Muəllif:

Mediadan müstəqillik tələb edən xalq

Teleqraf.az saytının redaktoru Nicat Dağların müalicəsinin təşkili üçün Prezidentin göstəriş verməsi Milli Jurnalistika Günü ərəfəsində ən yaxşı xəbər oldu. Ümid edək ki, tezliklə onu yenidən iş başında, sıralarımızda görəcəyik.
Bu xəbər məndə mediaya dəstək barədə söz açmaq həvəsi doğurdu. Amma mövzunu bir qədər dəyişmək, jurnalistə hökumət qayğısı, mediaya dövlət yardımı haqqında deyil (bu mövzuda son günlər çox yazmışıq, çox çəkişmişik), KİV-lərə ictimai, ilk növbədə iş adamlarının dəstəyi barədə danışmaq istəyirəm.
Soruşacaqsınız ki, olmayan şeyin nəyindən danışacaqsan?
Hamı jurnalistlərdən nəsə tələb edir, nəsə umur: niyə yazmırsınız, niyə araşdırmırsınız, yaxşı işıqlandırmırsınız, səsimizi eşitmirsiniz, maraqlarımızı qorumursunuz və s. və i.a. Amma KİV-lərin özlərinin yardıma ehtiyacı olanda, onların qarşısında ərklə tələb qoyanlara kömək üçün müraciət edəndə, əksər hallarda etinasızlıqla üzləşirlər. Mediadan ictimai dəyərli informasiya istənilir, ancaq hətta küçədə sorğu keçirən jurnalisti görənlər də yolun o biri tərəfinə keçməyə tələsirlər. Bu yaxınlarda məhkəmələrin qərəzli qərarları ölkənin ən yüksək tirajlı gündəlik qəzetlərindən biri «Azadlığ»ı bağlanmaq təhlükəsi qarşısında qoymuşdu. Redaksiyanın yardım üçün ictimaiyyətə dönə-dönə müraciətindən sonra ay ərzində toplanmış vəsaitə, necə deyərlər, bişmiş toyuğun da gülməyi gələr.
Media hava ilə, su ilə dolanmır, cənablar: onun ofis xərcləri, nəşriyyat xərcləri, yayım xərcləri, başqa dərdləri var. Jurnalist də evdən çörək dalınca çıxır, övladlarının gələcəyini düşünür. Mən bu gələcəyi təmin etmək üçün peşə şərəfini bazara çıxaranlara haqq qazandırmıram. Amma siz də bir suala cavab tapmaqda kömək edin: əgər gəlir yolları kəsilibsə, reklam sifarişçiləri kol dibinə çəkiliblərsə, oxucu gündə 30 qəpiyindən keçmək istəmirsə, əvvəllər azdan-çoxdan media layihələrini maliyyələşdirən beynəlxalq fondlar da şələ-külələrini yığıb ölkədən gedirlərsə, ictimai maraqları qorumalı olan mətbuat bunun ən ümdə şərtini — müstəqilliyini necə, nə ilə təmin etməlidir?
Jurnalistikadan müstəqillik, obyektivlik tələb edən xalq bunun haqqını ödəməyə hazır olmalıdır. Əks təqdirdə mediasının satıldığından gileylənə-gileylənə qalacaq.
…Bir dəfə Bakı Mətbuat Klubunun icraçı direktoru Çingiz Sultansoy otağıma gəldi:»Mətbuat konfransı uğurlu keçmiş iş adamı indicə mənə xidmət haqqı olaraq 30 manat əvəzinə 300 manat ödəyirdi. Mən də yardım üçün təşəkkürümü bildirdim, dedim, 270 manatı ayrıca ianə kimi Klubun kassasına mədaxil edəcəyik və sizə sənədini verəcəyik. Pulunu geri aldı ki, özünə götürürsənsə, götür, mən ianə-filan bilmirəm».
Çox maraqlıdır, rüşvət verməyə hazır olan adam, həmin pulu yardım kimi ödəməkdən imtina edir.
138 il əvvəl Həsən bəy Zərdabi nömrədən-nömrəyə ziyanını hesablaya-hesablaya qəzet çıxarırdı. 138 il sonranın müstəqil nəşrləri də hələ ki, eyni taleyi yaşayırlar.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 239