Muəllif:

Mediada reklam və Azərbaycanda jurnalist kollaborasionizmi

Bu ilin birinci yarısının tendensiyaları dünya reklam bazarının sabit artımını göstərir, dyə Marketing Media Review (MMR) jurnalı məlumat verir. Amma bunun 22 iyulda 138 illiyini qeyd edən Azərbaycan media bazarına dəxli yoxdur. Mövzu ilə bağlı Turan Analitik Xidmətinin şərhində deyilir:

ZenithOptimedia (VivaKi qrupuna— Publicis Groupe transmilli kommunikasiya holdinqinin media strukturuna daxildir) beynəlxalq reklam agentliyi şəbəkəsinin 2012-2015-ci illər üçün proqnozuna əsasən, 2013-cü ildə reklama ümumdünya xərcləri əvvəlki illə müqayisədə 3,9% artaraq $518 mlrd-a çatacaq.
Hər iki bazarda reklam investisiyalarının artımının piki 2015-ci ildə olacaq: inkişaf etməkdə olan bazarlarda +9,4%, inkişaf etmiş bazarlarda +3,5%. Beləliklə, 2015-ci ildə qlobal reklam bazarının artımı 5,6% təşkil edəcək. Ənənəvi mediada reklam xərclərinin artım tempi aşağı olacaq: qlobal səviyyədə 1,6%. Reklam investisiyalarının artımı baxımdan ən problemli sektor payı ildən-ilə azalan çap mediası olacaq. ZenithOptimedia-nın proqnozuna əsasən, 2015-ci ildə qlobal səviyyədə internet medianın reklamı öz həcminə görə çap mediasının reklamını keçəcək.
İnkişaf etməkdə olan ölkələrdə reklam bazarlarının sürətli artımına baxmayaraq, həcm və qlobal reklam artımına töhfə cəhətdən ABŞ ən böyük bazar olaraq qalacaq. 2013–2015-ci illərdə bu ölkə dünyada reklama cəlb edilən bütün vəsaitlərin 28%-i təmin edəcək.
Ümumilikdə dünya reklam bazarının inkişaf proqnozu nikbindir. Dünya iqtisadiyyatı artır və reklam bazarınının artımını stimullaşdırır. ZenithOptimedia-nın gözləntilərinə görə, 2013-cü ildəki 3,9% artımdan sonra, qlobal bazarın artım tempi 2014-cü ildə 5%, 2015-ci ildə 5,6% olacaq.

Ən böyük reklam bazarları
Milyon ABŞ dolları, cari qiymət. Məbləğ 2011-ci ilin orta məzənnəsi ilə göstərilir

2011 Reklam xərcləri 2014 Reklam xərcləri
1 ABŞ 154 129 1 ABŞ 173 950
2 Yaponiya 49 949 2 Yaponiya 52 964
3 Çin 32 299 3 Çin 43 940
4 Almaniya 25 571 4 Almaniya 26 828
5 Böyük Britaniya 19 204 5 Braziliya 22 216
6 Braziliya 16 819 6 Böyük Britaniya 21 088
7 Fransa 13 788 7 Fransa 14 216
8 Avstraliya 12 767 8 Avstraliya 13 770
9 Kanada 10 974 9 Rusiya 12 593
10 Cənubi Koreya 10 232 10 Kanada 12 394

