Muəllif:

«Mən sevirəm, amma Leyli kimi yox»

Lalə Məmmədova artıq Opera və Balet Teatrında «Leyli və Məcnun»un əsas qəhrəmanıdır. Deyir ki, indi səhv edib, sonra onu düzəltməyə çalışan çılğın bir qız yaşında deyil. Ötən illərdən bəri çox şeylər dəyişib. Əvvəllər səhv etməyə yaşı çatırdısa, indi səhv etmək hüququ azalıb. Qorxur ki, illər boyu sənətində topladıqları bir səhv ucbatından məhv ola bilər. Sənət işləri öz yerində, bir pedaqoq olaraq ingilis dilindən dərs deyir. Soruşuruq: Onda ingiliscə necə deyərdiniz: «Bu şou-biznes ki var, çox qəliz məsələdir»? (gülür) …This show business is very difficult matter.
— Bəs bu qəliz mühitdə baş çıxara bilirsiniz?
— Nəyə görə şou-biznes deyəndə pis şeyləri nəzərdə tuturlar? Mən əgər bu gün yaradıcılığımla pul qazanıramsa, deməli, mən şou-biznesdəyəm və təəssüf ki, qazanc yerimiz yalnız toylardır. Arzu edərdim ki, sivil ölkələrdəki kimi, bizim də qazanc mənbəyimiz konsertlər, buraxdığımız albomlar, televiziya çıxışlarımız olsun.
— Atalar deyiblər ki, iki qoçun başı bir qazanda qaynamaz. Şou-biznesi bir qazana bənzətsək, görün orada neçə qoçun başı bir yerdə qaynayır?
— Çoxdur… (gülür) Mən deyərdim, şou-biznesdə qoçlar çoxdur, amma onların başları bir qazanda qaynadığı üçün də bişən yeməyin dadı tamaşaçını qane etmir.
— Od olmayan yerdən, doğrudan, tüstü çıxmır?
— Düz fikirdir. Heç vaxt elə-belə tüstü çıxmaz. Səbəbsiz heç nə olmur.
— Özünüz haqda bu günədək hansı xoşagəlməz şayiə eşitdiniz?
— Təzə ailə qurmuşdum. Bir gün qəzetdə oxudum ki, guya mən həyat yoldaşımla dalaşmışam və qayınanam məni qəbul eləmir. Bu xəbəri oxuyanda ailəlikcə çox güldük. Mən çox gözəl anlayıram ki, çoxları inana bilmirlər ki, sənət adamının həyatında hər şey yolunda gedə bilər.
— Əvvəl məşhurlaşmaq asan idi, yoxsa indi?
— Məşhurlaşmaq əvvəllər daha çətin idi. Əgər kifayət qədər istedadın, normal repertuarın yox idisə, səni efirə və radioya buraxmazdılar. Amma bu gün televiziya və radiolarda kommersiya saatları var ki, həmin vaxtlarda pulun varsa, keyfiyyətsiz mahnın və ifanla efirdə səslənə və görünə bilərsən. Ona görə də əgər pulun varsa, «məşhur» ola bilərsən.
— Bəs gənclər tanınmaq üçün hansı üsullardan istifadə etməlidirlər?
— Əgər istedadı varsa, hər zaman öz üzərində çalışmalı, intellektini artırmalıdır. Yox, əgər istedadı yetərincə deyilsə, o zaman peşəsini dəyişməlidir.
— Qadın həmkarlarınızla bir araya gələndə kim özünü daha çox dartır, kim isə hər zamankı kimi sadədir?
— Mən özünü dartan, göylə aparan heç bir həmkarımı görmürəm. Yaşından, başından asılı olmayaraq, kimsə mənim yanımda özünü göylə aparanda mən onun kompleksli olduğunu düşünürəm.
— Sənət adamlarında sevmədiyiniz özəllik nədir?
