Məmur jurnalistə dərs deyəndə
Son günlərin diqqətimi çəkən xəbəri Metropoliten rəisi, adı media mənsubları ilə qalmaqallarda, məhkəmə çəkişmələrində tez-tez hallanan Tağı Əhmədov ilə jurnalist arasında «popuqay söhbəti» oldu. Rəisi haldan çıxaran jurnalistin ona hər həftə açıqladığı cavablara rəğmən eyni sualı təkrarlaması olmuşdu. Media şivən qoparmışdı: «Sən bizə popuqay dedin!..». Türkcəmizdə yəni tutuquşu… Tağı Əhmədov dərhal özünümüdafiə silahını işə salmışdı:»Mən popuqay özümə dedim. Popuqay pis quş deyil ki! Bezmişəm eyni sözləri təkrarlamaqdan. Başqa sualınız yoxdur? Yoxdursa sual düşünüb tap, altı aydan bir zəng elə soruş. Mən də cavab verim».
Etiraf edək ki, doğrudan da qəliz psixoloji situasiyadır. Adama hər görəndə eyni sualı versələr, dəli olar da. Yaxşı ki, Tağı müəllim hövsələli adammış, popuqay bənzətməsi o anda ağlına gəlib. Boynuma alıram, əgər mənə hər dəfə eyni sualı versəydilər, tamam başqa — ondan çox-çox qəliz söz eşidərdilər. Axı hər görəndə eyni suallar adamı dolamaq kimi çıxır.
Tağı Əhmədovun bu olayından bir az əvvəl mən də təəccüblənmişdim. İşimlə bağlı informasiya axınını izləyərkən az qala günaşırı Metropoliten rəisinin stansiyaların tikilməsi barədə izahlarına rast gəlirdim. Bu kişidən soruşulası başqa bir məsələ yoxdurmu — deyə düşünmüşdüm. Və Tağı Əhmədovun dözməyib hirsini püskürməsi…
«Popuqay söhbəti»
Niyə belə olur? Niyə jurnalistlər mətbuat səhifələrinə çıxardıqları yazılarına görə, məmurlar tərəfindən vaxtaşırı məhkəməyə verilir, hər dəfə də uduzan media orqanı olur, böyük pullar ödəmək lazım gəlir? Onları məhkəməyə verən məmurmu təqsirkardır, yoxsa yazdığını sübut etməkdə aciz olan, qəzeti, əməkdaşları ziyana salan, sonra da təqiblər, təzyiqlər barədə fəryad qoparan müəllifmi?
Mən özüm də praktikamızda, onlarca dəfə zaldan sarsaq suallar verildiyinin (özəlliklə də əcnəbi diplomatlara) şahidi olmuş, buna görə onların yerinə utanmışam. Redaksiyaların mətbuat konfranslarına bir qayda olaraq peşəkarlıq səviyyəsi aşağı olan əməkdaşları göndərdiyi də gözümdən qaçmayıb. Onlar da bax belə yarıdır.
Elə məqamlara toxunmaq olmazdımı ki, Tağı Əhmədov, özü demişkən, «çaşıb qalsın, düşünməyə məcbur olsun»? İstər çox böyük problemləri olan metronu — gün ərzində 350 min insanın istifadə etdiyi «ən tez» nəqliyyat vasitəsini götürək, istər ölkənin siyasi, iqtisadi, mədəni, hərbi həyatının digər sahələrini. Diqqət yetirilməli məsələlər azmıdır? Oğul istəyir bunları araşdırıb üzə çıxarsın — və məhkəməyə verilmək üçün əl yeri qoymasın. Bizim media bu səviyyəyə çatıbmı? Hər dəfə Tağı Əhmədova eyni sualları verən, təbii ki, artıq neçə dəfələrlə deyilmiş cavabları eşitməli olan «jurnalist»lərdən cəmiyyət üçün vacib olan bu məsələlərin peşəkarlıqla ictimailəşdiriləcəyini gözləyə bilərikmi?
Jurnalist verdiyi suala görə sualın verildiyi ünvan, məsələn, Tağı Əhmədov tərəfindən ən yaxşı halda istehzaya, yaxud ən pis halda məsxərəyə qoyulursa, deməli «payını» almış olur. Əgər yazdığı yazıya görə, məhkəmədə uduzur və böyük təzminat ödəməli olursa, deməli, məmur ona üstəlik yaxşıca, onun bir də yaddan çıxarmayacağı «dərs» vermiş olur. Bütün bu kimi hallarla qarşılaşmamağın yolları var. Birinci halda, bu mənə görə — intellektual səviyyə və peşə hazırlığıdır. İkinci halda isə — sözü təkzibedilməz dəlillər əsasında demək və ifadə tərzində məhkəmə perspektivinə əl yeri qoymamaq bacarıcıdır.
Bəlkə bir çevrilib özümüzə, öz səviyyəmizə də baxaq? İndi XXI yüzildir və ölkəmiz son dərəcə həssas bir dönəmin ağrılarını yaşayır. Və bu ağrı-acılardan xilas olmasında bizim — medianın da daşıdığı missiya var.
[email protected]
Aynanın yeni köşə rubrikasından.