Müqayisəli analiz göstərir ki, Azərbaycan əvvəllər olduğu kimi, dünyadakı medianın və onun reklam bazarının inkişafı tendensiyalarından geri qalır.
Əgər inkişaf etmiş ölkələrdə çap KİV-dən oxucuların və reklamın internetə keçidi təkamül yolu ilə baş verirsə, Azərbaycanda bu, inzibati yolla olur. 1998-ci ildə başlayan çap KİV-nin boğulması siyasəti bu gün də davam edir. Bunu qəzetlərin pərakəndə satışına və onlarda reklam verilməsinə inzibati məhdudiyyətdə görmək olar. Qəzet və jurnalların çoxu maliyyə böhranı vəziyyətinə çatdırılıb və əsasən hökumət tərəfindən qeyri-leqal dotasiyalar hesabına müövcudluğunu davam etdirir. Əsasən pərakəndə şəkildə qəzetlər hər nömrədən onlarla, yüzlərlə nüsxə satılır. Onların çoxunda reklam olmur. Nisbi rentabellilik üçün günlük satış heç olmasa 3 min nüsxə olmalıdır. Bu halda çap və yayım xərci çıxılandan sonra gəlir $17 minə yaxın olacaq. Bazara az-çox sezilən 40 çap nəşrindən daha çox göstəriciyə malik olanlar çox azdır. Əgər bura 40 internet KİV əlavə etsək, 80-ə yaxın KİV alınır. Onları saxlamaq üçün orta hesabla $15-20 mln tələb olunur. Amma elə KİV-lər var, qeyri-leqal yolla yüz minlərlə, hətta ildə milyon dollardan çox vəsait alır. Buraya ölkə prezidenti yanında KİV-ə Dəstək Fondunun ildən-ilə artan dotasiyalarını da əlavə etmək lazımdır. 2012-ci ildə Fond KİV-ə $5 mln-a yaxın qrant ayırıb. Bu tendensiya ilə KİV-in dövlətdən asılılığı yalnız artacaq.
Azərbaycanda reklam bazarının həcmi barədə hansısa rəsmi tədqiqat olmayıb, amma Turan Agentliyinin həyata keçiridyi araşdırma bazarın müəyyən konturlarını müəyyən edib. Agentliyin təqdim etdiyi rəqəmlərə etiraz olmayıb, redaktorlardan tutmuş ölkə prezidentinə qədər ondan istifadə ediblər.
2007-ci ildə aparılan araşdırmaya əsasən, 2006-cı ildə bazarın həcmi $25 mln olub. Bunun $2 mln-u çap KİV-i və onlayn medianın payına düşüb. Vəsaitlərin böyük hissəsi teleşirkətlərə çatıb. Neft hasilatının artması ilə əlaqədar sonrakı illərdə 2009-cu ilin əvvəlinə qədər TV-də reklam həcmi $100 mln-a qədər artıb. Amma başqa KİV növlərində vəziyyət çox az dəyişib.
2008-ci ilin böhranından və neftin qiyməti xeyli düşəndən sonra TV-nin reklam bazarı iki dəfə azalıb. Son illər intrenetdə reklamın artımı tendensiyası sezilir və burda bazarın həcmi $8 mln-a çatıb. Amma burda da situasiyaya nəzarət edilir və reklamlar yalnız loyal saytlarda verilir. Bu halda o, hökumətyönlü onlayn layihələrə dəstək üzrə leqal vəsaitə çevrilir. Güclü maliyyələşmə, informasiyaya çıxışın asanlaşması və kadr potensialının cəlb edilməsi sayəsində bu saytlar böyük üstünlüklər əldə edirlər. Reklam yerləşdirilməsinə qeyri-kommersiya yanaşmasına nümunə kimi “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin saytlarında reklamın olmamasını göstərmək olar. Bu resurslar oxucu auditoriyasının həcminə görə hakimiyyətin dəstək verdiyi saytları çox qabaqlayır. Bu fakt onu göstərir ki, 90-cı illərin sonunda ənənəvi çap KİV-də olduğu kimi, hökumət internetdə də reklam bazarını tənzimləyir.
Azərbaycanda hələ də reklamın ÜDM-ə nisbəti üzrə beynəlxalq normaya əməl edilmir. Bu normaya əsasən, media reklamı bazarı ÜDM-in 1%-i qədər olmalıdır. Məsələn, 2000-ci ildə dünya böhranı başlayan vaxt dünya üzrə ÜDM $32,2 trln, reklam bazarının həcmi isə $327 mlrd olub. Sonradan böhranla əlaqədar reklam bazarında geriləm olub və bu nisbət azalıb.
2006-cı ildə Azərbaycanda ÜDM $20 mlrd, reklamın payı 0,14% olub. 2012-ci ildə $67,5 mlrd ÜDM qarşılığında reklam bazarının həcmi $80 mln və ya ÜDM-in 0,11%-i qədər olub. Demək, reklam bazarının həcmi dünya normasından 10 dəfə azdır. İndiki ÜDM səviyyəsində reklam bazarının həcmi $700 mln olmalıdır. Bunun $350 mln-u çap və onlayn KİV-in payına düşməlidir. Qərb dövlətlərində məhz belə reklam həcmi nisbəti olub.

