Muəllif:

Məhkəmələr futbol meydançası, əmanətçilər — futbol topu…

Texnikabank Bakı filialında əmanətləri batan bir qrup şəxs prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Mehriban Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edib.
Əmanətləri batan şikayətçilər müraciətin bir nüsxəsini bizə də göndəriblər. Müraciətində deyilir:
“Məlumat üçün bildirək ki, 2005-2008-ci illərdə alın tərimizlə qazandığımız və gələcəyimizi təminatı olan bütün pul vəsaitlərimizi, cüzi də olsa mənfəət əldə etmək üçün qanuna uyğun Texnikabank Bakı filialına 12 faizlə əmanət şəkilində depozitlə qoymuşuq. Bank rəhbərliyi tərəfindən cinayət hadisəsi baş vermiş əmanətə qoyduğumuz pullarımız bank filialının rəhbəri Zal Yusifov, digər şəxslər, eləcə də bank əməkdaşları tərəfindən mənimsənildiyi üçün cinayət məsuliyyətinə cəlb olunaraq müxtəlif cəzalara məhkum ediliblər. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən “Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delik) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçilərin vurduğu zərərin əvəzini ödəməlidir”. Yəni bir qayda olaraq cinayət nəticəsində bizə vurulmuş zərəri hüquqi şəxs olan Texnikabank ödəməlidir. Sadə həlli olan bu məsələ 5 ildir həllini heç bir əsas olmadan tapmır. Cinayət işinə baxan Ağır Cinayətlər və Bakı Apelyasiya Məhkəmələri, Texnikabankın indiki rəhbərliyi göstərilən qanun normasına əməl etmək istəmir, əmanətçilərin qarşısında bank öhdəliyinin yerinə yetirilməsinə hər çür əsası olmayan bəhanələrlə imkan vermirlər. Hətta Ali Məhkəmənin sədri Ramiz Rzayevin bu işə aid təqdimatı və Ali Məhkəmənin Cinayət Kollegiyasının yuxarıda qeyd olunan qanun normasına əsasən mübahisəsinin həll edilməsi ilə bağlı 1(102)-531/2011 saylı cinayət işi üzrə qəbul etdiyi 15 noyabr 2011-ci il tarxili və digər qərarları Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasında hakim Rizvan Səfərov tərəfindən təmin olunmayıb. Hadisələr göstərir ki, məhkəmələr futbol meydançasına, əmanətçilər isə futbol topuna bənzəyir. Bankın mənafeyini qanunsuz qorumaq istiqamətində məhkəmələrə təsir göstərilir. Artiq heç bir şübhə yoxdur ki, banka aid hakimiyyətin çox yüksək rütbələrində yer tutmuş insanlar problemin qanun çərçivəsində həllinə böyük maneə yaradırlar. Bu insanlar dərk edə bilmir ki, qanunsuzluq heç vaxt fayda verməyəcək, mübarizəmiz sona qədər davam etdiriləcəkdir. Açıq-aşkar Avropa Məhkəməsinə müraciət etməyimizə qarşı müvəqqəti olsa da səd qoyulub”.
Şikayətçilər müraciətlərində daha sonra qeyd ediblər ki, məqsədləri ədalətsizliyin qarşısının alınmasına yardımçı olmağını prezidentdən xahiş edirlər: “Səbrimiz tükənib, mənəvi iztirablarımızın həddi-hüdudu qalmayıb. Bir də xahişimiz odur ki, ya qanunun aliliyi təmin olunsun və ya məhkəmələrin qəbul etdiyi qanunsuz qərarlar absurd olsa da, qüvvədə saxlanılsın ki, ədalətli Avropa Məhkəməsində axtara bilərik. İndiki mərhələdə ümidimizi sizə bağlayırıq. İnanırıq ki, başımıza gətirilən bu müsibətlərin həlli də sizin əlinizdədir. Artıq dərəcədə xahiş edirik ki, müstəsna səlahiyyətlərinizdən istifadə edərək bizi bank və məhkəmə özbaşınalığından qurtarasınız. Istəyimiz isə birdir, halal pullarımızı “Texnikabank” qeyd şərtsiz ödəsin”.
Qeyd edək ki, Texnikabank Bakı filialının sabiq rəhbəri Zal Yusifov və filialın əməkdaşları Vüqar Behbudov, İslam Yusifov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 müştərinin banka qoyduğu təxminən 38 mln. manat pulu mənimsəyiblər.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, Vüqar Behbudov isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Zal Yusifovun oğlu İslam Yusifov isə məhkəmə zalında tutularaq 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan digər təqsirləndirilənlər barəsində isə məhkəmə şərti azadlıqdan məhrum olunma cəzası təyin edib. Məhkəmə qərarında, həmçinin vətəndaşlara dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi tələb olunub. Həmin hökmdən verilən apelyasiya şikayətləri isə təmin olunmayıb.
Bundan sonra Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edilib. Ali Məhkəmə isə əvvəlki instansiya məhkəməsinin zərərçəkmişlərə zərərin ödənilməsi barədə olan hissəsini ləğv edərək işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib. Lakin Bakı Apelyasiya Məhkəməsi zərərçəkmişlərə zərərin ödənilməsi ilə bağlı şikayəti yenidən təmin etməyiblər. Hazırda zərərçəkmişlər Ali Məhkəməyə yenidən kasasiya şikayəti hazırlayırlar.
Xatırladaq ki, Texnikabank Müşahidə Şurasının sədri Etibar Əliyev və daha 25 nəfərin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilir. Prosesin getdiyi bir vaxtda Etibar Əliyev xəstələnib. Buna görə də məhkəmə Etibar Əliyevin barəsində olan cinayət işini ayrıca icraata götürüb və xəstəliyi sağalana qədər cinayət işi dayandırılıb…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 234