Media üçün 650 yaşlı peşə əxlaqı kodeksi
Fərqinə varsaq da, varmasaq da, aldığımız informasiya davranışımızı və gündəlik qərarlarımızı şərtləndirən əsas amilə çevrilib. İnsanın şüurunda bu informasiya axını, təbii olaraq, müəyyən təlatümlər və xaos yaradır. Zaman-zaman bu xaosu «səliqəyə salmaq» üçün təlimatlar, «qəliblər» hazırlanır; millətindən, dinindən, irqindən asılı olmayaraq, hamıya şamil edilən qanunlar ortaya qoyulur. Beləliklə, qloballaşırıq.
«Qəliblərin» hazırlanmasında əsas söz sahibi, əlbəttə, fövqəldövlətlərdir. Buna görə də «kiçik» millətlər qeyd etdiyimiz prosesdə etnik özünəməxsusluqlarına təhlükə görürlər. Nəticədə milli dəyərlər, mentalitet kimi məfhumlar yenidən gündəmə «qayıdır», əvvəl sadaladığımız kateqoriyalar müxtəlif düşüncə tərzinə malik insanlar arasında mübahisə obyektinə çevrilir.
Əslində bu mübahisələr tarix boyu mövcud olub və ən müxtəlif etnik-fəlsəfi baxışların yaranmasına gətirib çıxarıb. Həmin baxışların hamısının əsasında bilavasitə insan, onun özünü, yaranışının məqsədini dərk etmək ehtiyacı durur. Mübahisələri doğuran isə insanın cavab tapmaq istədiyi məsələlərin həllinə yanaşma tərzidir. Hər kəs öz yanaşma tərzini daha düzgün hesab edir: qarşıdurmalar elə bu zəmində yaranır.
Lakin bir-birini inkar edən təlimlərin də ortaq məqamları olur. Bu məqamlar ümumbəşəri dəyərlərlə bağlıdır: elə kateqoriyalar var ki, onlar hətta ən fərqli təlimlər arasında da mübahisə doğurmur. Mübahisə doğuran məsələlər isə, bir qayda olaraq, «protokollaşdırılır», beynəlxalq təşkilatlar tərəfindən nəzarətə götürülən konvensiyalarla tənzimlənir.
Beynəlxalq sənədlərlə tənzimlənən məsələlərin bir qismi də kütləvi informasiya vasitələrinin fəaliyyəti, informasiya yayımı və jurnalistlərin peşə davranışı qaydaları ilə bağlıdır. Jurnalist etikasının gözlənilməsi, informasiyanın qərəzsiz, doğru-düzgün, ictimai maraqların öndə tutulması şərti ilə çatdırılması zərurəti bir çox sənədə daxil edilib. Artıq bütün dünyada media nümayəndələrinin yerinə yetirməyə borclu olduqları qaydalar toplusu mövcuddur. Əsl peşəkarlar ötürdükləri informasiyaların yaradacağı rezonansın məsuliyyətini həmin qaydalar əsasında müəyyən edirlər.
Bəs görəsən TV-nin, qəzet və jurnalların, hətta çoxtirajlı çap anlayışının olmadığı bir dövrdə hər hansı fikrin, informasiyanın tez və təhrif olunmadan yayılması necə baş verirdi?
***
İlk baxışdan elə gəlir ki, ağızdan-ağıza keçməklə uzaq-uzaq ölkələrə yayılan təlim və biliklərin təhrif olunmadan çatdırılması mümkün deyil. Lakin reallıq, tarixi yaddaş bizə bunun əksini deyir.
Məntiq və reallıq arasında yaranan bu təzadın sirri nədədir? Bəlkə burada təzad deyil, qanunauyğunluq axtarmaq lazımdır? Bəlkə hələ KİV-lərin olmadığı dövrlərdə də informasiyanın dəqiq çatdırılması üçün konkret təlim sistemi mövcud olub?
Bu suallara cavab axtarışında Nəsiminin yaradıcılığına müraciət etmək maraqlıdır. Çünki fikirlərinin mümkün qədər geniş və təhrifsiz yayılması XIV-XV əsrlərin bu böyük mütəfəkkirinin amalı olub. Nəsimi təliminin, onun öz dövrünün «canlı qəzetlər və radioları» — müridlər və dərvişlər üçün hazırladığı «peşə etikası kodeksinin» əsas tələbləri ilə biz şairin əsərlərindən, necə deyərlər, «orijinalda» tanış ola bilərik.
