Muəllif:

Mənə teatrda «sərçə» deyirdilər

Tamaşaçı Akademik Milli Dram Teatrının aparıcı aktrisalarından olan Məsmə Aslanqızının ifasında Ağabəyim ağanı da görüb, “Kabuslar” tamaşasında 10 yaşlı uşağı da. lakin aktrisanı seriallarda görə bilmirik. Söhbətə də elə bu sualla başladıq:
— Bu, mənim özüm üçün də maraqlıdır. Əslində, kinoya çəkilməməyimin əsl səbəbi mənim utancaqlığımdır. Dəfələrlə filmlərin kastinqinə dəvət almışam, lakin utancaqlığımdan sınaq çəkilişlərinə qatılmamışam ki, birdən məni bəyənməzlər, pərt olaram. Amma televiziya tamaşalarında çox çəkilmişəm.

— Teatrda sizin barənizdə fərqli rəylər var. Özünüz aktrisa Məsmə Aslanqızını necə xarakterizə edərdiniz?

— Aktrisa Məsmə Aslanqızının ən birinci və zülmkar tənqidçisi elə özüməm. Misal üçün, «Köhnə ev» tamaşasının lent yazısı televiziya vasitəsilə nümayiş etdiriləndə mən baxmıram, çünki bu oyunumu heç bəyənmirəm. Ən çox bəyəndiyim rolum isə «Hamlet»də Ofeliya, «Qarabağnamə»də Ağabəyim ağadır. Bu rollar daxilən mənə çox yaxındır. «Körpüdən mənzərə» tamaşasındakı Ketrin rolumu da çox sevirəm. Heyf ki, bu tamaşa repertuardan çıxarıldı.

— Siz milli teatrın durğunluq illərində Akademik Milli Dram Teatrına qəbul olunmusunuz. O vaxtlar aktyorlar teatrda vaxtını daha çox bir-biri ilə dava-qırğında keçirirdi. Amma siz belə qalmaqallardan kənarda qalır, yetərincə rol alır, bu atmosferə davam gətirib irəli gedə bilirsiniz. Bunu necə bacardınız?

— Bəlkə də inanmayacaqsınız, amma teatra gələn gündən həmişə özümdən yaşca böyük sənətkarların diqqət və qayğısını hiss etmişəm. Heç kim mənə qarşı qalmaqala səbəb ola biləcək artıq kəlmə işlətməyib. Ola bilsin ki, arxamca danışıblar, amma bir kimsənin aqressiv münasibətini hiss etməmişəm. Nə vaxt məni görüblərsə, qucaqlayıb öpüblər. Mənə teatrda «Sərçə» deyirdilər. Mən özüm də hamıya hörmətlə yanaşmışam, bir kimsənin xətrinə dəyməmişəm.

— Hazırda aktrisalığın sizi narazı salan cəhətləri hansılardır?

— Bəzən kimlərsə deyirlər ki, özümü teatra qurban vermişəm, filan və s. Mən bu fikirlərdən uzağam. Bu sənətə gələn ilk gündən özümü teatr sənətinə qurban vermək fikrində olmamışam. Sadəcə, bu, mənim peşəmdir və başımı aşağı salıb öz işimlə məşğulam. Əgər xadimə də olsaydım, mənə ayrılan yeri elə təmizləyərdim ki, hər kəs işimdən məmnun qalsın. Mənə həvalə olan rolu böyük şövqlə, məhəbbətlə çatdırmağa çalışmışam. Bu bəzən alınıb, bəzən də ürəyim istədiyi kimi olmayıb. Buna görə də, bütün sahələrdə olduğu kimi, bu sənətin də ürəyimcə olan, yaxud narazı qaldığım məqamları olur. Çalışmışam ki, düşdüyüm mühitə uyğunlaşım, lakin haqsızlıqla üzləşəndə üsyan etməkdən çəkinmirəm. Heç vaxt sözümü ürəyimdə saxlamıram, birbaşa deyirəm…

— Müəyyən müddət teatrda bəzi akyorlar arasında müxtəlif söz-söhbətlər, narazılıqlar baş qaldırmışdı. O vaxt demək olar ki, hamı danışdı, amma sizin səsinizi eşitmədik.

— Bəli, mən bu müddət ərzində içimdəki hirsimi cilovlamağı bacardım. Təbii ki, bu məsələdə mənim də xətrimə dəyən məqamlar oldu. Vallah, biz heç kəsi qısqanmırıq. Sadəcə, hamı bilməlidir ki, teatrın ağır günlərini biz çiynimizdə daşımışıq, onda kimsə gəlib bizə dəstək olmadı. Biz teatrın ağır günlərində onu atmadıq. Yadıma gəlir, vaxt vardı teatrın damı deşik-deşik idi, yağış yağanda başımıza damırdı. «Burla xatun» tamaşasında mənim səhnədə oturduğum yerə su yuxarıdın şırıltı ilə tökülürdü. 2 saat yarım mən suyun altında oynamışam. Soyuqdan tir-tir əsirdim. Biz belə şəraitdə oynayırdıq. Ondan bəri hələ də böyrəklərimi müalicə etdirirəm. Və bu gün teatrımız əsaslı təmir olunub, çox gözəl şərait yaradılıb, müştərisi də çoxalıb. Qoy olsun, amma biz teatra ilk dəfə gələndə özümüzdən əvvəl gələnlərə hörmətlə yanaşdığımız kimi, bizdən sonrakılar da bizə hörmət etsinlər. Əksinə, biz teatra təzə aktrisa gələndə öz otaqlarımızda onlara yer vermişik, rejissora yalvarmışıq ki, filan aktrisanı mənə dublyor ver, o da tamaşalarda oynasın. Mənim təzə gələn aktrisaların içərisində ən çox sevdiyim Natavan Hacıyeva idi. Təəssüf ki, o bizim teatrda çalışmaq istəmədi. Fuad Poladov onu Rus Dram Teatrından dəvət etmişdi ki, «Boy çiçəyi» tamaşasında tərəf-müqabili olsun. Məni də ona dublyor vermişdilər. O, getdiyi üçün bu rolu mən təkcə oynamalı oldum.

— Aktrisa olmağın peşmanlığını nə vaxtsa çəkmisinizmi?

— Mən bu barədə heç vaxt danışmamışam… Aktrisalığım mənim indiyədək ailə qurmamağıma səbəb olub.

— Nişanlı olduğunuzu deyirlər…

— Gəlin bu barədə danışmayaq.

— Bayaq dediniz ki, özümü teatra qurban vermərəm. Baxmayaraq ki, ağır günlərində teatrı atmamısınız, böyrəklərinizi xəstələndirmisiniz…

— Mən bu gün də o insana görə sənətimi ata bilərəm…

— Bir çox aktyorla səhnədə tərəf-müqabil olmusunuz. Kiminlə oynamaq sizin üçün çox rahatdır, sizə zövq verir?

— Mən Yaşar Nuri və Fuad Poladovla tərəf-müqabil olmaqdan çox həzz almışam. Lakin elə aktyorlar da var ki, onlarla tərəf-müqabil olanda bezirəm. Replikaları gəlməsə, ağızlarını açmırlar. Belələrini mən «slovoyed» adlandırıram.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 473