Muəllif:

MB: uçot dərəcəsi 0,25 faiz azaldıldı

Mərkəzi Bank uçot dərəcəsini 5 faizdən 4,75 faizə endirib. Bankın yaydığı açıqlamaya görə, bu addım inflyasiyanın aşağı səviyyəsini, pul kütləsinin artım templərini, habelə milli iqtisadiyyatın şaxələnmə prioritetlərini nəzərə alaraq qəbul edilib. MB sonuncu dəfə ötən ilin dekabrında uçot dərəcəsini endirib. Həmin vaxt bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 5,25 faizdən 5 faizə endirilmişdi.
Amma əksər mütəxəssislər hesab edir ki, uçot dərəcəsindəki bu endirim həddən artıq azdır və o, bankların təklif etdiyi depozit və kredit faizlərinə elə də güclü təsir etməyəcək. Eyni zamanda, nəzərə almaq lazımdır ki, banklarımızın maliyyə vəsaitlərinin əsas hissəsini heç də MB-dən cəlb etdikləri maliyyə vəsaiti təşkil etmir.
Uçot dərəcəsi — Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Baxmayaraq ki, kommersiya bankları ölkənin başlıca kreditorlarıdır və onlar biznes kompaniyalarına və fərdi şəxslərə müəyyən şərtlərlə borc verməklə məşğuldur, eyni zamanda, onlar kredit üçün mərkəzi banka müraciət etdikdə həm də borcalan-banklara çevrilirlər.
Əksər ölkələrdə mərkəzi bankın inzibatı qaydada bu uçot dərəcəsini dəyişmək hüququ var. İqtisadi konyunkturada baş verən dəyişikliyə reaksiya olaraq mərkəzi bank uçot dərəcəsini həm azalda, həm də artıra müvafiq olaraq, pul təklifini də artırıb, azalda bilər.
Uçot dərəcəsini aşağı saldıqda kommersiya bankları tərəfindən mərkəzi bankın pullarına olan tələb artır, kommersiya bankları daha çox pul götürməyə çalışır ki, bunun sayəsində də onların maliyyə imkanları böyüyür. Uçot dərəcəsi qalxdıqda isə kommersiya banlarında əks reaksiya müşahidə olunur: mərkəzi bankın kreditlərinə tələbat düşür və bankların maliyyə imkanları məhdudlaşır.
İqtisadçı Vüqar Bayramov bu addımı şərh edərək bildirib ki, uçot dərəcəsinin 0,25 faiz aşağı salınması bank sektorunda hər hansı ciddi dəyişikliyə səbəb olmayacaq. Çünki inflyasiya səviyyəsinin aşağı olması ilə bağlı rəsmi rəqəmlərə rəğmən, istehlak bazarında qiymət artımları müşahidə edilir. Onu da nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın uçot dərəcəsi hələlik iqtisadiyyatın şaxələnməsinin dəstəklənməsi baxımdan strateji alətə çevrilməyib. Bankın uçot siyasətindən daha çox məzənnə siyasəti qeyri-neft sektorunun dəstəklənməsi üçün əhəmiyyətlidir ki, bu sahədə də tənzimlənən valyuta rejimi hələ də saxlanılmaqdadır:
«Mərkəzləşdirilmiş kredit resursları bankların cəlb etdiyi bütün mövcud vəsaitlərin cəmi 5 faizini təşkil etdiyindən uçot dərəcəsinin aşağı salınması nəinki ciddi, hətta hiss edilən faiz endirimlərinə və ya bankların ucuz vəsaitlərlə təmin edilməsinə səbəb ola bilməz. Unutmaq olmaz ki, mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından bu qərar bütün bank sektorunu əhatə edə bilmir. Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir, ya ümumiyyətlə yoxdur. Digər tərəfdən uçot dərəcəsinin aşağı olmasına baxmayaraq, mərkəzləşdirilmiş kreditlərin verilmə şərtlərinin ağır olması (kreditin müddəti, girov şərtləri və s.) bankların bu vəsaitlərdən istifadə meyllərini azaldır. Nəhayət, sonuncu səbəblərdən biri də odur ki, bir sıra digər ölkələrdən fərqli olaraq mərkəzləşdirilmiş kreditlərə müraciət açıq pəncərə əsasında formalaşmadığı üçün kommersiya banklarının həmin vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır».
