Mənəvi bakirəliyi qorumaq cəhdi
Ankara
«Gedən cismimdir, ruhum sizinlədir». Soruşa bilərsiz ki, «Nəsimi» filmindən hamımızın yaddaşına həkk olunmuş bu fəlsəfi fikirlə bu günümüzün gerçəkləri arasında nə əlaqə ola bilər. Amma var…
Əslində, bu günlərdə mənəvi cəhətdən çox ağrılı bir dönəmdən keçirəm. Bəlkə də ona görə ki, nə vaxtsa qarşılaşacağıma inanmaq istəmədiyim, amma qaçılmaz bir gerçəklə üz-üzə gəlirəm.
Markın «İncil»ində Yəhudanın (İudanın) adı üç dəfə çəkilir: birinci dəfə İsanın şagirdlərinin siyahısı veriləndə: «…və onu ələ verən Yəhuda İskaryot» (Mark 3:9); ikinci dəfə Pasxa bayramından iki gün əvvəlki hadisələr təsvir olunarkən: «On ikilərdən biri olan Yəhuda İskaryot baş kahinlərin yanına getdi ki, İsanı onların əlinə versin. Onlar da bunu eşitdikdə sevindilər və ona gümüş pul vəd etdilər. O da əlverişli vaxt gəzirdi ki, Onu ələ versin» (Mark 14:10-11); üçüncü dəfə Hofsiman bağındakı səhnənin təsviri zamanı: «Qalxın gedək; Budur, Məni ələ verən yaxınlaşdı. O, bu sözləri söyləyən zaman on ikilərdən biri olan Yəhuda, onunla bərabər baş kahinlər, qanunşünaslar və ağsaqqallardan ibarət böyük bir dəstə əllərində qılınc və payalar yaxınlaşdılar. Onu ələ verən onlara işarə verərək dedi: «Kimi öpsəm, həmin adam Odur, Onu tutun və ehtiyatla aparın». Gələn kimi Ona yaxınlaşıb: «Rabbi, Rabbi» dedi və Onu öpdü. Onlar Ona əl qaldırdılar və Onu tutdular».
Heç vaxt yadımdan çıxmaz. Çox istedadlı və mənim şəxsən bir qardaş kimi çox bağlandığım o dönəm üçün cavan sayılan müxalif ruhlu jurnalistlərdən biri müstəqil mətbuatı tərk edirdi. Hakimiyyətin nəzarəti altında olan kütləvi informasiya vasitələrinin birində ona böyük maaş və geniş imkanlar vəd etmişdilər.
Gəlib hamımızla halallaşdı. Əmin etdi ki, «gedən yalnız cismidir, ruhu bizimlə qalır». Bizi əmin etdi ki, ruhunu heç vaxt satın ala bilməyəcəklər. Heç vaxt ruhunu 30 gümüş sikkəyə satmayacaq.
Bunun çox çətin olacağını bilirdim. Cismini satandan sonra mənəvi bakirəliyini qorumaq çox çətindir, demək olar ki, qeyri-mümkündür. Amma inanmaq istədiyim üçün özümü inandırmışdım ki, o, ruhunun bakirəliyini qoruyacaq. Çünki o, istedadlı, gənc jurnalist mənim üçün bir həmkar, bir dost kimi çox əziz idi.
Ədalət naminə deməliyəm ki, mənim gənc dostum uzun müddət sözünün üstündə durdu. Ruhunu qoruyub saxlamaq üçün «qalmaqallı» mövzulardan uzaq qaçdı. Uzun illər qaçdı. Onun bizi cismən tərk etməsindən o qədər çox vaxt keçmişdi ki, həyatın hər üzünü görmüş mən belə möcüzə baş verəcəyinə inanmağa başlamışdım. İnanmağa başlamışdım ki, artıq gənclik dönəmini çoxdan keçmiş dostum ruhunu satmaq təhlükəsindən qurtula bilib. Cismən də olmasa, sonuna qədər ruhən bizimlə olacaq. Amma…
İndi içimdə dəhşətli bir ağrı var. Həm də elə bil ki, məni çox vacib bir dayaq nöqtəsindən məhrum ediblər.
Prezidenliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Milli Şuranın namizədi Cəmil Həsənlinin bəzi məsələlərə aydınlıq gətirməsini istəyib.
Gün. Az xəbər verir ki, prezidentliyə namizədlərin ikinci teledebatında iştirak edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi və İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov diqqəti C.Həsənlinin vaxtından əvvəl təqaüdə çıxmasının nə dərəcədə qanuni olub-olmamasına yönəldib:
«Cəmil Həsənli, siz, doğrudan da, əlilsinizmi? Bu məsələyə aydınlıq gətirin: siz, həqiqətən, əlilsiniz, yoxsa saxtakarlıq etmisiniz?»
YAP rəsmisi hakim partiyanın və fəaliyyətdə olan prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkədə bütün sahələr üzrə sürətli inkişaf getdiyini, vətəndaşların bu səyləri yüksək qiymətləndirərək, dövlət başçısını tam dəstəklədiklərini bildirib. Ə.Əhmədov əlavə edib ki, bu ikişafı görməyənlər, ola bilsin, linza taxıb və görmələrində problem var.
