Məhəmməd Talıblı: “ Bu bahalaşma dalğasının anonsudur“
Tarif Şurasının yanacağin qiymətini artırması ekspertlər tərəfindən bahalaşma dalğasının anonsu kimi dəyərləndirilir. Tarif Şurası isə bəzi mal və xidmətlərin qiymət artımı ilə bağlı “əsaslandırmasını” yayıb. Buna baxmayaraq iqtisadçılar bildirirlər ki, indiki şərtlər altında qiyməti artımlarının heç bir iqtisadi əsası yoxdur. Tarif Şurası sadəcə İİN-nin nəzdində fəaliyyət göstərən qurumdur. Onun adından qərar verənlər ölkədə fiskal qurumların rəhbərləri və yüksək vəzifə sahibləridir. Bir çox ölkələrdə hətta MDB-nin bəzi respublikalarında bu qurum sərbəst fəaliyyət göstərir və heç bir dövlət qurumunun təsiri altında qərar vermir. Onun funksiyası müstəqil formada ölkədə tənzimlənən mal və xidmətlərlə bağlı real vəziyyətə uyğun olaraq qərarların verilməsidir. Bizdə bu qurum sadəcə TŞ-nın rəhbəri olan İİN-i başda olmaqla Şuraya gələn təklifləri təsdiq etməklə məşğuldur.
İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı:”İndiyə qədər görmüsüz ki, TŞ-a gələn hər hansı bir təklifə Şura “yox” desin. Bu onu göstərir ki, müstəqil olmayan qurumun verdiyi qərarlar obyektiv gerçəkliyi, iqtisadi vəziyyəti və ondan doğan təsirləri düzgün əks etdirə bilmir. İqtisadi əsaslandırması ilə o vaxt razılaşmaq olardı ki, dünyada neftin qiyməti yüksək həddə qalxırdı və bizdə idxal edən ölkə olardıq. Amma nefti özümüz hasil edirik, özümüz emal edirik və özümüzdə topdan və pərakəndə satırıq. Hansı texnoloji proses zamanı hansı artımlar oldu ki, buna görə də hökumət benzinin qiymətin qaldırdı? Ümumiyyətlə artımlar ola bilsin ki, ölkə iqtisadiyyatındakı mövcud qiymət standartlarını dünyadakı mövcud standartlara yaxınlaşdırmaq baxımından mümkün olsun. Adətən belə artımlar təkamüllə və bütün sahələrdə hərtərəfli islahatlarla paralel aparılır ki, bu keçid mərhələ insanların həyatında ciddi təsiri ilə müşahid olunmasın. Məsələn, ötən ay Qazaxıstanda benzinin qiyməti qalxdı. Yəni, cəmi 5,6 faiz. Bizdə isə 30 faiz. Qazaxıstanda bu artımı Rusiyadan benzinin idxalı ilə bağlı qadağanın aradan qaldırılması üçün atdı. Seçkilər ərəfəsi verilən 10 sərəncamlarda ortalama olaraq 10 faizlik artımlardan sonra yanacağın 30 faiz artırılması verilən avansı geri almaq kimi bir şeydir”.
Qeyd edək ki,Azərbaycanda benzinin qiyməti AI-92 70 qəpik və ya 90 sent, AI-95 isə 80 qəpik və ya 1,02 dollara satılacaq. Lakin neftlə zəngin ölkələrdə məsələn, Qazaxıstanda AI 92 markalı b 117 tenge və ya 76 sent səviyyəsindədir. Türkmənistanda isə benzinin qiyməti 22 sentdir. Yaxud Uzaq Şərq ölkələri Səudiyyə Ərəbistanının da benzinin qiymətinin 16 sent, Birləşmiş Ərəb Əmirliyində 44, Misirdə 46 sentə satılır. Qərbin İranı saldığı izolyasiyadan əvvəl belə benzinin 1 litri 7-8 dəfə ucuz idi. Yəni onlarda 9-12 dollara satılırdı.