— Bilirsiniz, nəyi bəyənmirəm? Efirdə bir cür danışıb, kimlərəsə «həyat fəlsəfəsi» dərsini keçən, özünü örnək göstərən, adi həyatda isə dediklərinə tam zidd həyat tərzi sürənləri sevmirəm. Bir də yaşından, sənətindən asılı olmayaraq, hansısa sənətçi hansısa verilişdə və ya saytda çıxıb geyiminin brendindən danışanda çox qıcıqlanıram, ürəyim sıxılır. Mənə elə gəlir ki, o insan bu brendi heç vaxt görməyib və indi görüb, insanlara nümayiş etdirir ki, mən brend geyinirəm.
— Lalə Məmmədova bu gün konsert versə, zalı tam doldura bilər?
— Mən hər zaman deyirdim ki, mən özüm heç vaxt konsert verməyəcəm, yalnız təklif gəlsə, edərəm. Elə alındı ki, Rəşid Behbudov adına Mahnı Teatrının solisti seçildim və onlar mənə konsert təklifi etdilər. İnşallah, bu ilin sonunadək iki günlük konsertim nəzərdə tutulur. Amma tarixi hələ dəqiqləşməyib. O ki qaldı zalın dolmasına, mən çox rahatam. «Leyli və Məcnun» tamaşasını oynayanda üç gün ərzində bütün biletlər satıldı. Hər kəs məndən bilet istəyirdi. Elə bilirdilər, biletləri mən paylayıram. Utandığımdan telefon nömrəmi də dəyişmişdim. Onda əmin oldum ki, məni sevənlər çoxdur və mən bilet satışından zərrə qədər də narahat deyiləm.
— Açıq etiraf edə bilərsiniz, kimlə rəqabət aparırsınız?
— Mən hamını özümə rəqib bilirəm. İstəyir, yeni olsun, istəyir illərdir sənətdə olsun. Amma yaxşı mənada. Bu, düşmənçilik deyil, sağlam rəqabətdir. Kim deyirsə ki, mənim rəqibim yoxdur, düz deyil.
— Ailə qurmaq sizin hansı planlarınızı yarımçıq qoyub?
— Heç bir planım ürəyimdə qalmayıb. Mən 8 ildir ailəliyəm və bu günədək sənətimdə bir dəqiqə belə fasilə verməmişəm. Mənim ən böyük dəstəkçim elə yoldaşımdır. Yoldaşım kimi məni bu qədər tanıyan ikinci bir prodüser olmayıb, olmayacaq da.
— Qızınız bacısız, qardaşsızmı böyüyəcək?
— Qızım çox istəyir (gülür). Elə mən də yenidən ana olmaq istəyirəm. İstəmirəm, qızım tək böyüsün. İnşallah, Allah nə vaxt qismət etsə, o vaxt da olar.
— Şou-biznesdə ən gözəl qadın həmkarınız kimdir?
— Mən əgər plastik gözəlliyə üstünlük versəydim, sizin gördüyünüz Lalədən qat-qat gözəl olardım. Amma mən təbiiliyi sevirəm. Əlbəttə, yaş özünü göstərəndə nələrəsə əl atmaq olar, amma çərçivədən çıxmamaq şərtilə. Bu günədək istəsəydim, burnumu, bədənimi korreksiya etdirərdim, amma Allah verənlə kifayətlənirəm. O gün disk almaq üçün mağazaya girmişdim, rəflərə baxıb gördüm ki, disklərin üstündəki müəllif rəsmləri hamısı bir-birinə oxşayır. Qabarıq dodaqlar, kəsilmiş burunlar, hədəqədən çıxmış qaşlar. Haradasa ürəyim ağrıdı onlara. O vaxtın gözəl aktrisaları vardı ki, heç bir plastik əməliyyat keçirmədən gözəl qala biliblər. Məsələn, Leyla Bədirbəyli, Nəcibə Məlikova…
— Leylini mükəmməl oynadınız, həyatda da Lalə Leyli kimi sevir?
— Mən sevməsəydim, heç vaxt ailə qurmazdım. Qaldı ki Leylinin sevgisi, elə sevmək hələ heç kimə nəsib olmayıb. O sevgi nakam sevgidir, fəlsəfi və ilahi sevgidir. Mən sevirəm, amma boynuma alım ki, Leyli kimi yox.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 305