Mürid və dərvişlər heç də filosof deyildilər. İdeyaları təbliğ edərkən onlar konkret norma və göstərişlərə əsaslanırdılar. Hürufiliyin ilham mənbəyi isə məhz Nəsimi poeziyasıdır. Bu halda həmin normaları, tövsiyələri elə Nəsimi şeirinin özündə axtarmaq lazımdır.
***
Nəsimi-hürufi etikasında təlimin mahiyyətinin doğru-düzgün ötürülməsi, bilik-məlumatların təhrif olunmadan çatdırılması üçün qaydalar toplusu var.
Hər şeydən əvvəl Nəsimiyə görə, həqiqətin üzə çıxarılması, dərk və qəbul olunması hansı şəkildə baş verməlidir?
Elmül-yəqin ilə oxuyan vəchin, ayətin,
Eynəl-yəqin görər həqqi, haqqül-yəqin tanır.
Nəsimi haqqa qovuşmaq üçün həqiqətin üç süzgəcdən keçirilməsinin vacibliyini göstərir. Başqa sözlə, fikrin, faktın yəqinliyinə əmin olmaq üçün o, üç pilləli yoxlamaya məruz qoyulmalıdır. Bunlardan birincisi «Elmül-yəqin»dir. Yəni həqiqətin yəqinliyi elmi biliklərlə təsdiq edilməlidir. İkincisi — «Eynəl yəqin»dir. Yəni öz gözünlə gör və əmin ol! Nəhayət, üçüncü şərt «Həqqül-yəqin» adlanır. Bu mərhələdə Nəsimi artıq əldə edilən, elmi biliklərlə təsdiq olunanları və öz gözünlə gördüklərini həm də idrakın süzgəcindən keçirməyin vacibliyini göstərir.
Nəsimi tövsiyə edir: oxuduğunu (eşitdiyini) və gördüyünü, o zaman, həqiqət bil ki, onu həm də dərk edirsən.
Aydın görünür ki, Nəsimi-hürufi fəlsəfəsində həqiqət kateqoriyası olduqca mühüm əhəmiyyət kəsb edir. Mahiyyətin dərk edilməsi, həqiqətin yalnız elm və təcrübə süzgəcindən keçəndən sonra təsdiqi və dilə gətirilməsi tələbi bu gün də media mənsubları üçün vacib sayılan etik dəyərdir. Sadəcə, informasiyanın hazırlanması və yayımı prosesində həqiqətin, doğru-dürüstlüyün qorunması prinsipi müasir kodekslərdə, təbii ki, Nəsimi şeiri ilə deyil, fərqli formada əks etdirilir.
Baş verənlər, söylənənlər barədə informasiya və məlumatları yalnız onların həqiqiliyinə əminlik yarandıqdan sonra cəmiyyətə çatdırmalı olan KİV əməkdaşlarının yadına Nəsiminin yeddi əsr əvvəl dilə gətirdiyi bir nəsihəti də salaq:
Yəqin oldu ki, bulmuşsan hidayət,
Dəlilin çün hüda lil-müttəqindir.
Yəqinsiz olmaz iman əhli, niçün
Ki, iman həq buyurdu kim, yəqindir.
Şair tutarlı dəlil olmadan nəyinsə yəqinliyini təsdiqləməkdən çəkinməyə çağırır və hətta belələrinin imanını şübhə altına alır.
***
Nəsimi «yəqin» və «güman» anlayışlarını ayrıca təhlil edir, həqiqətin dərkində gümana əsaslanmağı günah sayır: «Ey tərəddüd edən kəs, bil ki, çürük, əsassız söz xətadır, günahdır. Əgər yəqinində əmin deyilsənsə, yalnız gümanına əsaslanırsansa, həmin sözü deməyin nə dərəcədə düzgündür?» Orta əsrlərdə söylənilmiş bu fikir eynilə çağdaş mediamıza aiddir:
Ey «əlləzü-yuvəsvis» taətlərin həbadır,
Əyri yolun zəlalət, çürük sözün xətadır.
Zənnü güman içində qalmışsan ey yəqinsiz.
Məşkuk ilə kim aydır qılmaq əməl rəvadır?
