Muəllif:

MB-yə aqrar bank ideyasını gözdən keçirmək tapşırığı verilib

Hökumət kənd təsərrüfatı mülkiyyətçilərinə maliyyə dəstəyini artırmaq və bu sahədə çalışan insanlara kredit əldə etmək imkanlarını daha da canlandırmaq üçün mərkəzləşdirilmiş ixtisaslı bank qurumu yaratmağı nəzərdə tutur. 

Kənd təsərrüfatına əsasən universal banklar xidmət göstərir. Regionlarda mikromaliyyələşdirmə üzrə təşkilatlar mövcuddur. Hökumət tərəfindən kənd təsərrüfatına maliyyə dəstəyi ilə bağlı, dövlət və özəl olmaqla, müxtəlif formada maliyyə dəstəyi reallaşdırılır. Amma ölkənin müasir inkişafı və kənd təsərrüfatının potensialı maliyyələşmənin artırılmasını tələb edir. Ölkə əhalisinin 40 faizi kənd təsərrüfatı sahəsində çalışır və onların sayı 4,5 milyon nəfər olan iqtisadi fəal əhalinin 80 faizini təşkil edir. Ona görə də kənd təsərrüfatı mülkiyyətçiləri üçün ayrıca güzəştli şərtlərlə kredit siyasətini həyata keçirən banka ehtiyac var.
Mərkəzi Bankdan verilən məlumata görə, bu məsələ hökumət tərəfindən ciddi müzakirə olunur və Mərkəzi Banka (MB) aqrar yönümlü bankın yaradılmasını nəzərdən keçirmək tapşırığı verilib.

MB-nin sədr müavini Aftandil Babayev mətbuata açıqlamasında bildirib ki, ixtisaslaşdırılmış aqrar bankın yaradılması gündəmdədir və bunun üçün iqtisadi mexanizmlər mövcuddur. Əvvəlcə bankın kommersiya xarakterli, yaxud dövlət bankı olması məsələsi müəyyən olunmalıdır, sonra bu maliyyə strukturunun yaradılması potensialına baxmaq lazımdır. Burada bir neçə variant təklif olunur. “Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti bazasında bankın yaradılması təklif olunur.

Qeyd edək ki, bir neçə il əvvəl ölkəmizdə kənd təsərrüfatının maliyyələşməsi ilə məşğul olan Aqrar-Sənaye Bankı mövcud olub, sonradan bank ləğv olunub və onun hüquqi varisi kimi «Aqrarkredit» kredit təşkilatı yaranıb. Bu qurum neçə ildir ki, aqrar sahəyə maliyyə dəstəyi göstərir, təşkilatın fəaliyyətini genişləndirib banka çevirmək mümkün hesab olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199