Mehmanxanalarda qiymətlər ucuzlaşacaq
Otellərə ulduzların verilməsi ilə bağlı 7 il əvvəl qəbul edilən qaydalarda bir sıra dəyişiklik edilib. Əvvəlki qaydalarda 150-dək meyar var idisə, yeni standartlarda 300-dək şərt əksini tapıb. Bu rəqəm isə yeni standartlarda müəyyən incəliklərin nəzərə alındığını deməyə əsas verir.
Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, hazırda yeni standartlara görə ulduz kateqoriyasına görə minimal tələblər irəli sürülür. Bu standartlar üzrə aparılan işlər turistlərə xidmət keyfiyyətinin yüksəldilməsi, rəqabətin artırılması, digər məsələləri nəzərdə tutur.
Mütəxəssislər deyir ki, yeni standartların tətbiqində xidmətin keyfiyyətinə xüsusi ilə diqqət edilməlidir. Çünki bir çoxlarında hələ də xidmət səviyyəsi aşağıdır. 10 il öncə 5 ulduz səviyyəsi almış otel hazırda həmin səviyyəni saxlayırsa, heç 3 ulduz da deyil. Turizmdə də xidmət səviyyəsi artırılmalı, otellərdə isə qiymətləri bir qədər aşağı salınmalıdır.
Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, yeni qaydaların tətbiqindən sonra mehmanxanalarda xidmətin keyfiyyəti artacaq, eyni zamanda, qiymətlər xeyli ucuzlaşacaq. Çünki, 7 il əvvəl 5 ulduz alan otel yeni qaydalara görə 3 ulduz kateqoriyası ala bilər ki, bu zaman qiymət də buna müvafiq olaraq ucuzlaşacaq.
Son 2 ildə dünyada otellərə ulduz verilərkən ən kiçik detallara diqqət yetirilir. Məsələn, mehmanxana otaqlarında dəsmalların rəngi, hətta yataq dəstlərinin keyfiyyəti nəzərə alınır. Azərbaycanda tətbiq ediləcək yeni qaydalar da bu kimi şərtlər əsasında veriləcək. Belə ki, ulduza müvafiq olaraq otel otaqlarının sahəsi, hətta su çəninin tutumu kimi məsələlərə nəzər yetiriləcək. Nazirlikdən onu da dedilər ki, yeni standartların tətbiqi ilə bağlı yerində qiymətləndirmə aparmaq üçün proqram təminatı da artıq hazırlanıb.