MB bankların ”faizi tələsi”nə təsir edə bilmir, yoxsa etmək istəmir?
Kredit faizləri ilə bağlı vəziyyət, yumşaq desək, yaxşı deyil. Azərbaycan, Ukrayna və Belarus MDB-də ən yüksək faizlə kredit təklif edən ölkələrdirlər: Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də, bank faizlərində azalma yoxdur. Hazırda kommersiya banklarının təklif etdikləri kredit faizləri 16 -30 faiz intervalında dəyişir. Depozitlər üzrə orta faiz dərəcəsi isə son bir ildə 16 faizdən 8 faizə düşüb.
Mərkəzi Bank İdarə Heyətinin sədri mətbuata açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum kredit faizlərinin tənizmlənməsinə təsir göstərə bilməz. Arqumenti sadədir: faiz dərəcələrini MB deyil, bazar tənzimləyir. Bu cavabı çox sadə 2 sual yaradır: kredit faizləri Azərbaycan ilə müqayisədə 7 dəfə ucuz, yəni 3-5 faiz intervalında təklif edilən ABŞ və ya Avropa Birliyində faizləri bazar tənzimləmirmi? Və əgər həmin ölkələrdə “bazarlar” varsa niyə kredit faizlərini “tənzimləyib” bizdə olduğu kimi 25-35 faizə çatdıraraq yüksək gəlir əldə etmirlər?
Bu suallara iqtisadçı Vüqar Bayramov aydınlıq gətirib: ”Etiraf etmək lazımdır ki, MB sədrini bildirdiyi “bazar faktoru” da təbii ki, var. Digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəcələrini tam olaraq aşağı salmaq şəraitini yaratmır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin tədqiqatları göstərir ki, real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 50 faizə yaxın olur. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankları da daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə edən əsas faktorlardan biridir. Təəssüf ki, bu indiki halda yüksük bank faizlərinin formalaşması ilə ifadə edilir”.
Bəs, MB kredit faizlərinin aşağı salınması üçün nə etməlidir? Bayramov deyir ki, əslində, MB-nin əlində bazardakı kredit faizlərini tənzimləmək üçün kifayət qədər alət var.
Birincisi, MB real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komission haqlarının tənzimlənməsini və haqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməlidir. O təəssüflə qeyd edir ki, komission haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. Bəzi kommersiya bankları hətta 10-12 faizlik komission haqları təklif edir. Bankların ”faizi tələsi” əslində çox sadədir: banklar faizi elan edir, amma komison haqlarının faizini bildirmirlər. Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komission haqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edir. Bu zaman müştəri iki sənədə qol çəkir: 540 manatlıq kreditin alınması və 40 manatlıq komission haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilir. Buna baxmyaraq, kredit faizləri 500 manatdan deyil 540 manatdan hesablanır. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olur. Təbii, bank arqument gətirə bilər ki, 40 manat da kredit formasında təqdim edilib. Buna görə də, hazırda inkişaf etmiş ölkələrdə simvolik olan komission haqları üçün MB maksiumum limitlər müəyyyənləşdirə bilər. Bu baxımdan, MB komission haqlarının 2 faizdən çox təyin edilməsini qadağan etməsi məqsədəuyğun olardı.
“İkincisi, MB kommersiya banklarına həmçinin “məzənnə oyununu” da qadağan etməlidir. Vətəndaş 500 manat kredit götürmək istəyirsə, o zaman əksər banklar həmin vəsaiti ABŞ dollarına konvertasiya edir. Daha sonra isə yenidən manata keçirir. Faktiki olaraq, bank “valyutanın alış-satış məzənnəsində” müştərini, yumşaq desək aldadır. Manatla verilən kredit isə dollar ilə hesablanr. Buna görə də, MB kredit valyutasının yalnız müştərinin istədiyi valyuta ilə ödənilməsinə göstəriş verməlidir”, deyə Bayramov vurğulayır.
Üçüncüsü, MB bank sektorunda liberallaşmanı sürətləndirlməlidir. Bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur. Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. Praktik olaraq, bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə təbii ki, həmin sektorda rəqabətin inkişafına imkan vermir. “Əkiz bankların” mövcudluğu hazırda rəqabətin formalaşmamasının əsas səbəblərindən biridir. Bank sektorundakı liberallaşma kredit faizlərinin hətta 2 dəfə aşağı düşməsinə gətirib çıxara bilər.
Dördüncüsünə gəldikdə, iqtisadçı hesab edir ki, kommersiya banklarının mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanları genişləndirilməlidir. Mərkəzi Bankın 4,75 faizlik uçot stavkası kommersiya kreditlərinin faiz dərəcəsind 4 dəfə azdir. Bu isə iqtisadi baxımdan anormal balansdır. MB-nin mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 7 faizini təşkil edir. Onun dediklərinə görə, bu da banklarin vəsaitlərin 93 faizini kənardan cəlb etmələri deməkdir. Bu baxımdan, kənar mənbələrin sayının çox olması cəlb edilən kredit resurslarının bahalı olmasına səbəb olur ki, son nəticədə kredit faizləri yüksəlir. Nəzərə alsaq ki, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır, o zaman bunun əhəmiyyəti daha da artır. Beynəlxaql kredit reytinqinin yüksək olmaması banklara birbaşa kredit resurslarına müraciət etmək şəraiti yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışır. Bu da fazilərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərin üzərinə cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit xərcini artırır. Buna görə də, “ucuz resurslar” ilə MB bankların kredit xərclərinin azalmasına və faiz dərəcələrinin aşağı düşməsinə nail ola bilər.
Bayramov deyir ki, beşinci alət o ola bilər ki, MB kommersiya banklarının beynəlxalq maliyyə qurumlarından daha aşağı faizli kreditlərin cəlb etməsinə imkan və stimul yaratmalıdır. Bu qurumların kredit faizlərinin 4-7 faiz intervalında dəyişdiyini nəzərə alsaq, o zaman bu kommersiya bankları üçün ucuz maliyyə resurslarının yaranmasına gətirib çıxara bilər.
Altıncı, depozitlərin sığortalanan faiz dərəclərinin mərhələli azaldılması davam etməlidir. Depozit faizlərinin yüksək olması kredit faizlərinin də artmasına gətirib çıxarır. Depozit faizlərinin azalmasına nail olmaq “2 faiz arasındakı” əlaqənin bərpasına nail olmaq lazımdır.
“Nəhayət, MB kommersiya banklarında kredit faizlərini aşağı salması üçün sözügedən inzibatı tədbirlər ilə yanaşı kifayət qədər çoxlu psixoloji və təşviqedici alətlərə malikdir. Sadəcə, bu alətlərdən istifadə etmək lazımdır”.