Muəllif:

Məhəmməd İmanlı rüşvətxor deyil, dələduz çıxdı

Məhəmməd İmanlı rüşvətxor deyil, dələduz çıxdı və 11 il əvəzinə 3 illə canını qurtardı. Bakı Ağır Cinayətlər Məhkəməsində BDU hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının cinayət işi üzrə növbəti məhkəmə prosesi hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirildi. Prokuror ittiham nitqində bildirdi ki, BDU hüquq fakültəsi “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakini Ziyad Süleymanovdan BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Prokurorun sözlərinə görə, Məhəmməd İmanlı CM 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham olunması məhkəmədə araşdırılıb və Məhəmməd İmamlı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Prokuror çıxışının sonunda Məhəmməd İmanlının 5 il dövlət qrumlarında məsul vəzifə tutmaqdan məhrum etməklə barəsində 11 il cəzanın verilməsini təklif etdi.
Daha sonra məhkəmədə iclasında Məhəmməd İmanlının vəkili Muxtar Mustafayev çıxış etdi. Vəkil bildirdi ki, CM 311-ci maddəsi ilə vəzifəli şəxslərə qarşı ittiham verilməlidir, Məhəmməd İmanlı isə vəzifəli şəxs deyil və bu maddə ilə ittiham olunması düzgün deyil.
Vəkilin bildirdiyinə görə, Məhəmməd İmanlının BDU-da ikinci təhsilə tələbə qəbul etdirmək səlahiyyəti olmayıb. O, qeyd etdi ki, ittihamda qeyd olunan Beynəlxalq iqtisadi əlaqələr fakültəsi mövcud olmayıb, 2011-2012-ci tədris ili üçün TQDK-nın tətrib etdiyi jurnalda da belə bir fakültənin olması qeyd edilməyib. Vəkilin iddiasına görə, Məhəmməd İmanlıya qarşı irəli sürülmüş ittiham sübuta yetirilməyib.
Muxtar Mustafayev daha sonra qeyd etdi ki, Məhəmməd İmanlı BDU-ya ikinci təhsil almaq barədə müraciət olunan komissiyanın üzvü olmayıb. Onun sözlərinə görə, BDU-ya edilən sorğunun cavabında da Məhəmməd İmanlının ikinci ailə təhsilə tələbə qəbul etdirmək səlahiyyətləri olmayıb. Vəkil çıxışının sonunda Məhəmməd İmanlıya qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu və onun barəsində bəraət hökmü çıxarılmalıdır.
Daha sonra prosesdə Məhəmməd İmanlının digər vəkili Abbas Atakişiyev çıxış etdi. Abbas Atakişiyev bildirdi ki, ibtidai istintaq orqanı tərəfindən Məhəmməd İmanlıya qarşı haqsızlıq olub. Onun sözlərinə görə, istintaq orqanı Məhəmməd İmanlını haqsız yerə həbs edəndən sonra da haqsızlığı aradan qaldırmağa cəhd etməyib. Onun sözlərinə görə, heç bir əsas olmadan ibtidai istintaq orqanı Məhəmməd İmanlının rüşvətxorluq cinayəti törətməsi barədə nəticəyə gəlib. Vəkilin sözlərinə görə, Məhəmməd İmanlının rüşvət alması barədə heç bir sübut yoxdur.

Abbas Atakişiyev daha sonra Məhəmməd İmanlı həbs olunan zaman edilən qanunsuzluqlara toxundu. Vəkil bildirdi ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qanunsuzluğa yol verilib, yəni həbs edilməzdən əvvəl gizli video çəkiliş aparılıb. Vəkil qeyd etdi ki, cinayət işinin materiallarında bu video çəkilişin aparılması üçün məhkəmə qərarı olmayıb. Vəkil həmçinin bildirdi ki, cinayət işində adı hallanan Ziyad Süleymanov məhkəmədə verdiyi ifadəsində bu işə sürükləndiyini qeyd edib. Vəkil daha sonra ibtidai istintaq orqanının bir çox səhvlərə yol verməsini sadaladı.
Abbas Atakişiyevin sözlərinə görə, əvvəlcədən videoçəkiliş aparılmaqla Məhəmməd İmanlı güdülüb. Onun bildirdiyinə görə, bununla da Məhəmməd İmanlının hüquqları pozulub. Vəkilin sözlərinə görə, cinayət işinin materiallarında Məhəmməd İmanlının 40 min manat rüşvət alması istintaq orqanı tərəfindən araşdırılmayıb: “İstintaq orqanı bu faktları araşdırmağa borclu olduğu halda araşdırmayıb. Istintaq orqanı həqiqəti üzə çıxarmaq əvəzinə Məhəmməd İmanlının ifşa edilməsi istiqamətində işləyib”.

Vəkil bildirdi ki, cinayət işində olan sübutlar qanunla toplanmayıb. Vəkil əlavə etdi ki, cinayət işində zərərçəkmiş yoxdur və Məhəmməd İmanlı barəsində bəraət hökmü verilməlidir. Abbas Atakişiyevin ibtidai istintaq orqanının ünvanına səsləndirdiyi ittihamlara prokuror replika çıxışında cavab verərək bildirdi ki, ibtidai istintaq orqanı bütün sənədləri və sübutları qanuna uyğun olaraq toplayıb. Onun sözlərinə görə, Ziyad Süleymanov könüllü şəkildə Korrupsiyaya Qarşı mübarizə İdarəsinə müraciət edib. Prokuror qeyd etdi ki, video çəkilişlərin aparılması üçün məhkəmə qərarı olub. Cinayət işində zərərçəkmişin olmaması barədə vəkilin səsləndirdiyi ittihama prokuror belə cavab verdi:
“Korrupsiya cinayətlərində dövlət ziyan çəkir və dövlət zərərçəkmiş kimi tanınır. Buna görə də bu cür cinayətlərdə fərdi şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirak etmir”.

Daha sonra məhkəmədə Məhəmməd İmanlı son söz dedi. Məhəmməd İmanlı bildirdi ki, həbs olunması ona qarşı qurulan şantaj və böhtandır. Onun sözlərinə görə, xüsusi hazırlanmış plan üzrə həbs edilib. Cinayət işi üzrə günahkar və təqsirli olmadığını iddia edən İmanlı ədalət mühakiməsinə inandığını bildirdi. O, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi.

Bütün tərəfləri dinləyən hakim heyəti hökm elan etmək üçün müşavirə otağına yollandı. Müşavirədən qayıdan hakimlər səbirsizliklə gözlənən hökmü elan etdilər. Səslənən hökmdə qeyd edildi ki, Məhəmməd İmanlının əməlini ibtidai istintaq orqanı düzgün olmayaraq «külli miqdarda rüşvət» kimi qiymətləndirib. Hakimlərin gəldiyi nəticəyə görə, Məhəmməd İmanlının cinayət işində adı keçən Ziyad Süleymanovu himayə etməsi sübuta yetirilməyib.
Məhkəmə Məhəmməd İmanlının ittiham olunduğu CM 311.3.3-cü maddəsinin həmin məcəllənin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilməsi barədə qərar qəbul etdilər. Bununla da məhkəmə Məhəmməd İmanlının 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxdı…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1886