MB 2 manatlıq əskinaslar buraxmaq üzərində düşünməlidir
“1 manatlıq sikkələrə keçməyin vaxtı çoxdan çatıb. Bütün dünyada sınaqdan çıxmış təcrübədir ki, metal pulların ömrü kağız pullarla müqayisədə dəfələrlə çox olur. Mərkəzi Bank 1 manatlıq sikkələri buraxmaqla yanaşı 2 manatlıq əskinasın dövriyyəyə buraxılması üzərində düşünməlidir”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə Mərkəzi Bankın 1 manatlıq sikkələrin buraxılması ideyasına münasibət bildirərkən deyib.
S.Əliyev diqqəti metal pullara yönəldərək onların da tətbiqinə ehtiyac olduğunu bildirib: “Hazırda dünyada valyutası Azərbaycan manatının məzənnəsinə yaxın olan Avropa Birliyi, Böyük Britaniya və c. kimi ölkələrdə 1 nominallı pullar sikkə şəklində buraxılır. Xatırlayırsınızsa, sovet dövründə də 1 rubl həm kağız, həm də sikkə şəklində tədavülə buraxılmışdı. Təbii ki, paralel olaraq eyni nominaldan olan kağız və dəmir pulların işləməsi müəyyən çətinliklər yaradır. İnsanlar kağız pula daha çox üstünlük verirlər. Ən azı sikkəni cibdə gəzdirmək insanda müəyyən rahatsızlıq yaradır. Ancaq buna baxmayaraq Mərkəzi Bank sikkələrə keçidə start verməlidir. Əks halda tez-tez kağız pul çap etdirməli olacaq”.
Ekspertin fikrincə, valyuta dəyərdən düşdükcə ondan istifadə sürəti artır və daha tez-tez aşınmaya məruz qalır. “Bunun üçün aşağı nominallı pulları sikkə şəklində buraxırlar. Dəmir pulun yaradacağı problem bankomatlarla bağlı ola bilər. Çünki bankomatlar ancaq kağız pul üçün nəzərdə tutulub. Bu o deməkdir ki, pensiyaçılar və sosial müavinət alan şəxslər pullarını bankomatdan tam götürə bilməyəcəklər. Bankomatlarda ən azı 4 manata qədər pul qalacaq».
Ekspert çıxış yolu olaraq yeni əskinasların buraxılmasını təklif edir: “2 manatlıq əskinasların tədavülə buraxılması bankomatlarda xırda pulun götürülməsi zamanı ortaya çıxa biləcək problemi önləyə bilər. Digər tərəfdən bu gün 1 manatlıq əskinasdan sonra 5 manatlıq gəlir. Bu isə ödəniş zamanı problemlər yaradır. Xüsusilə də şəhərarası nəqliyyatda belə problemin canlı şahidi oluruq. Dünya təcrübəsində də 2 nominallı metal pullar mövcuddur. Məsələn, 2 avro, 2 funt və s.. Hətta sövet dövründə 3 rubl nominalında əskinaslar tədavüldə olub. Buna görə də Mərkəzi Bank 1 manatlıq sikkələri buraxmaqla yanaşı yeni 2 manatlıq əskinasın və dəmir pulun buraxılması üzərində düşünməlidir”.
Ekspert puldan istifadə mədəniyyətinə də toxunub: “Acı həqiqətdir ki, vətəndaşlarımızda puldan istifadə mədəniyyəti hələ də tam formalaşmayıb. Kağız pulları pul qabına qoymaq əvəzinə cibdə səliqəsiz şəkildə saxlayırlar. Mən hələ şəhər nəqliyyatında 1 manatlıq əskinasları büküb avtobusun dəlmə-deşiklərinə soxmaqlarını demirəm. Nəticədə düzgün istifadə olunmayan kağız pullar cırılmağa, əzilməyə və şalvarqarışıq yuyulmağa məruz qalır. Biz dövriyyədə kifayət qədər «skoç»lu manatlıqlara rast gəlirik.”