Muəllif:

Məhkəmə tikinti dələduzlarına şərti cəza oxudu

Dələduzluqda ittiham olunan AQ İnşaatçı Servis-in direktoru Şakir Əliyev və Rəşid Qəhrəmanovun məhkəməsi keçirilib. İttihama görə, Şakir Əliyev direktor işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə aldatma və etibardan sui-istifadə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2010-2011-ci illərdə cəmiyyətin Nəsimi rayonunda inşa etdiyi 21 mərtəbəli binadan mənzil almaq üçün müraciət etmiş ayrı-ayrı şəxslərlə mənzilin dəyəri barədə razılaşaraq binadakı mənzillərin satışına dair vətəndaşlarla müqavilələr bağlayıb.
Mənzillərin dəyərini vətəndaşlardan tam şəkildə aldıqdan sonra onlara ciddi uçot sənədi olmayan kassa mədaxil orderləri və mənzilə görə heç bir borclarının olmaması barədə maliyyə arayışları verərək külli miqdarda özgə əmlakını ələ keçirməklə dələduzluq edib.
Bundan başqa, Bakı şəhər sakini Rəşid Qəhrəmanov Şakir Əliyevlə əlbir olaraq həmin binada yerləşən satılmış mənzili digər vətəndaşa təkrar satmaqla onun külli miqdarda əmlakını ələ keçirərək dələduzluq ediblər. Ümumilikdə vətəndaşlara vurulmuş 3 milyon 52 min 625 manat məbləğində maddi ziyanın istintaq zamanı tam ödətdirilməsi təmin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şakir Əliyev 8 il, Rəşid Qəhrəmanov 7 il müddətinə şərti cəza alıblar və məhkəmə zalından azadlığa buraxılıblar. Həmin hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində təqsirləndirilən şəxslərin barəsində olan şərti məhkum etmə haqqında hökmün ləğv edilməsini və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.
Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin barəsində olan hökmün ləğv edilməsini və onların müddətli cəzalara məhkum edilməsini istəyib.
Daha sonra hakim təqsirləndirilən şəxslərin vəkillərinə söz verib. Vəkillər çıxışa hazır olmadıqlarını bildiriblər və hakimdən əlavə vaxt istəyiblər. Hakim növbəti məhkəmə gününün təyin edilməsi məsələsini müzakirə edən zaman maraqlı məqam ortaya çıxıb. Hakim əvvəlcə məhkəmə iclasını oktyabrın 30-na təyin edib. Lakin vəkillər israrla həmin günə prosesin təyin edilməsinin əleyhinə olublar. Onlar hakimlərdən məhkəmə iclasının noyabrın 6-dan sonra təyin edilməsini istəyiblər.
Amma hakim məhkəmə iclasının oktyabrın 30-na təyin edilcəyini deyib. Vəkillərdən biri deyib ki, həmin günə proses təyin edilə bilməz. Hakim bunun səbəbini araşdırandan sonra məlum olub ki, təqsirləndirilən Rəşad Qəhrəmanovun oktyabrın 30-na toy mərasimi təyin edilib.
Rəşid Qəhrəmanovun oktyabrın 30-na toy mərasimi təyin edilməsi hakimin etirazına səbəb olub. Hakim bildirib ki, təqsiirləndirilən şəxsin barəsində 7 il şərti məhkum etmə hökmü var. Həmin hökmdən prokurorluğun protest verməsini əsas gətirən hakim bildirib ki, məhkəmənin yekun qərar olmadan toy mərasiminin təyin edilməsi düzgün deyil: “Hökmdən apelyasiya protesti verilib və məhkəmənin yekun qərarı da məlum deyil. Məhkəmə Rəşid Qəhrəmanovun barəsində 7 il şərti məhkum etmə hökmü çıxarıb. Bu hökm yekunda həbslə əvəz edilməsi mümkün ola bilər. Belə olan halda başqasının qızını niyə alıb, bədbəxt edirsiniz Bunları nəzərə almaq lazım idi”.
Sonda hakim oktyabrın 30-na məhkəmə prosesini təyin etməyib. Buna səbəb təqsirləndirilən şəxslərin vəkillərinin həmin gün ərzində işləri olmasını əsas gətiriblər. Lakin prosesi oktyabrın 31-nə təyin edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 460