Məhkəmələr aksiyaçılara həbs və cərimə qərarları çıxardı
Dünən Bakıda əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyada saxlananlarla bağlı məhkəmələrdən həbs və cərimə qərarları çıxıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə AXCP üzvü Elvin Baycan, Səbail Rayon Məhkəməsinin qərarı ilə isə AXCP üzvləri Məhəmməd Məcidli və Türkel Əlisoy 7 sutka, Babək Həsənov 6 sutka müddətinə inzibati qaydada həbs cəzasına məhkum olunub.
Xətai rayon Məhkəməsinin qərarı ilə “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə barəsində 6 sutka müddətinə inzibati həbs cəzası təyin edilib.
AXCP üzvləri Taleh Məmmədov 400 manat, Nihad Hüseyn 500, Ramil Musayev 400, Ənvər Hüseynli 500, Zaur Məmmədov 500, Aqil Əliyev 600, Təzəxan Mirələmli 500, Vüsal Bayramlı 600, İlkin Əliyev 500, Müsavat Partiyasının üzvləri Rauf Məmmədov 500, Şamil Beydullayev 500, Şamil Beydullayev 500, ADP üzvü Osman Əhmədli 500, ADP üzvləri Azər Sadıqov 500, Osman Əhmədli 500, “REAL” Hərəkatının üzvü Cavid Qarayev 500 manat məbləğində cərimə ediliblər.
Qeyd edək ki, bu aksiyada Reuters agentliyinin müşahidəsinə görə 500-ə yaxın, müxalifət çevrələrinin iddiasına görə 3000-ə
yaxın vətəndaş iştirak edib. Aksiyadan çəkilmiş fotoşəkillərdə əllərində əsgər rəsmləri tutmuş əsgər valideynləri də az deyildir.
Polis aksiyanı sərtliklə dağıdıb, çoxlu sayda etirazçı həbs edilib. Xarici media bu aksiyaya diqqət ayırmış, aksiyanın daşıdılmasında su şirnağından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edildiyi qeyd olunmuşdur.