Amma belə əsaslandırmalarda var ki, dünyanın əksər ölkələrində benzinin qiyməti bizdən yüksək olduğu üçün belə artımlar qeyri-adi səslənməməlidir. Müsahibim məsələyə başqa rakursdan yanaşır və 2 ölkəni — Rusiya və ABŞ-ı müqayisə edir. Biri neft ixrac edir, digəri nefti daha çox idxal. Rusiyada benzinin qiyməti 1 dollar 11 sentdir. Bizdəki artan qiymətlə müqayisədə 21 sent baha. İndi gəlin görək həmin ölkədə benzinin qiyməti onların ailə büdcələrində hansı çəkiyə malikdir, bizdə hansı çəkiyə. Rusiyada orta aylıq əməkhaqqı 835 dollardır. Onlarda orta aylıq əməkhaqqı ilə ayda 760 litr benzin almaq olarsa, Azərbaucanda orta aylıq əməkhaqqıya 520 litr benzin almaq olar. Bildiyimiz kimi ABŞ istehlak etdiyi neftin 40 faizindən çoxunu neft hesabına idxal edən ölkədə benzinin qiyməti 75 sentdir. Orta aylıq əməkhaqqı bizdən 5 dəfə çox. ABŞ kimi neft idxal edən ölkələrdə benzinin qiymətinin artması belə təəcüblü deyil. Bu dünyadakı neftin konyunkturasından asılıdır. Bizdə isə bu bizim daxili iradəmizdən hələlik asılıdır.
Bəzi arqumentlər edirik ki, dünyanın bəzi ölkələrində onlar benzinin və ya qazın qiyməti bizdən yüksəkdir. Talıblı deyir ki, bu qüsurlu müqayisəni aparanlar bi neçə amili nəzərə almırlar. Əvvəla, həmin ölkələrdə benzinin idxal qiyməti onu hasil edən ölkədən bahadırsa, onu həmin ölkə necə ucuz sata bilər. Demək, təbii ehtiyatlarla, o cümlədən neftlə zəngin ölkədə benzinin qiyməti ixrac qiymətlərindən xeyli aşağı olmalıdır:”İkincisi, neftdən məhrum ölkələrdə orta aylıq əməkhaqqı bizdəki orta aylıq əməkhaqqıdan bir neçə dəfə çoxdur və yanacağın qiyməti onların ailə büdcələrində xüsusi paya malik olmur. Neftlə zəngin ölkələr kimi tanıdığımız ölkələr var ki, onlarda benzinin qiyməti bizdən ucuzdur. Qətərdə bu rəqəm 24 sent, Küveytdə 27 sent, Yəməndə 45 sent, Misirdə 61 sentdir. Görürsüz, bu ölkələrdə neftin qiyməti bizdən xeyli ucuzdur. Amma paradoksal orasıdır ki, neftdən məhrum ölkələr, o cümlədən neft idxalı hesabına yaşayan ölkələrdə var ki, onların bəzilərdində də qiymət bizdən ucuzdur. Həmin ölkələr nefti 100 dollardan baha aldıqları halda əz vətəndaşları üçün daha əlverişli benzin qiyməti təklif edə bilirlər, amma bizdə ARDNŞ-i özünün neft emalı müəssisələrinə bareli 10 dollara (və ya tonunu 70 dollara) satdığı halda onun xərcləri gəlirlərin ödəmir? Bu necə ola bilər ki, Neft Şirkəti dövlət büdcəsi qarşısında vergi öhdəliklərini heç bir kəsirsiz yerinə yetirir və əlavə olaraq böyük gəlirlər əldə edib xarici investisiya layihələri həyata da keçirə bilir, bununla yanaşı ölkə daxilində benzinin qiymətinin artımından qazanmaq istəyir?”
Ümumiyyətlə, ölkənin hər hansı bir sektorda qiymətlərin artırımına dair qərar o zaman verilir ki, həmin sahədə gəlirlər xərcləri ödəmir. Bu satış siyasətini həyata keçirən ARDNŞ-in belə bir defisti var idisə, onda heç olmasa bu sahələrə dövlət büdcəsindən dotasiya alardı. Amma neft emalı müəssisələri nə zərərlə işləyir, nə də dövlət büdcəsindən dotasiya alır. Bu zaman bu qiymət artımının iqtisadi əsaslandırması da ola bilməz.