Dedik ki, Nəsimi fəlsəfəsində həqiqətin dərk olunması mərhələlərindən biri də elm və bilikdir. Lakin Nəsimi hər cür mənbəyi bilgi əldə etmək üçün əsas götürməyi məsləhət görmür. Əgər mənbə tutarlı deyilsə, qərəzlidirsə, onun verdiyi bilginin həqiqət olması da mümkün deyil:
Dil bazarçısı yalandır, varmazam bazarinə,
Gerçək olmaz əgridil, inanmazam iqrarinə.
Sadiq oldur dilini könlü ilə bir eyliyə,
Əyri dildən nəsnə gəlməz, durmuşam inkarinə.
Bu gün cəmiyyətdə KİV-lə bağlı yaranan bir çox problemlərin səbəbi yoxlanılmamış mənbələrdən alınan informasiyaların yayılmasıdır. Nəsimi deyir ki, düzgün olmayan məlumatın ötürülməsi iki səbəbdən baş verir. Birincisi, etibarlı olmayan yoxlanılmamış mənbəyə istinad edilib; ikincisi, məlumat onu yayanın öz marağına uyğun olaraq təhrif edilib. Birinci halda Nəsimi eşitdiklərini öz yəqinlərindən keçirmədən onlara «iqrar» etməyi məsləhət görmür. İkinci halı isə şair bütövlükdə məkr, günah adlandırır. Amma bu halda da günahkarı məkrli sözə görə zindan, yaxud dərisinin soyulması kimi ağır cəza ilə qorxutmur, qınağı («ictimai qınağı») önə çıxarır və insana müraciətlə deyir: «Əgər sənin qəlbin Allahın evidirsə, onda Allahın olduğu «evə» naqisliyi necə yaxın qoyursan?»
Möminin qəlbi içində çünki beytullahdır,
Neçin izzət eyləməzsən anda çün Allahdır.
İstəgil bir əhli-dili, ol bilir həqq yolunu
Kim, anın rövşən dilində həqqə doğru rahdır.
***
Şair yalan informasiya ilə həqiqi, lakin ziyanlı məlumatı fərqləndirir. Yalan söyləmək günahdır, böhtana, şərə görə insan mənəvi məsuliyyət daşıyır. Bu, bəlli. Bəs əgər deyilən söz həqiqətdirsə, amma bu həqiqəti açıqlamağın xeyirdən çox ziyanı varsa, o zaman necə?
Müridlərə müraciətlə yazdığı bir çox şeirlərində Nəsimi ədəb, həya kimi xüsusiyyətləri ön plana çəkir, onları bilgi və məlumatları xalq arasında yayarkən həssas olmağa, diqqəti xeyirdən çox zərər gətirən söz-söhbətlərə yönəltməməyə çağırır. Adəmə — yəni insana, cəmiyyətə divi-rəcim, başqa sözlə, ziyan olan bilgini yaymaq savab yox, xətadır, — deyir:
Divi-rəcimi adəmə həmsöhbət etməyə
Sahibnəzər bilir ki, xətadır, degil savab.
Bu gün, yuxarıdakı sətirlərin yazıldığı vaxtdan 650 il sonra, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin informasiya azadlığı məsələsinə həsr olunmuş 19-cu maddəsini şərh edən beynəlxalq məhkəmələr göstərirlər ki: a) informasiya qanunla qorunan legitim maraqlara toxunduqda, b) qorunan legitim maraqlara dəyə biləcək ziyan ciddi olduqda, v) həmin ziyanın dərəcəsi informasiyaya olan ictimai maraqdan üstün olduqda məlumatın açıqlanmasına məhdudiyyət qoyula bilər.
Nəsiminin beytlərinin bu şərhlərlə həmahəng səsləndiyi göz önündədir. Hər bildiyini aşikara çıxaran kəs yaydığı xəbərin fərqinə varmalı, onu üzə çıxarmaqdan öncə öz kərəmindən keçirməlidir. Kamil insanın kərəmi isə xeyirə xidmət etməlidir.
Vüslətə çin-çin olub, razini aşikar edən,
Gəl kərəm eylə zahir et, bu dediyin xəbər nədir?
Və əksinə: xeyirə xidmət edən həqiqət anında deyilməli və yayılmalıdır!
Həqiqət əhli olasan, görünə hər nə ki var,
Dəmində mərifətindən buluna çox həsənat.
Bir qətrə bəhri-həqiqət sözünü dərc edəlim,
Ki, bir təriqətə min dürlü göstərir hərəkat.
