Məktəbli Playstation oynamaq üstündə kiçik qardaşını öldürdü
İyulun 3-də, axşam saatlarında Xaçmazın Hülövlü kəndində 15 yaşlı Nizam Nizamovla qardaşı 17 yaşlı Tamerlan Nizamov dalaşıb. Dava zamanı Tamerlan özündən 2 yaş kiçik olan qardaşına 5 bıçaq vurub. Bu zaman onları ayırmağa çalışan atası 68 yaşlı Eynulla Nizamovun da əl nayihəsinə 1 bıçaq zərbəsi vuraraq qaçıb.
Nəticədə 14 yaşlı Nizam elə hadisə yerində keçinib. Eynulla Nizamova isə Xaçmaz rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb.
Hadisəni törədən Tamerlan Nizamov uzun müddətdir özünə qapanıb. Tez-tez qardaşların arasında mübahisə, əlbəyaxa dava olub. Hadisənin necə baş verdiyinə gəldikdə, qardaşlar Playstation oynamaq üstündə dalaşıb. Mübahisəni sözlə həll edə bilməyən böyük qardaş bıçağa əl atıb. Hər iki qardaşın 2-ci qrup əlil və ruhi xəstə kimi qeydiyyatda olduğu bildirilir.
Bu əməli ilə Tamerlan Nizamov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunub. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə həm məhrumun, həm də təqsirləndirilən şəxsin atası olan Eynulla Nizamov ifadə verməyib. Konstitusiya Məhkəməsi haqqında qanuna görə, zərərçəkmiş və yaxud şahid təqsirləndirilən şəxslə qohum olduğu halda ifadə verməkdən imtina edə bilər. Eynulla Nizamov da bu hüququndan istifadə edib və məhkəmədə ifadə verməkdən imtina edib. Buna görə də məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib. O, ifadəsində təqsirləndirilən oğlundan şikayətçi olmayıb.
Daha sonra məhkəmə iclasında təqsirləndirilən şəxsin sinif rəhbəri olmuş Eyyub Abdullayev ifadə verib. O, bildirib ki, Hülövlü kənd orta məktəbində müəllim işləyir. Onun sözlərinə görə, məktəbdə müəllim işləməklə yanaşı təqsirləndirilən şəxsin sinif rəhbəri olub. O, qeyd edib ki, Tamerlan Nizamov məktəbdə sakit oğlan olub: “Tamerlan bir qədər dərslərində zəif idi. Buna görə də 2 almışdı”.
Eyyub Abdullayev daha sonra qeyd edib ki, baş verən cinayət hadisəsi yerində olmayıb. Onun sözlərinə görə, cinayətin baş verməsini kənd sakinlərindən eşidib. Mərhuma da dərs dediyini qeyd edən Eyyub Abdullayev əlavə edib ki, Nizam Nizamov da zəif oxuyan şagirdlərdən olub. Onun sözlərinə görə, Nizamov qardaşlarının hər iki məktəbdə davranışları yaxşı olub.
Xaçmaz rayon Polis şöbəsinin sahə müvəkkili Ədalət Əsgərov bildirib ki, polis şöbəsinin növbətçi hissəsinə Hülövlü kəndində iki qardaşın arasında yaranan mübahisə ilə bağlı cinayətin törədilməsi barədə məlumat daxil olub: “Bizdə məlumat əsasında həmin kəndə getdik. Orada bizə məlum oldu ki, Tamerlan özündən kiçik qardaşını qətlə yetirib. Bildirdilər ki, o, qardaşı Nizama kompüter oyunu oynamaq üstündə 5 bıçaq zərbəsi vurub. Tamerlan qardaşını bıçaqlayandan sonra qorxuya düşüb və qaçaraq gizlənib. Həmin vaxt Tamerlanı axtarsaq da, tapa bilmədik. Bundan sonra Tamerlanın tapılması üçün qohumları ilə danışıqlar apardıq. Bildirdik ki, gizlənməyin yeri yoxdur, təslim olsun”.
Sahə müvəkkili daha sonra qeyd edib ki, hadisədən bir gün sonra kənd ərazisində yenidən axtarışları davam etdiriblər: “Mən Tamerlanı üzündən tanımırdım. Buna görə də şəkilini özüm ilə götürmüşdüm. Avtomobil ilə hərəkət edən zaman yolun kənarında dayanan bir oğlan bizim olduğumuz maşına əl etdi. Bizdə olan şəkildən onu Tamerlana oxşatdım. Avtomobili saxlayandan sonra həmin oğlan bizə yaxınlaşdı. O, özünü təqdim etdi və bildirdi ki, qardaşını qətlə yetirən Tamerlandır. Ondan cinayətdə istifadə olunan bıçağı soruşduq. Həmin bıçağın cibində olduğunu bildirdi və daha sonra çıxardaraq bizə təhvil verdi. Tamerlan bıçağı təhvil verəndə bildirdi ki, bu bıçaqla qardaşımı qətlə yetirmişəm. Onu da əlavə etdi ki, qardaşını əsəbləşdiyi üçün vurub”.
Ədalət Əsgərov bildirib ki, həm təqsirləndirilən, həm də mərhum kənd arasında çox az hallarda görünüblər. Hər iki qardaşın daim evdə olduqlarını deyən sahə müvəkkili bildirib ki, Nizamov qardaşları çöldə-bayırda gəzən uşaqlardan olmayıblar. Ədalət Əsgərovun sözlərinə görə, Tamerlan cinayətin törədən zaman atasının evdə yatmış olduğunu deyib: “Tamerlan bildirib ki, atası onun qardaşı ilə mübahisəsinə gəlib. Bu zaman artıq cinayət baş verib”.
Məhkəmə iclası oktyabrın 29-da davam etdiriləcək. Onu da əlavə edək ki, qətlə yetirilən şəxs yaşasaydı 9-cu sinifdə, onu qətlə yetirən Tamerlan Nizamov isə 11-ci sinifdə oxuyacaqdı.