2006-cı ilin göstəriciləri

Ölkə əhali ÜDM ( $-la) ÜDM-in adamdaşına düşən həcmi ( $-la) Reklam bazarının həcmi
($-la) Reklamın adambaşına düşən həcmi ($-la) Reklamın ÜDM-də payı (%-lə)
Azərbaycan 8,5 mln 19,9 mlrd. 2341 25 mln. 3 0,14%
Litva 3,4 mln. 53,9 mlrd. 15852 470 mln. 138 0,9%
Latviya 2,3 mln. 35 mlrd. 15217 411 mln. 178 1,1%
Estoniya 1,3 mln. 24,7 mlrd. 19000 106 mln. 81 0,4%
Ukrayna 48 mln. 89 mlrd. 1854 691 mln. 26 0,7%
Rusiya 142 mln. 1 trln. 7042 6516 mln. 45,8 0,65%
Polşa 38,6 mln. 546 mlrd. 14145 4803 mln. 124 0,87%
Macarıstan 10 mln. 150 mlrd 15000 2676 mln. 276 1,8%
Çexiya 10 mln. 187 mlrd. 18700 2037 mln. 203 1,1%
Bolqarıstan 9 mln. 39 mlrd. 4300 470 mln. 62 1,2%
Almaniya 82 mln. 2,3 trln. 28048 20,7 mlrd. 252 0,9%
Böyük Britaniya 58 mln. 1,75 trln 30 300 22 mlrd. 380 1,25%

Müqayisə üçün deyək ki, son ildə Azərbaycan hakimiyyəti tərəfindən insan haqlarının pozulmasına görə kəskin qınağa tuş gələn Almaniyada büdcənin 95%-i orta və kiçik sahibkarlar hesabına formalaşır. Bu isə ölkə iqtisadiyyatını hətta böhran dövründə davamlı edir. Məsələn, 2006-cı ildə AFR-in ÜDM-i $2,3 trln, media reklamı bazarının həcmi $20,7 mlrd olub. 2012-ci ildə ÜDM $3,4 trln, reklam bazarının həcmi $25,6 mlrd olub. Reklam bazarının ÜDM-ə nisbəti 0,75%-ə düşsə də, bazarın həcmi $5 mlrd artıb. Çap KİV-i, internet və TV-lərin reklam həcmi təxminən eynidir – hərəyə təxminən 30%.
Amma Azərbaycanda bir sıra səbəblərdən ÜDM ilə reklam bazarının həcminin beynəlxalq normalar üzrə nisbətinə nail olmaq mümkün deyil. Bunun siyasi və iqtisadi səbəbləri var. İnformasiyanın idarə edilməsi və cəmiyyətə dezinformasiya verilməsində maraqlı olan avtoritar rejimə böyük və azad reklam bazarı sərf etmir. Çünki bu, ötən əsrin 90-cı illərindəki kimi maliyyə cəhətdən, demək, həm də siyasi cəhətdən azad KİV-in formalaşması təhlükəsi yaradır. İkincisi, enerjidən asılı olan ölkə reklamın inkişafını beynəlxalq standartlar səviyyəsinə çatdıra bilməz. Son 7 ildə ÜDM-də enerji resurslarının payı 67%-dən 48%-ə düşsə də, iqtisadiyyatın neftdən asılılığı yüksək olaraq qalır. Bu il $25 mlrd səviyyəsində təsdiq edilən büdcənin 60%-i Dövlət Neft Fondundan transfertlərdir. Üstəlik, enerji resurslarının satışından birbaşa mədaxil var. Ümumən dövlət büdcəsinin neftdən asılılığı 2/3-yə çatır. Avtoritar dövlət azad iqtisadiyyatın, azad ticarətin və azad rəqabətin inkişafında maraqlı olmur, bu isə obyektiv səbəblərdən rejimə təhdiddir. İqtisadi azadlıqlar labüd şəkildə şəxsiyyətin azadlığı, söz azadlığı və nəhayət, siyasi azadlığa aparır.
Bütün günahları hökumətin üzərinə atmaq da doğru deyil. Azərbaycan jurnalistləri düşdükləri vəziyyətə görə az məsuliyyət daşımırlar. Təəssüf ki, jurnalistlər arasında hakimiyyətin bu zərərli, fəlakətli siyasətinə qarşı durmağa qadir olan şəxsləri barmaqla saymaq qolar. Jurnalistlərin çoxu diz üstə çöküb və beləliklə, jurnalistika hökumət üzərində ictimai nəzarət institutundan onun maraqlarına xidmət edən qulluqçuya çevrilib. Və bu gün, milli mətbuatın 138-ci illiyində mənzil, pul və başqa şeylər xahiş edib almaqla xarakterizə edilən jurnalist kollaborasionizmi Azərbaycanda norma kimi möhkəmlənməkdə davam edir.
* Hökümət istilahı altında hakimiyyət, rejim başa düşünülür

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 198