***
Kainatın sirrinə vaqif olmaq yalnız insanın qismətinə yazılıb. Kamilliyə çatmaq üçün insana görmək, öyrənmək və dərk etmək qabiliyyəti verilib. O, ömrü boyu aldığı bilgini söz, kəlam vasitəsilə özününküləşdirir. Öyrənir və öyrədir. Ona görə insana verilmiş bu qabiliyyət və kərəmdən ehtiyatla və həssaslıqla istifadə etmək lazımdır:
Həq sözün gör ki, necə dürdanədir,
Həq sözünü bilməyənlər da nədir?
Cahilü nadan nə bilsin danə, dür,
Danəyi dana bilir kim, danədir.
Dil insanın ürəyində və təfəkküründə olanları söyləmək üçün bir vasitədir. Əgər dil ürəkdə və təfəkkürdə olanları deyil, özgə mətləbləri deyib, insanın içini gizlədirsə, onda insan öz mahiyyətinə xəyanət etmiş olur. İnsanın mahiyyyətində haq-təala olduğu üçün, həmin xəyanət əslində Allaha xəyanət deməkdir.
***
Nəsimi millətindən, dinindən asılı olmayaraq, bütün insanlar üçün eyni mənəvi dəyərlərin vacibliyindən söz açır və müridlərinə də bunu həmişə nəzərdə saxlamağı tövsiyə edir. Nəsimiyə görə, bütün yaranmışlar, bütün mövcudat Xaliqin əsəri və özüdür. Onda dünyadakı ayrı-seçkiliklər, amansız qarşıdurmaların, münaqişələrin səbəbi nədir? Əgər bütün yaranmışlar Xaliqin öz zərrəsidirsə, onda insanlarda bir-birinə qarşı dözümsüzlük, nifrət nə üçündür?
Nəsimiyə məxsus aşağıdakı sətirlər bu gün müxtəlif cəbhələrə bölünərək fərqli düşüncəyə qarşı dözümsüzlük, siyasi, dini, ərazi, etnik mənsubiyyət zəminində ayrı-seçkilik nümayiş etdirən jurnalistikamızın yol verdiyi kobud etik-professional pozuntular fonunda yeddi əsr əvvəlki qədər aktual səslənir:
Çün ibadət həqqədir, məbud bir həqdir yəqin,
Möminin bəs məscidi, gəbrin kəlisası nədir?..
Zahiri batində çün mövcud həqdən özgə yox,
Ya bu mövcudatın ara yerdə qovğası nədir?
Bu fikirləri yaddaşlara həkk etmək, müridlərini tolerantlığa alışdırmaq üçün Nəsimi onları dəfələrlə təkrarlayır.
***
Kim deyə bilər ki, bilik və məlumatların doğru və dürüst ötürülməsi, qərəzə və ayrı-seçkiliyə yol verilməməsi, faktların həqiqətə uyğunluğunun müxtəlif üsullarla yoxlanılması, etibarsız mənbədən alınan informasiyanı və ziyanı xeyrindən çox olan xəbəri yayıb-yaymamaq barədə qərar çıxararkən böyük ehtiyat nümayiş etdirilməsi və əksinə, xeyirə xidmət edən həqiqətlərin anında və məhdudiyyətsiz açıqlanması kimi Nəsiminin orta əsrlərdə müridlərə tövsiyələri bu gün, 2013-cü ilin Milli Jurnalistika Günü ərəfəsində Azərbaycan mediası üçün daha az əhəmiyyət kəsb edir?
Nəsimi fəlsəfəsində cəmiyyətin məlumatlandırılması ilə məşğul olanların (müasir dildə desək, jurnalistlərin) keyfiyyətlərinin, yəni ədəb, həya, tolerantlıq kimi dəyərlərin ön plana çəkilməsi də çağdaş media aləmində rəhbər tutulmalı olan əxlaq prinsipləri ilə üst-üstə düşmürmü?
Söz, mətbuat azadlığı, informasiya yayımı sahəsində bir sıra əsassız məhdudiyyətlərin, yanlış təsəvvürlərin mövcud olduğu və jurnalist professionallığı probleminin aktuallığının artdığı bir dövrdə hələ də yaxşı öyrənilməmiş zəngin irsimizə müraciət etməklə biz ən azı özümüzü növbəti səhvlərdən qoruya bilərik.
Aynanın yeni köşə rubrikasından.