Məhbusu həkimin yanına ayağı qandallı aparıblar
Güney Azərbaycanın Marağa zindanında həbsdə olan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxian xəstəxanaya ayaqları qandallanaraq aparılıb. Böyrəyində kəskin ağrıları olan fəalın israrı ilə onun həkim müayinəsindən keçməsinə icazə verilib. Bundan başqa o, həftənin əvvəlində aclıq aksiyasına başlayıb.
Mehdi Kuxian bu barədə ailəsi ilə telefon danışığı zamanı xəbər verib. Azərbaycanlı fəal aclıq aksiyasına səbəb kimi onunla birlikdə həbsdə saxlanılan dostu Oxtay (Abbas) Vəlizadənin 8 illik həbs qərarını, həbsxana məmurlarının tibbi və təcili yardım göstərmədiklərini və məhkəmənin onları müvəqqəti azadlığa buraxılması üçün indiyədək qərar vermədiyini göstərib.
Qeyd edək ki, Marağa İnqilab Məhkəməsi Mehdi Kuxiana 1 il, Abbas Vəlizadəyə isə 8 il həbs cəzası verib. Azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, islam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə təqsirləndiriblər. Mehdi Kuxian və Abbas Vəlizadə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər.
Bu günlərdə gənc bloqçu, şair və hüquq müdafiəçisi Rza Ekvanianın tutulduğu haqda da məlumat yayılmışdı. Onu ETTELAAT Yasuc bölməsinin əməkdaşları ötən ayın sonunda yaşadığı evdən aparmışdılar. Evdə yoxlama aparılıb, bloqçuya məxsus bir sıra şəxsi əşyalar götürülmüşdü.
Onun rəsmən həbs edildiyi xəbəri isə bu günlərdə açıqlanıb.
Rza Ekvanian bloqundakı insan hüquqları ilə bağlı yazılara görə, 2009-cu ilin fevralında da tutulmuşdu. Öz bloqunda İranın ali rəhbəri ayətulla Seyid Əli Xamneyi və prezident Mahmud Əhmədinejadı təhqirdə, eləcə də «qanunsuz etiraz aksiyalarında iştirakda və əcnəbilərlə əlaqədə» təqsirləndirilən Rza Ekvanian 6 il həbsə məhkum edilmişdi. Həbsin 5 ili şərti olduğundan bloqçu bir il həbsdə saxlandıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılmışdı.