Muəllif:

Mehriban Əfəndi sürrealistlərin Lissabon sərgisinə yollanır

Bu yaxınlarda Lissabonda “Surrealizm — bu gün” adlı bir cərgi açılacaq və orada Mehriban Əfəndi də təmsil olunacaq. Bu rəssam öz sözünü sürrealizm üslubunda deməyə çalışır və indiyədək bir neçə beynəlxalq sərgidə surrealist rəssam kimi təmsil olunub. Azərbaycanlı rəssam 2010-cu ildən təşkilat komitəsinin təşəbbüsü ilə bu layihəyə qatılır. Mehriban Əfəndi həm də Beynəlxalq Redians mükafatı laureatıdır. Onunla söhbətə rəssamlığa marağın mənbəyini öyrənməklə başladıq:

— Ailədən başladı demək də olar. Bu genetikadan gəlir, çünki qohumlarımız da rəssam olub. Ancaq bu, vergidir və mən buna görə ilk öncə Allaha minnətdaram. Sonra isə mənə tərbiyə verən, gözəlliyi görməyi və dəyərləndirməyi öyrədən valideynlərimə.

Sizə tam səmimi deyim ki, qeyri-adi hissləri mən 5 yaşında ikən meditativ hiss formasında, sanki kainatın səsini eşidən kimi öz dünyama qəbul etmişəm. Bundan 2 il sonra 7 yaşından etibarən aldığım informasiyaları kağıza köçürməyə, yəni dayanmadan şəkil çəkməyə başlamışam.

Ailəmizdə anamın ilk illərdə mənim rəssam olmağıma narazılığı ilə üzləşmişəm və onun razılığını aldığım vaxtdan bu sənəti peşəkar dərəcədə öyrənməyə başlamışam. Nəslimizdə 3 yaradıcı insan var ki, onlar Azərbaycanın fəxrləridir. Bunlar Əlisəttar Atakişiyev — kinorejissor-rəssam, Lətif Feyzullayev — rəssam, bəstəkar — Tofiq Quliyevdir. Atam tikinti sahəsində məşhur mühəndis Cavanşir Əfəndiyevdir. O, Bakının bir çox görkəmli binalarının, körpülərin və hətta sirkin binasının inşa edib.

— Bu günə qədər neçə sənət əsərinin müəllifisiniz?

— 50-dən çox. Mən həm rəssam kimi, həm də Azərbaycanın bir çox filmlərinin geyim rəssamı və quruluşçu rəssamı kimi fəaliyyət göstərirəm. Bunlar arasında Rasim Ocaqovun “Otel otağı”, Hüseyn Mehdiyevin “Özgə vaxt”, “Məkanın melodiyası” filmləri, “Hacı Qara” filmi, “Qırmızı qatar” və s. filmlər var. “Absurdistan” filmi də bunlardandır. Geyim rəssamı işim bu filmə 3 beynəlxalq mükafat gətirib. 2008-ci ildə Almaniyanın ən yaxşı geyim rəssamı adına namizəd olmuşam. 2010-cu ildə “Cinema and costume of Moulins” film festivalında bu filmə Fransada ən yaxşı geyimə görə 1-ci yer verildi. Həmin il bu filmə Makedoniyada “Scopja of Macedonia” film festivalında da geyimə görə I yer verildi.

Rəssam kimi bir çox beynəlxalq sərgilərin iştirakçısıyam və əsərlərim bir çox ölkələrdə kolleksiyalardadır. Məşhur Amerika yazıçısı bu yaxınlarda ABŞ-da ekranlaşdırılan “Hunger Games” filminin ssenaristi, bestseller yazıçı Suzanna Kolinsin favorit hesab etdiyi sənət adamları sırasında adım sadalanıb və mənim yaradıcılığıma yüksək rəy yazılıb. 2010-cu ildə Bolqarıstanda keçirilən beynəlxalq müsabiqənin laureatıyam. Azərbaycanda əsərlərimi Azərbaycan Mədəniyyət Nazirliyinin muzey mərkəzinin, Müasir incəsənət qalereyasının sərgilərində görmək olar.

— Bildiyim qədərilə bir neçə gün sonra Portuqaliyada Azərbaycanı təmsil edəcəksiniz. Bu haqda danışmağınızı istərdim.

— Bu layihə 2010-cu ildə Portuqaliyanın Bissaya Barreto fondunun təşəbbüsü və layihənin kuratoru, rəssam Santiaqo Ribeyronun başçılığı ilə keçirilən, dünya üzrə yaşayıb yaradan peşəkar surrealist rəssamların tapılıb bir araya gətirilərək, böyük bir sərginin Portuqaliyada açılışı ilə birlikdə təkan alıb. Layihə “Surrealizm — bu gün” başlığı altında gedir və mən də burada 2010-cu ildə onların dəvəti ilə qatılmışam. O zamandan indiyədək Azərbaycanı onların keçirdiyi beynəlxalq sərgilərdə surrealist rəssam kimi təmsil edirəm. Bu proyekt ümumdünya xarakteri alıb və Avropanın bir çox ölkələrində sərgilənib.

Hazırda surrealizm Lissabonda daha çox ölkələrin qatılması ilə geniş vüsət alıb və CA qalereyasında 10 apreldən başlayaraq mayın 6-dək 27 rəssamın əsərlərinin nümayişi ilə keçiriləcək. Səyahət edən bu sərgi artıq Fransadan da dəvət alıb. Layihənin 2010-cu ildə 56 rəssam və 31 ölkənin nümayəndəsi ilə yaradılan qurumunun iştirakçılarına daimi olaraq Portuqaliyada pulsuz tarixi bir bina yeri və qalereya ayrılıb. Bu bina əsərlərimizi sərgiləmək üçün nəzərdə tutulub.

— Rəssamlara yaradılan şərait sizi qane edirmi?

— Bizim dövlətin incəsənətə olan diqqətini dəstəkləyirəm. Xalqımızın çox müasir və incə zövqə malik olduğu tarixən xalçalarımızda, əl işlərində, ipək parça istehsalında, qədim ornamentlərdə və miniatür rəsm sənətində, hətta ilkin rəssamlıq örnəyi sayıla biləcək
Qobustan qayaüstü rəsmlərində də görünür. Muğam kimi mistik bir musiqisi olan xalqın övladı olmağımla fəxr edirəm və vətənimin adını hər zaman yüksəklərə qaldırmaq və ölkəm naminə çalışmaq mənə həzz verir.

— Bu sənətdə ən böyük hədəfiniz nədir?

— Ən böyük hədəfim daim yaradıcılığım ilə dünyaya və insanlara gözəllik aşılamaq və mistik anlamların, həqiqətin açıqlanmasıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 289