Muəllif:

Məktub yetişmədi…

Ötən həftə 1news.az saytında bir qrup ziyalının, o cümlədən KİV redaktorunun prezident İlham Əliyevə məktubu dərc olunmuşdu. Müraciət müəllifləri dövlət başçısına Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmağı və ölkənin xarici siyasət prioritetlərini dəyişməyi təklif edirdilər.
Məktub, əlbəttə, təsadüfən ortaya çıxmamışdı. Vilnüs sammitinə kimin dəvət edilib, kimin çağırılmadığı barədə mübahisələrin qızğın vaxtıdır. Bəziləri narazılıq bildirirlər: niyə Lukaşenko sammitdən kənar qoyulur, idarəçilik üsullarına görə beynəlxalq təşkilatlar tərəfindən az qala Belorusiya prezidenti qədər tənqidə məruz qalan Əliyevsə belə mötəbər tədbirə dəvət alır? ATƏT-in «pis» qiymət verdiyi seçkilərdən sonra bu sual daha tez-tez səsləndirilir. Yəni Avropa Birliyinin rəhbərliyinə Azərbaycan prezidentini sammitə dəvət etmək məsələsinə yenidən baxmaq üçün təzyiq göstərilir.
Məktubun iqtidara loyal münasibətdə olan saytda yerləşdirilməsi onun mənbə və məqsədi barədə təsəvvür yaradır. Müraciətin mətni də tipik hökumət məntiqinin təzahürüdür: orada belə hesab edirlər ki, demokratiya və insan hüquqları sahəsində islahatlar bizim özümüzdən çox, Avropaya lazımdır və Qərb bu cür tələblərdən ölkəmizə təzyiq məqsədi ilə istifadə edir. Maraqlıdır ki, Rusiyanın rəsmi dairələrində də eyni düşüncə tərzi hökm sürür.
Hakim siyasi elitanın müəyyən qismi və onun ətrafında «yemlənən» təbəqə üçün Avropaya real inteqrasiya — yəni islahatların həyata keçirilməsi — enerji ehtiyatları da daxil olmaqla resurslar üzərində monopoliyanın itirilməsi deməkdir. Haqqında bəhs etdiyimiz məktub buna qarşı müqavimət göstərən həmin dairələrin maraqlarını əks etdirir.
Müraciət müəlliflərinin birbaşa demək istədikləri budur: biz Avropanın enerji təhlükəsizliyini təmin edirik, onlarsa hələ bizdən əlavə nəsə istəyirlər. Əslində məktubda Azərbaycanın nəyə görə Avropadan imtina etməli olduğunu az-çox əsaslandırmaq üçün heç bir ciddi arqument tapa bilməzsiniz. Amma açıq-aşkar eyham, bəlkə də hədə görə bilərsiniz: bizə avtoritar üsullarla idarə etməyə, monopoliyamızı saxlamağa imkan vermək istəməsəniz, üzümüzü Rusiyaya tərəf döndərərik. Bu isə Azərbaycanın maraqların toqquşdurulması üzərində qurulmuş və illərdir davam etdirilən xarici siyasət manevrinin yalnızca daha bir təzahürüdür.
Bütün bunlar əhalinin Avropaya inteqrasiya meyillərinin sürətlə artması fonunda baş verir. Sorğular göstərir ki, son bir il ərzində avrointeqrasiya tərəfdarlarının sayı 42%-dən 60%-ə yüksəlib, yəni qısa müddətdə təxminən 20% çoxalıb. Odur ki, müraciət müəlliflərinin çağırışına bənzər «rəsmi sifarişlər» cəmiyyətdə getdikcə daha qeyri-təbii və ictimai rəyə zidd qiymətləndiriləcək.
Bundan başqa, deməliyəm ki, belə çağırışlar həm də qeyri-səmimi səslənir. Bəllidir ki, bir çox məmurların Avropada bahalı mülkiyyəti, biznesi, bank hesabları var, hətta Bakıda vəzifədə ola-ola Qərbdə yaşayanlar da az deyil. Bu mənada «Avropaya inteqrasiya» problemini hakim elita özü üçün artıq həll edib.
Mahiyyət etibarı ilə məktub «Azərbaycanda pis seçkilər»in mümkün nəticələrinə qabaqlayıcı rəsmi reaksiya xarakteri daşıyır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 542