V.Bayramovun şərhinə görə, uçot dərəcəsinin salınmasından yalnız mərkəzləşdirilmiş kreditlərə çıxış imkanları olan az sayda bank yararlana bilər. Ekspert təəssüflə qeyd edir ki, heç də bütün bankların reallıqda bu vəsaitləri əldə etmək imkanları yoxdur. Bu isə MB-nin son qərarının bütün bankları əhatə etməyəcəyindən xəbər verir. İSİM sədrinin fikrincə, Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı daha çox bankın proseslərə çevik reaksiya verməsi görüntüsü yaratması təsiri bağışlayır:
«Aydındır ki, bank sektorunun indiki durumunda uçot dərəcəsinin 0,25 faiz aşağı salınması əhəmiyyətli dəyişikliklərə səbəb olmayacaq. Belə olan halda, MB-nin 1 faizin 1/4-i həcmində faiz endirimlərinə getməsinin tam olaraq iqtisadi faktorlarla izah edilməsi çətinləşir».
V.Bayramov deyir ki, Avropa Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı sıfır tamlı endirimləri Azərbaycan Mərkəzi Bankı üçün nümunə rolunu oynaya bilməz:
«Çünki hazırda 0,75% uçot dərəcəsi olan Avropada hətta 0,05 faizlik endirimlər də bu qitənin bank sistemində ciddi dəyişikliklərə səbəb olur».
Ekspertin qənaətincə, Mərkəzi Bankın bank sektorunun sağlamlaşdırılması, bu sektordakı haqsız rəqabəti aradan qaldırılması və eləcə də sektorun liberallaşması istiqamətində addımlar atması daha məqsədə uyğun olardı.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə deyir: «Yəqin Mərkəzi Bankda hesab edirlər ki, Azərbaycan ABŞ və ya Avropadır, uçot dərəcəsini 0,25% aşağı salan kimi inflyasiya artacaq və kreditlərin faiz dərəcəsi azalacaq».
Ekspertin fikrincə, uçot dərəcəsinin 0,25 faiz azaldılmasının kredit faizlərinə heç bir təsiri olmayacaq: «Uçot dərəcələri ölkə üzrə kredit faizlərinə ciddi təsir göstərmir. Bunun əsas səbəbi bankların kredit portfelində Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin payının az olması və ölkə iqtisadiyyatında riskin yüksək olmasıdır. 2008-2009-cu ildə MB uçot dərəcəsini 7,5 dəfə (15%-dən 2%-ə kimi) azaltdı. Amma bu, kredit faizlərinə təsir göstərmədi. Çünki ölkədə kredit faizlərinə əsas təsiri əmanətlərin faiz dərəcəsi göstərir. Nə qədər ki, əmanətlər üzrə faiz dərəcələri 10%-dən yüksəkdir, kreditlər də 20%-dən yüksək olacaq».
S.Əliyevin sözlərinə görə, bankların kredit portfelində mərkəzləşdirilmiş kreditlərin payı 10-15%-dən çox deyil: «Çox az bank MB-dən mərkəzləşdirilmiş kredit alır. Əsasən əmanətlər üstünlük təşkil edir ki, bu bənd üzrə pay 50%-dən çoxdur. Hətta elə bank var ki, onun kredit portfelində əmanətlərin payı 70 faizə çatır. Ona görə də əsas təsiri əmanətlər göstərir». Bütün bunların fonunda ekspertin qənaətincə, kreditlər üzrə faiz dərəcələrinin azalması üçün əmanətlər üzrə faiz dərəcələri azalmalıdır: «Məsələn, sığortalanan əmanətlər üzrə faiz dərəcələri 15dən 12-yə endiriləndə kredit faizləri də müəyyən qədər azaldı».
S.Əliyev onu da qeyd etdi ki, Azərbaycanda bankların kredit vermək üçün əldə etdikləri resursların dəyəri baha olduğu üçün kreditlər də baha olur. Ölkədə illik inflyasiya 1,1% inflyasiya təşkil edirsə, uçot dərəcəsi indiki kimi 4,75%-ə yox, daha aşağı salınmalı idi: «Ən çoxu 2-3% civarında olmalı idi. İndiki qərar onu göstərir ki, inflyasiya reallıqda daha çoxdur. Ona görə MB uçot dərəcəsini cüzi salmağa məcburdur».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1102