhatə etməlidir. Ötən ilin sonuna inflyasiyanın artım tempinin azalması 2013-cü ildə daha aşağı inflyasiya gözləməyə imkan verir. Bundan başqa, son vaxtlar neft və qazın qiymətlərinin azalması müşahidə edilir. Bütün bu amillər daşınmaz əmlakın qiymətlərinin artmasını dayandırmalıdır», — İbrahimov qeyd edib.
Onun sözlərinə görə, torpaq bazarında qiymət azalmasını gözləmək olar. «Torpaq bazarında qiymət artımı gözlənilmir. Bunun üçün tikinti sektoru böhranadək olan dövrdə, yəni 2002-2007-ci illərdəki kimi fəal olmalıdır. Lakin bunun cari ildə baş verməsi gözlənilmir», — o bildirib.
Onun fikrincə, mənzil və kommersiya obyektlərində bahalaşma davam edəcək. «Mənzil bazarında 6-7 faiz artım gözlənilir, kommersiya obyektləri bazarında isə 2-3 faizdən çox artım olmayacaq. Ötən il mənzil bazarında nisbətən yüksək artım — 8,5 faiz artım (2012-ci ildə Bakıda mənzilin 1 kvadratmetri orta hesabla 1314 dollar, 2011-ci ildə isə 1214 dollar olub) qeydə alınıb», — İbrahimov vurğulayıb.