Muəllif:

Məleykə Abbaszadə: TQDK açıq siyasət aparır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası attestat qiymətlərini Təhsil Nazirliyinə təqdim edib. «Bu sahədə komissiyanın apardığı siyasət açıqdır». Bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bu il buraxılış imtahanlarında «2» qiymət alan məzunların qəbul imtahanlarında göstərdikləri nəticələrə əsasən gözlənilənləri doğruldub-doğrultmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
M.Abbaszadə bildirib ki, həm Təhsil Nazirliyi, həm də TQDK bu istiqamətdə araşdırmalar aparır: «128 nəfər attestat imtahanında bir fəndən «iki» qiyməti alıb. Məsələn, orta məktəb şagirdlərindən biri qəbul imtahanında 500 baldan yuxarı nəticə göstərmişdi. Buraxılış imtahanında ana dilindən «5» qiymət alsa da, riyaziyyatdan yeddi suala cavab verərək «iki» qiyməti almışdı. Qalan fənlərdən isə 90-95 faiz müsbət nəticə göstərmişdi».
TQDK sədri onu da vurğulayıb ki, III qrup üzrə imtahan verən 30 min abituriyentin arasında bu yeganə belə misaldır. Onun sözlərinə görə, həmin 128 abituriyentin 50-yə yaxını qabiliyyət tələb edən ixtisaslara qəbul olunublar: «Onlar 100 baldan aşağı nəticə göstəriblər. Onlar buraxılış imtahanlarında «2» qiymət alıb, 100 baldan aşağı nəticə göstərərək qabiliyyət tələb edən müvafiq ixtisaslara qəbul olunublar. Qalanları isə 150-200 bal arasında nəticə göstəriblər. Bu da təbiidir. Ümumilikdə imtahanda iştirak edən 60 min məzundan 128 nəfəri elə də böyük rəqəm deyil». Abbaszadə onu da bildirib ki, builki qəbul imtahanlarında əldə olunan nəticələr əvvəlcədən gözlənilirdi.
TQDK Bakı şəhər Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramovun komissiyanın ünvanına səsləndirdiyi fikirlərə aydınlıq gətirib. O deyib ki, bununla əlaqədar olaraq komissiya öz münasibətini bildirib. Bu gün Məhəmməd Bayramovun fikri ilə əlaqədar yeni bir fikir söyləmək istəmədiyini deyən M.Abbaszadə vurğulayıb ki, hər il elmi-metodik seminarlar təşkil edilir və burada mütəxəssislər bütün nəticələri müzakirə edirlər.
Onun sözlərinə görə, qəbul imtahanlarının məzmunu pedaqoji ictimaiyyətin iştirakı ilə formalaşır: «Bu prosesdə həm orta məktəb, həm ali məktəb müəllimləri, həm də alimlər iştirak edirlər. Bu nəticələri əldə etmək üçün xüsusi statistik nəticələri də həmin seminara təqdim edirik. Hələ ki, bu il üçün statistik nəticələri seminara təqdim etməmişik deyə, bu fikrə hansısa yeni bir münasibət bildirməyi özümə rəva bilmirəm».
M.Abbaszadə qeyd edib ki, bu məsələ ilə bağlı cəmiyyəti heç nə çaşdırmır və hər şey aydındır. Onun fikrincə, proqramlar yanvar ayında çap olunaraq ictimaiyyətə təqdim olunur: «Proqramlar çap olunanda model testləri də təqdim edirik. Yanvardan ictimaiyyətə imkan veririk ki, təqdim olunan proqram, model testlərə öz fikirlərini bildirsinlər. Bundan sonra sınaq imtahanları keçirilir və bunların nəticələrini də aşkar səviyyədə ictimaiyyətə təqdim edirik. Builki qəbul imtahanlarında da əldə olunan nəticələr əvvəlcədən gözlənilən nəticələr idi».
TQDK sədri onu da vurğulayıb ki, ali əktəblər üçün vakant yerlərə dair qəbul planı, plan yerlərinin sayı TQDK tərəfindən təsdiqlənmir. Bütün təkliflər Prezident yanında Təhsil Komissiyasında toplanır. O, bunu Komissiyanın sədri Məleykə Abbaszadə təhsil naziri Mikayıl Cabbarovun «Qəbul planı ali məktəblərin muxtariyyətini məhdudlaşdırır» fikrinə münasibət bildirərkən deyib. O bildirib ki, həmin təkliflər əvvəlcə Təhsil Nazirliyi və Nazirlər Kabinetinə də təqdim olunur.
TQDK sədrinin sözlərinə görə, bu təkliflərə dair müxtəlif nazirliklər — İqtisadi İnkişaf, Maliyyə nazirlikləri də öz fikirlərini bildirirlər: «Çünki ali məktəblərin imkanları və digər parametrləri əsasında bu məsələlər müzakirə edilir. Həmin planlar və vakant yerlərin say tərkibi isə Prezident yanında Təhsil Komissiyası tərəfindən təsdiq edildikdən sonra icrası üçün komissiyaya təqdim olunur».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 262