Muəllif:

MBQ: Azərbaycan büdcəsi qeyri-şəffaf və səmərəsizdir

Dövlət büdcəsi ölkənin neft sektorundan asılı olaraq qalmaqdadır, investisiya xərcləri isə qeyri-şəffafdır və iqtisadi səmərəlilik nöqteyi-nəzərdən şübhə doğurur. “Milli Büdcə Qrupu” (NBQ) QHT koalisiyasının Aİ-nin maliyyə dəstəyi ilə Britaniyanın Oxfam təşkilatı ilə birgə həyata keçirilən “Sizin pulunuz – Sizin gələcəyiniz” layihəsi çərçivəsində Park İNN otelində bugünki dəyirmi masada təqdim etdiyi rəy müəlliflərinin gəldiyi nəticə belədir.
Ekspertlər 2012-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın parlamentdə müzakirə olunmadan təsdiq edilməsi prosedurunu da tənqidə məruz qoyublar.
Sosial-iqtisadi inkişaf Mərkəzinin eksperti Rəşad Həsənov 2012-ci ildə ÜDM-in 54 mlrd. manata çatmasına baxmayaraq, bu göstəricinin 5,7 faiz artacağı haqqında proqnozların yerinə, artış cəmi 2,2 faiz təşkil edib. Bu, əsas ölkədə neft hasilatının azalması ilə şərtlənib.
Ümumi həcmi 17,3 mlrd. manat təşkil edən büdcə gəlirlərinin strukturunda Neft Fondundan transfertlərin payı 57,3 faiz, Vergi Nazirliyindən 34,9%, gömrükdən 7% və digər mənbələrdən 1% təşkil edib.
Ekspertin fikrincə, Neft Fondundan transfertlərin hər il durmadan artımı ölkənin ümumi iqtisadi vəziyyətinə mənfi təsir edir və böyük vergi ödəyicilərinin məsuliyyətinin və hökumət tərəfindən onlara qarşı tələbkarlığın azalmasına səbəb olur. Məsələn, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi proqnozlaşdırılan 9,9 mln. manat yerinə dövlət büdcəsinə cəmi 1,9 mln. manat, yəni beş dəfə az vergi ödəyib.
Sosial-İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Məhəmməd Talıblı qeyd edib ki, Amerika Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatının məlumatına görə, Azərbaycan büdcə açıqlığı indeksinə görə dünyanın 100 ölkəsi arasında 58-ci yeri tutur. Bu o deməkdir ki, Azərbaycanda büdcə sənədləri ictimaiyyət üçün yalnız qismən açıqdır. Buna görə, hökumət büdcənin şəffaflığı üçün hələ çox şey etməlidir. Talıblının sözlərinə görə, dövlət büdcəsinin investisiya xərcləri böyük qınaqlara səbəb olur, bu xərclər ildən ilə artır. Məsələn, Hacıqabul-Kürdəmir yolunun inşaatına 41 mln. manat ayrılıb, bu zaman yolun uzunluğu, layihə işlərinin smeta dəyəri haqqında məlumat verilmir.
Bundan başqa, nəqliyyat sahəsinə böyük ölçüdə vəsait ayrılmasına baxmayaraq, kənd təsərrüfatına investisiya səviyyəsi 1%-dən az olmaqla, aşağı olaraq qalır. Bir halda ki, kənd təsərrüfatına əhalinin 39%-i cəlb edilib. Azərbaycanın gələcəkdə ÜTT üzvü olacağını nəzərə alaraq, indidən kənd təsərrüfatının maliyyə himayəsi üzrə tədbirlər görülməlidir ki, o, gələcəkdə rəqabətə tab gətirsin.
Ekspert həmçinin “Eurovision” müsabiqəsinə həddindən artıq böyük vəsait xərcləndiyinə diqqət çəkib. Belə ki, rəsmi olaraq “Eurovision”la bağlı 10 tədbir üçün 74,5 mln. manat ayrılsa da, dolayı yolla ümumilikdə müsabiqəyə həsr edilmiş layihələrin həyata keçirilməsinə 458,6 mln. manat və ya 590 mln. dollardan çox vəsait xərclənib.
Büdcənin sosial istiqamətə yönəlməsi də azalır, deyə Talıblı qeyd edib. Azərbaycanda dövlət büdcəsinin xərclərinin dörddə biri sosial sahəyə yönəldilib. Bu mənada Azərbaycan region üzrə qonşuları olan Qazaxıstan və Gürcüstandan geri qalır, bu ölkələrdə sosial sahəyə ayrılan vəsait büdcə xərclərinin təxminən 40%-ni və üçdə birini təşkil edir.
Ekspert rəyində bir sıra tövsiyələr və xüsusən, Neft Fondundan transfertlərin məhdudlaşdırılması, kölgə iqtisadiyyatının leqallaşdırılması, inhisarların aradan qaldırılması, rəqabət mühitinin formalaşdırılması, biznes üçün himayəçi vergi siyasətinin həyata keçirilməsi, aqrar sektora dövlət investisiyalarının artırılması və s. təklif edilib.
Ötən il dövlət büdcəsinin gəlirləri 17 mlrd. 281 mln. 521,57 min manat, xərclər 17 mlrd. 416 mln. 452,99 min manat, defisit 134 mln. 931,421 min manat (və ya ÜDM-in 0,3%-i) təşkil edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 222