Muəllif:

MDB-də mətbuat azadlığı Avropanın nəyinə lazımdır?

Bu həftənin üç gününü yaşıl xiyabanlarına və küçələrinin genişliyinə görə dünyanın ən maraqlı şəhərlərindən sayılan Kiyevdə oldum. Azərbaycan mətbuatının patriarxları — Arif Əliyev və Elçin Şıxlı ilə birlikdə Ukrayna paytaxtında media azadlığı problemlərinin müzakirə edildiyi toplantıya qatılmışdıq. Avropa Komissiyasının himayəsi ilə keçirilən toplantı günümüz üçün aktual olan bu problemin konkret məkanda — MDB-yə daxil olan Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistanda öz əksini necə tapmasını araşdırırdı. Eyni zamanda toplantı adı çəkilən ölkələrdə mətbuat azadlığının indeksini müəyyənləşdirmək üçün də müəyyən metodika hazırlamalı idi. Problem hədsiz dərəcədə həssas, müzakirəsi isə gərəkli olduğundan iştirakçılar dil qəfəsə qoymadan danışır, dərdlərini deyir, suallar verir, mübahisə edir, bir-birlərinin sözünü kəsir, bəzən razılaşır, çox vaxt da hərə öz fikrində qalırdı. Hərənin ağzından bir avaz gəlməsinə baxmayaraq, onların hamısını eyni avaz birləşdirirdi: hökumətlər jurnalistlərin azadlığına qarşı çıxır, mətbuatı iqtisadi cəhətdən sıxır, tənqidi boğur, məlumat almağı çətinləşdirir. Belə vəziyyət isə təbii ki, insanları ruhdan salır, demokratik dəyişikliklərə inamı azaldır. Ona görə də idealda düşünülən mətbuat azadlığı fikri qalmışdı bir tərəfdə, hər kəs öz ölkəsində gördüyünü çağırırdı:
— Özünüzü aldatmayın, mətbuat azadlığı bir illüziyadır. Neçə ildir mediadayam, vəziyyət daha da pisləşir, Qərb avtoritar rejimlərə təzyiq mexanizmi tapmasa, vəziyyət daha da pisləşəcək — bunu Moldovadan olan Kristina deyirdi.
— Siz nə danışırsınız? Mətbuat azadlığı olmasaydı, bugünkü Gürcüstan cəmiyyəti də olmazdı. Azad mətbuatsız vətəndaş cəmiyyəti mümkün deyil, bir az mübariz olmaq lazımdır — deyə, Nelli Sukuladze etirazını bildirirdi.
— Bilirsiniz, mətbuat azadlığı var, amma bu, hökumətin nəzarəti altında olan azadlıqdır, o səbəbdən də cəmiyyətə faydası azdır — bu da Yerevan Pres-klubunun rəhbəri Boris Navasardyanın fikri idi.
— Biz şahidik ki, mətbuat azadlığı yaşadığımız cəmiyyəti dəyişir, bizim özümüzü də dəyişir, onun üçün də cəmiyyət bu azadlıq uğrunda mübarizə aparmalıdır — deyə ukraynalı Oksana Voloşenyuk əməlli-başlı inqilabi çağırış edirdi.
— Siz kefdən danışırsınız ey, deyəsən, Belarusdan xəbəriniz yoxdur. Bizdə tənqid yazan qəzetləri mələdirlər, jurnalistləri tuturlar. Hər yerdə senzuradır, bizim televiziyada hətta musiqiyə də senzura qoyublar, bəstəkarlara və mahnılara aid «qara siyahı» var — Minskdən gəlmiş Lena bunları ağlamsınaraq deyirdi.
