Muəllif:

MDİ -nin başı üstündə qara buludlar sıxlaşır?

Zakir Qaralovun səfir Riçard Morninqstara məktub göndərməsi barədə xəbər rəsmən təsdiqlənib. ABŞ səfirliyi isə cavab verir ki, məktub baxılması üçün Milli Demokratiya İnstitutuna göndərilib. Baş Prokurorluq Zakir Qaralovun Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət etməsi barədə məlumatlara münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında baş prokuror Zakir Qaralovun Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı səfir Riçard Morninqstara müraciət etdiyini təsdiqləyib.

Səfirliyin mətbuat xidmətindən isə bildirilib ki, məktub baxılması üçün MDİ-yə göndərilib. Səfirlikdən o da bildirib ki, MDİ-nin və onun Azərbaycan nümayəndəliyinin fəaliyyəti vətəndaş cəmiyyətinin Azərbaycanın həyatında aktivliyini və demokratiyanın inkişafını dəstəkləməyə yönəlib.

Sözügedən məktubda deyilir ki, prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və «Qrant haqqında» Azərbaycan qanunlarının, Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda»sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövr başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilib. Nümayəndəliyin rəhbəri Aleks Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib.

Məlumata görə, MDİ pulları nağd şəkildə paylayıb.

Bu arada ABŞ dövlət katibi Con Kerrinin Elmar Məmmədyarova zəng vurduğu barədə xəbər yayılıb. Diplomatik mənbələrdən APA-ya məlum olub ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti, ATƏT-in Bakı Ofisinin statusu məsələsini müzakirə ediblər.

ABŞ-ın Azərbaycan səfirliyindən APA-ya telefon danışığından xəbərsiz olduqlarını deyiblər. Azərbaycan XİN mətbuat xidmətindən isə belə bir danışığın olmadığı bildirilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 187