O, çıxışının davamında əlavə edib ki, burada korrupsiyaya görə utanmalı olan şəxs məhz C.Həsənlidir, ona görə ki, əvvəlki hakimiyyətdə təmsil olunaraq, ölkənin dağıdılmasında rolu olub. Yeri gəlmişkən, söhbət 48 min manatdan gedir.
Bir gün belə keçməmiş bir çox tanınmış və istedadlı qələmlər müxtəlif kütləvi informasiya vasitələrində YAP icra katibinin səsinə səs verdilər. Əslində bu yazıların mahiyyəti eyni idi. C.Həsənli ya cinayətkardır, ya da yalançı. Yəni, doğrudan da, qanuna zidd olaraq 48 min manatı mənimsəyibsə, cinayətkardır və cəzasını çəkməlidir. Əgər doğrudan xəstədirsə, yalançıdır, saxtakardır. Çünki prezidentlik bir işdir. Özü də çox ağır bir işdir. Millətə üzərinə düşən ağır vəzifələrin öhdəsindən gələ bilməyəcək prezident lazım deyil. Bu halda C.Həsənlinin özünü xalqa sırımaq cəhdi çox böyük saxtakarlıqdır, yalandır.
YAP icra katibinin səsinə səs verənlər arasında mənim üçün çox əziz olan o «gənc» jurnalistin səsi də vardı. Adı önəmli deyil. Vacib olanı onun mənim üçün olan mənəvi dəyəri idi. Yenə də deyə bilərsiniz ki, mən ədalətsizəm. Deyilənlərin hamısı həqiqətdirsə, burada ruhunu satmağın əlaməti belə yoxdur.
Birincisi, təxminən 3 il öncə Cəmil Həsənli çox ağır xəstə idi. Dostları, tanışları, o cümlədən bu sətirlərin müəllifi tanınmış tarixçi-alimin 2-3 ay belə yaşayacağına inanmırdılar. Artıq nəinki hərəkət etmək, hətta danışmaq onun üçün çətin idi. Dözülməz ağrılar keçirdiyi üzündə yazılmışdı. Bu, C.Həsənlinin xəstəliyi ilə bağlı həqiqət. Bu həqiqəti aydınlaşdırmaq o qədər də çətin deyildi.
İkincisi, söhbət ayda iki min, iki ildə toplam 48 min manatdan gedir. Çox böyük məbləğdir. Amma unuduruq ki, söhbət eyni zamanda Akademiyanın binasının qapısında keşik çəkən polis əməkdaşının universitet professorundan çox maaş aldığı bir Azərbaycandan gedir.
Üçüncüsü, söhbət ayda iki min, iki ildə toplam 48 min manatdan gedir. Çox böyük məbləğdir. Amma unuduruq ki, söhbət son illərdə, yəni müstəqillik dövründə Harvard Univesitetində iki monoqrafiyası çıxmış yeganə azərbaycanlı alimdən gedir. Dövlət özü belə insanlara layiqli həyat təmin etmək üçün imkanlar tapmalıdır.
Dördüncüsü, söhbət ayda iki min, iki ildə toplam 48 min manatdan gedir. Çox böyük məbləğdir. Amma unuduruq ki, yüz milyonları, bəlkə də milyardları çalıb-talayan bir hakim elitamız var. Əgər bu haqda yazmağa, onlardan hesabat tələb etməyə cəsarətimiz çatmırsa, C.Həsənlinin 48 mini haqqında danışmağa mənəvi haqqımız yoxdur.
Beşincisi, prezidentlik, doğrudan da, çox məsuliyyətli və çətin işdir. Amma prezidentlik üçün ideal sağlamlığın zəruri şərt olduğuna əmin deyiləm. Bunun üçün 2003-cü il prezident seçkiləri öncəsini yada salmaq kifayətdir. Tarixdən də misallar gətirmək olar. Məsələn, ABŞ prezidenti Ruzvelt. Əlildi. Ayağa dura bilmirdi. Amma ABŞ-ı II Dünya müharibəsindən nəinki qalib, hətta superdövlət kimi çıxara bildi. Düşünmürəm ki, XXI əsrin əvvəllərində Azərbaycan kimi bir dövlətə rahbərlik etmək daha ağır iş olsun.
Və nəhayət, altıncısı, prezidentlik, doğrudan da, çox məsuliyyətli və çətin işdir. Amma narahat olmağa dəyməz. Çünki Azərbaycanda seçkilər vasitəsi ilə hakimiyyətlərin dəyişməsi prinsipcə mümkün deyil. Hamıya gün kimi aydındır kı, söhbət yalnız hakimiyyətin özünübərpa prosesindəki formal prosedurların yerinə yetirilməsindən gedir. Yəni, nəticədə, seçicinin kimə səs verməsindən asılı olmayaraq, C.Həsənlinin prezident olmaq şansı sıfıra bərabərdir.
Bütün bu həqiqətləri mənim bir vaxtlar «gənc» dostum çox gözəl bilirdi.
Əslində onun hansı mövzuda yazmasının elə bir əhəmiyyəti də yoxdur. Konkret mövzu başqa da ola bilərdi. Mənim və o «gənci» tanıyanlar üçün ən ağrılısı onu itirməyimizdir. Uzun illərdən sonra cisminin ardınca həm bizim, həm də ən dəhşətlisi odur ki, özü üçün də ruhu itirilmiş oldu…
[email protected]