* * *
Tədbirin təşkilatçısı olan «İnternews Ukrayna»nın ofisində aparılan bu qızğın müzakirələr göstərdi ki, sovet şinelindən çıxmış respublikaların hamısında mətbuat azadlığı ilə bağlı vəziyyət təxminən eynidir. Azərbaycanda da azad mediaya təzyiqlərin getdikcə artdığının xüsusi vurğulandığı müzakirələrin ab-havası onu da təsdiq etdi ki, adı çəkilən ölkələrdə demokratiya romantikası hələ də ölməyib, cəmiyyət diridir. Yəni həbslərə, cərimələrə və başqa təzyiqlərə baxmayaraq, hələ də azad medianın nəfəsi gəlir, məsləkli jurnalist camiyəsi avtoritar rejimlərin basqısına tab gətirərək, cəmiyyətdəki işığı əks etdirir. Deməli, indi əsas vəzifə hökumətin isti qucağına sığınmaqdan imtina etmiş azad medianı qoruyub gücləndirməkdir. Görünür, buna görədir ki, Avropa Komissiyası MDB ölkələrində media azadlığını əvvəlkindən daha çox həssaslıqla diqqət mərkəzində saxlamağa çalışır.
Bəs nədir azad media və Qərb institutları nəyə görə onun üzərində bu qədər əsirlər? Mövcud təsəvvürlərə görə, müstəqil mətbuat heç bir təmənna güdmədən məlumatı dəqiq və qərəzsiz şəkildə öz auditoriyasına çatdıran vicdanlı araçıdır. Bu media hakimiyyət üzərində ictimai nəzarətçi, ictimai tənqidçi, həm də ictimai forumdur. Belə media cəmiyyətə doğru məlumatlar verməklə qaranlıqlara işıq salır, gediləcək yolları işıqlandırır, xalqı talayan korrupsioner hakimiyyətləri ifşa edir. Bu missiyasını gerçəkləşdirmək üçün media mütləq müstəqil olmalıdır. Doğrudur, bəzən hökumətin rəsmən maliyyələşdirmədiyi qəzetlər və xəbər saytları da özlərini müstəqil adlandırmağa meyillənir. Lakin belə yanaşma «müstəqillik» sözünün mənasını daraldır. Çünki qəzetin, yaxud telekanalın müstəqilliyi birinci növbədə hakimiyyətdən, heç bir siyasi qüvvədən, heç bir biznes qurumundan və oliqarxdan asılı olmaması ilə ölçülür. Bilirəm ki, bu dəqiqə ağlınızdan sual keçir ki, yəni bizdə belə TV var? Yaxud müstəqil qəzetlərimizin sayı bir əlin barmaqları qədər olar?
Mətbuat azadlığı birbaşa söz və fikir azadlığı ilə bağlıdır. Çünki azad mətbuat ictimai inkişaf üçün vacib olan fikir müxtəlifliyinə şərait yaradır və sabit ictimai quruluşun dağılmasının qarşısını alır. Deməli, mətbuat azadlığı sabitlik və dəyişiklik arasında müvazinət yaratmaq vasitəsidir. Bax buna görə də kövrək cəmiyyətlərin, təbii ki, həm də demokratik sistem qurmaq istəyən cəmiyyətlərin möhkəmliyi üçün Avropa mətbuat azadlığının olmasını istəyir. Avtoritar hökumətlər isə bundan qorxur.
* * *
MDB məkanında gedən proseslərin acı təcrübəsi göstərir ki, mətbuat azadlığı üçün təhlükələr həmişə qalır. Bu təhlükələr hökumətin birbaşa və dolayı nəzarəti, siyasi basqı, iqtisadi təzyiq, çap və yayım vasitələrinin nəzarətdə saxlanması ilə bağlıdır. Məsələn, çox rəmzidir ki, mətbuat azadlığı problemlərinin qızğın müzakirə edildiyi bu üç gün Ukraynada da hadisəsiz ötüşmədi. Hökumət neçə aylardan bəri susdurmağa çalışdığı ölkənin əsas müxalifət mövqeli TV-İ telekanalının təsisçilərini «hüquqi yolla» dəyişdirdi. Yerli mətbuat bunu söz azadlığına basqı kimi qəbul etdi, telekanalın jurnalist kollektivi bu addıma kütləvi etirazla cavab verdi, ölkə parlamentinin bir çox deputatı bu dəyişikliyi azad medianı susdurmaq cəhdi kimi qınadı.
Biz baş verən olayın Ukrayna mətbuatında necə işıqlandırılması ilə maraqlandıq. Məlum oldu ki, hökumətyönlü qəzetlər və telekanallar bu barədə təkidlə susur, söz azadlığına yaranmış təhlükə ilə bağlı məlumatları ölkə ictimaiyyətinə yalnız azad mətbuat çatdırırdı…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 270