Bu artımları büdcə siyasəti ilə əlaqələndirmək olarmı? Sualını cavablandıran İqtisadi Təhlil İnsitutunun sədri deyir ki, bunu büdcə layihəsinin müzakirəsləri zamanı da görmək olurdu. Belə ki, kommunal xərcləri artıran hökumət onun gəlir mənbəyin göstərməmişdi. Bunun ya mənbəyi olmalı idi, yaxud bu artımlardan qazanılmalı idi:”Biz həmişə tənqid edirdik ki, hökumət Neft Fondundan büdcəyə transferti azaldaraq sonradan limitləşdirsin. Növbəti il üçün NF-dan büdcəyə azalacaq köçürmələr 2 milyarda manat azaldıldı. Yanacaq qiymətlərinin artımından sonra bu 2 milyardının 3-dən 1-nin mənbəyi tapıldı. Bu da neftsiz büdcənin əhalinin “cibi” hesabına doldurulması yolu. Əslində bu artımlar 2014-cü ilin dövlət büdcəsi kəsirinin aradan qaldırılması üçün bir mənbə olaraq düşünülüb. Bu qiymət artımın ilin (2014)sonuna qədər hökumət büdcəyə 600 milyon manatdan çox vəsait qazandıracaq. Halbuki, büdcənin gəlir hissəsinin təmin olunması çoxlu mənbələr var idi. Mən sizə deyim ki, hökumətin ölkədə iri vergi ödəyicilərin vergi borcları milyardlarla ölçülür. Toplam olaraq vergi borcları olan vergi ödəyicilərinin büdcəyə toplam borcu 5,4 milyard manat olduğu halda nədən büdcə kəsrinin artırılması hesabına əhalinin cibinə girilir?”
Amma bu artımlar həmdə o reallığı üzə çıardı ki, hansı nazirlik və komitə nisbətən yaxşı işləyir, o sahədə qiymət artımları yox, əksinə azalmalar baş verib. Hansı nazirlik və komitələrdə daha çox kurrupsiyaya məruz qalıb, orada mal və xidmətlərin qiymət artımı davamlı xarakter alır:”Məsələn, rabitə sistemində qiymət artımları yox, əksinə azalmalar olub. Bu onu göstərir ki, hansı nazirlik və komitəsinin işi yaxşı təşkil olunur və korrupsiyaya çoxda bulaşmayıb, həmin sahələrdə gəlir və xərcləri tənzimləməyi əhalinin xərclərini artırmaq hesabına baş vermir. Hansı nazirlik və komitədə korrupsiya həlqəsi genişdir, onların dotasiyası əhalinin cibinə girmək hesabına təmin olunur. Çünki, ölkədə neft emalının şişirdilmiş rəqəmləri böyük olduğu üçün benzinin qiymət səviyyəsindən xeyli gəlir əldə edilir.
Bu qiymət artımı avtomobildən istifadəçilərin cibinə ortalama olaraq 60-80 manat zərər vuracaq. Amma bununla hər şey ötüşməyəcək, digər mal və xidmətlərin qiymət artımı da olacaq ki, bu da sonda ümumilikdə hər bir ev təsərrüfatına ciddi zərər vuracaq. Bu artım ölkədə yaşayış minimumunun yarısı qədərdir”.
Beləliklə, bu bahalaşma dalğasının anonsudur. İqtisadçı 2007-ci ilin yanvar ayını xatırlayır. O zaman bu artımlar ölkə iqtisadiyyatında gözgörünməz bahalaşmanı necə yüksəltdı və yoxsulluq dərinliyi artmağa başladısa, indi də bundan sonra artan qiymət səviyyəsi iqtisadiyyatın struktrunda başqa korreksiyalar doğracaq:”Yəni demək istəyirəm təkcə bununla bitməyəcək. Digər mal və xidmətlərin qiymət artımları da baş verəcək. Dizel yanacağı qalxırsa, bu kənd təsərrüfatı xərclərini və məhsulun maya dəyərində oturacaq ki, bu da kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə qiymətlərini artıracaq. Bununla bağlı elektrik enerjisinin, kommunal xərclərin, suyun, qazın qiyməti və tənzimlənən mal və xidmətlərin qiymət artımları olacaq. Ola bilsin ki, bu yanvar ayının 1-də baş verdi və yaxud bir az gecikə bilər. Amma bu hökmən baş verəcək. Amma ölkədə istehlak malları üzər belə bahalaşma eyni zamanda TŞ-nın qərarı ilə elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi hər 1000 kubmetr üçün 80 manata satılması ilə bağlı olması səbəb olacaq. Amma tənzimləyən mal və xidmətləri əhatə etməyəcək. Ümumiyyətlə istehlak bazarında və gündəlik aldığımız məhsullarında qiymətləri qeyri-ixtiyari olaraq qaldırılacaq. Bu ümumilikdə ölkə iqtisadiyyatını bahalaşdırma mərhələsinə daxil edəcək. Bu artımlar eyni zamanda ölkədə inflyasiya təzyiqlərini gücləndirəcək. İnflyasiya yaradan amillərin fəallaşması hesabına ölkədə pul-kredit sferasında vəziyyət çətinləşəcək. Yoxsulluğun artması, işsizlik və sosial sferaya neqativ təsirləri növbəti il ərzində özünü daha kəskin göstərəcək”.