Məhkəmə əliəyri hərbçilərə cəza kəsdi
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi maliyyə xidmətinin rəisinin köməkçisi, kapitan Musayev Ceyhun Ələddin oğlu və hərbi hissənin maliyyə xidmətinin rəisi, polkovnik-leytenant Papaxov Musa Şəhmir oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Çıxarılan hökmə əsasən, hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin C. Musayevin barəsində CM 70-ci maddəsi (cəzanın şərti hesab olunması) tətbiq edilməklə cəzası şərti hesab olunub.
Hər iki şəxs CM 179.3.2-ci (külli miqdarda əmlakı mənimsəmə) maddəsinə əsasən ittiham olunurlar. Bir müddət əvvəl mətbuatda yayılmış məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən hərbi hissədə 2009-2011-ci ilədək olan dövrdə dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə yoxlanması zamanı yeyinti aşkarlanıb. Faktla bağlı aparılan istintaq zamanı məlum olub ki, hərbi hissənin 2009-2011-ci illəri əhatə edən rəsmi maliyyə sənədləri oğurlanaraq 2011-ci il sentyabrın 3-də Bakıda yandırılmaqla məhv edilib.
Onların qabaqcadan əlbir olaraq 87186,79 manat vəsaiti mənimsədiyi də yayılan məlumatlarda öz əksini tapıb.
Onu da qeyd edək ki, hökmdən narazı qalan qarşı tərəfin nümayəndəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiyasına müraciət edib. Həmin şikayət əsasında hazırda məhkəmə prosesi davam etdirilir.