Muəllif:

Memarlıq Müsabiqəsinə 15 ölkədən 150 layihə təqdim olunub

I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsində (Baku International Architectural Award-2013) iştirak üçün qeydiyyat müddəti artıq yekunlaşıb. Şəhərsalma və memarlıq həllərinin inkişafı və həyata keçirilməsi, binaların və tikililərin daha mənalı layihələndirilməsi, kompozisiya, həcm-məkan həllərinin axtarışı üçün yeni ideyaların aşkara çıxarılması, o cümlədən maksimal müxtəlifliyə nail olmaq üçün konstruktiv ideyaların həyata keçirilməsi məqsədilə elan edilən müsabiqəyə 15 ölkədən müxtəlif layihələr təqdim olunub. Azərbaycan Memarlıq İttifaqının məsul katibi Elçin Əliyev «APA-Economics»ə bildirib ki, müsabiqəyə azərbaycanlı memarlarla yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Fransa, Cənubi Afrika, Çili, Meksika, Avstraliya və digər ölkələrdən layihələr təqdim olunub.

E.Əliyev əlavə edib ki, müsabiqə çərçivəsində quruma ümumilikdə 150 layihə daxil olub. Müsabiqənin yekun nəticələri noyabrın 2-də elan ediləcək.

Qeyd edək ki, I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi «İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə», «Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə», «Həyata keçirilmiş ən yaxşı interyer», «Həyata keçirilməmiş ən yaxşı layihə», «Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə», «Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə», «Memarlıq sahəsində ən yaxşı nəşr» nominasiyaları üzrə keçirilir.

Müsabiqə qaliblərinə mükafat fondu təşkilatçılar tərəfindən 52 500 manat məbləğində müəyyən edilib. Layihələrə görə təqdim olunacaq mükafatların həcmi 1-4 min manat arasında dəyişəcək. Müsabiqənin beynəlxalq münsiflər heyətinə Mişel Barmaki (Beynəlxalq Memarlar İttifaqının baş katibi, Livan), Elbəy Qasımzadə (Azərbaycan Memarlar İttifaqı), Vassilis Sgoutas (BMİ-nin sabit prezidenti, Yunanıstan), Tomas Vonier (BMİ-nin vitse-prezidenti, ABŞ) və Hayder Ali (BMİ-nin vitse-prezidenti, Sudan) daxildir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182