Muəllif:

Mənim əsirlikdən qaçışım

İstanbul

Uşaqlığımda məni ən çox «A bala, o televizorun önündə az otur, qalx, bir az da dərslərinə bax» sözləri ilə tənbeh edərdilər. Bu səhnə əksər ailələrdə yaşanırdı, dəftər-kitab, elm-irfan hər şeyin üstündə idi çünki. Zəmanə ilə bərabər «hədəflərin» də ünvanı dəyişdi. Övladlarım tələbəliklərini «O kompüteri bir gün aşağı atacam, dərsləriniz tökülüb qalıb» kimi hədə-qorxularımla keçirtdilər. İllər sonra növbə ailənin son beşiyinə çatanda ünvan yenə dəyişdi — «O əlindəkini alsam, divara vurub çilik-çilik edəcəm»…
Mobil texnologiyanın «ağıllanması» ilə smartfonlar həyatımızın ayrılmaz bir parçasına çevriliblər. Cib telefonlarının klassik özəlliklərinə bilgisayar dünyasının PDA (Personal Digital Assistant) özəllikləri əlavə edilincə Smart telefonlar sürətlə yayılmağa başladı. Sosioloqlar ağıllı texnologiyaların insan oğlunun həyat tərzini dəyişməklə qalmayıb, onun psixikasını da pozduğunu söyləyirlər.
Ovuc boyda bu texnoloji xariqələri nəinki televizorları, hətta bilgisayarlar, PC-lər, iPad kimi tabletləri belə ikinci plana atdılar. Mənim istifadə etdiyim mobil telefonların ikisi də (Android və iOS dəstəkli) bu qəbildən alətlərdir. İkisinə də o qədər şey yükləmişəm ki, dostum Muradın deyimi ilə, «içində rakı-balıq süfrəsindən başqa nə desən var».
Səhər telefonun alarmı ilə oyandığım üçün onlar gecələr başımın ucunda dururlar. Gecələr bir neçə dəfə gözümü açıb, yuxulu-yuxulu onlara baxmasam, rahat edəmmirdim. Filankəs nə twit atdı, face-də Putinin Bakı səfəri ilə bağlı nə yazırlar, Murad İnstagramda nə paylaşıb, «Ayna»dakı son yazıma nə komment yazıblar və s.
Rəsmən əsir olmuşdum. Və baxdım ki, hər işim bölünür bu gedişlə. «Dınq» — yeni mesaj gəldi «inbox»a, «dınq» — yeni «like», dalınca bibim qızı Moskvadan Viber-lə zəng vurur, pulsuzdur axı, düz bir saat danışacaq, əgər bacısı Tiflisdən girməsə araya. Yaxşı ki, Tangodan gələn başqa aramaya görə onlarla bitir danışığım. Vəziyyət çox açıq idi — yeni texnologiyalar mənə zərər verməyə başlamışdılar. Maşın sürəndə, iş otağımda, fitness salonunda, hətta yuxuda belə telefonlar ön plana çıxıb hər şeyə mane olurdular. Təsadüfən əlimə Jake Knapp haqqında bir yazı keçdi. Knapp mənim kimi texnoloji «xəstəsi» olmuş, amma sadə bir yolla qurtulmağı bacarmışdı.
4 günlük bayram tətilini fürsət bilib böyük ümidlərlə J.Knappın «qaçış planı»nı tətbiq eləməyə başladım. İlk etapda telefonlarımdan Facebook, Twitter, Google+, Skype, İnstagram, Tango, Viber, WhatsApp, Line, Odnoklassniki və b. applikasiyonları sildim, daha sonra isə brauzer və mail adreslərimi. Axşama yaxın hiss elədim ki, dizlərim «yanır» — məgərsə noutbukum 4-5 saatdır dizimin üstündədir. Smartfonlardan qurtulub «komp»un əsirinə çevrilirdim. Şarjı bitməsin deyə cərəyandan ayırmıram, birdən sönər. Sanki Pentaqonun nüvə başlıqlı ballistik raketləri mənim «qucağımdan» idarə olunur.
Nəhayət ki, bu gecə rahat yatacam deyə düşünürəm. Amma… Gecəyarısı ilk oyandığımda əllərim yuxulu-yuxulu telefonumu axtarır, lakin hər şeyi sildiyimdən saatdan başqa heç bir informasiya ala bilmirəm. İnformasiya istəyir canım, beynim xəbər istəyir. Bəziləri qalxıb gecə yemək axtarır, mən isə məlumat, kiçicik bir xəbər. Zülmdür xəbərsiz yuxuya dalmaq, acqarnına yatmaqdan daha zordur, inanın.
Səhərə yaxın yenə oyanıram. Qalxıb iPad-imi açsam? Amma azadlıq duyğusu ağır basır, son anda vaz keçirəm. Səhər əzanının mistik səsi ilə sabahı gözüaçıq açıram. Bayramın ikinci günüdür. Dünyadan bixəbərəm. Günah işləyirəm kimi bilgisayarı açıram. «Ohhhh, dünya varmış», tez maillərimi gözdən keçirirəm, facedəki dolub-daşan inbox mesajlarına baxıram. Adrenalin lazımdır, keçirəm hansısa xəbər portalına və qarşıma çıxan ilk xəbərdən şoka düşürəm — «GFK adlı araşdırma şirkətinin rəqəmlərinə görə, Türkiyədə smartfon satışlarındakı artış keçən illə müqayisədə 88 faiz (!) olmuşdur».
Netin Əsrarəngiz Əsarətinə geri dönürdüm. Sildiyim applikasyonlar Google Store-dan tək-tək geri gəlincə təzyiqim normala dönür, iştahım yerinə gəlir, üzüm gülür, gələcəyə inamım artırdı. Bibim qızı Viber-də Moskvada dazbaşların vəhşiliklərindən danışırdı ki, telefon 10 saatlıq mesaj susqunluğunu pozdu. Murad idi, Face-in inbox-na «Abi, dünən axşamdan itkin düşübsən, hər şey yolundamı?» yazmışdı.
Cavab yazmadım, çünki işlər yolunda deyildi — əsirlikdən qaçışım alınmamışdı.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 574