Muəllif:

Mazoxizm, Erotikanın Əlifbası

İstanbul

I heykəl
«Əgər ukraynalı mazoxist deyilsə, deməli o, ukraynalı deyil», — bunu deyən Aleks adlı ukraynalı dostumdur.
Lvovun tarixi mərkəzində, «Mazox» adlı bir kafedə oturmuşuq. Divarlarda mazoxizmlə bağlı müxtəlif qravürlər, məlumatlar asılıb, qapıların qıfıl dəlikləri vuayerizmə işarə vurur, menyuda afrodiziak yeməklərin üstünlüyü diqqət çəkir. Sözlərinə təbəssüm etdiyimi görən Aleks əli ilə kafenin önündəki heykəli göstərərək, Zaxer-Mazoxun özünü rusin saymasını ukraynalıların özlərini mazoxist saymalarına sübut olduğunu söyləyir.
Əslində isə görkəmli Avstriya yazıçısı Leopold fon Zaxer-Mazox (1836-1895) rusin, yəni şərqi slavyan deyildi. Sadəcə olaraq o, Lemberqdə (indiki Lvovda) dünyaya gəlmişdi. Damarlarında alman və ispan qanı axan Zaxor-Mazoxun süd anası kəndli bir ukraynalı qadın olur. Ondan eşitdiyi nağıl və rəvayətlər Mazoxun həyatında silinməz izlər buraxır, Qalitsiya və Ukrayna xalqına sonsuz sevgi ilə bağlanır. Bu folklor nümunələri onun almanca yazdığı novellaların əsas mövzusuna çevrilir. 12 yaşında ikən paltar şkafının içində xalası qrafinya Ksenobiyanın xəzləri ilə oynarkən təsadüfən qadının iki aşnası ilə qeyri-adi cinsi münasibətlərinə şahid olur. Kiçik Leopold dərindən sarsılır, gördükləri ona psixoloji travma yaşadır. Zamanla xalası onu da tükənməyən ehtiraslarına, şəhvətli həvəsinə alət edir, onu mənəvi aşağılanmadan, acı çəkməkdən zövq alma kimi fərqli həyəcanlarla tanış edir. Praqa və Qrats universitetlərində hüquq və riyaziyyat oxuyan Mazox «Kolomıyalı Don Juan» romanının uğurundan sonra ömrünü ədəbiyyata həsr edir. «Xəz dərili Venera» (1870) isə ona görünməmiş şöhrət gətirir, roman bu gün də erotik ədəbiyyatın ən önəmli əsərlərindən biri sayılır. Zəif erkək üzərində despotik qadın basqısı Mazoxun digər əsərlərində də ön plandadır. 1886-cı ildə görkəmli avstriyalı psixiatr, nevroloq, seksologiyanın banisi Rixard fon Ebing Zaxer-Mazoxun hekayə və romanlarından ilham alaraq fiziki və mənəvi acıdan, ağrıdan zövq alanları «mazoxist» adlandıraraq, seksopatologiyaya yeni termin gətirir…
Aleks həvəslə Lvovdakı Mazox heykəlinin müəllifindən — Vladimir Sisarikdən danışır, 35 yaşlı bu məhşur heykəltaraşın yaptığı heykəlin şəhərin simvoluna çevrildiyini deyir…
Heykəlin açıldığı 2008-dən bəri mazoxizm ən aktual mövzudur ölkədə, çünki avtoritar rejimi sabitliyə qurban vermək mazoxizmdir Aleksə görə. Saçyoldu, iztirab, acı çəkmək milli xüsusiyyətə çevrilib ki, ukraynalıların Qolodomoru belə karnavala çevirdiklərini söyləyir vətənpərvər dostum. Qəribə millətik deyir, bizi bu günə salanları, bizə nifrət edənləri sevirik, bu mazoxizm deyil, bəs nədir? Cavab verməyə cəhd edirəm, deyirəm ki, mazoxizm də, sadizm də insana, onun şəxsiyyətinə qarşı olan alçaldıcı, aşağılayıcı, təhqiredici münasibətin nəticəsi, köləliyi dadmış birinin köləlik daddırma ehtirasıdır. Hirslə sözümü kəsərək «Mənim də dediyim elə budur»,- deyir…
II heykəl
«SSRİ-də seks yoxdur» — Sovetin son illərində gəlmişdilər bu nəticəyə. Vladimir Poznerin Amerika ilə ilk tele-körpülərindən birində rus qadınları «problemi» belə kəskin dilə gətirmişdilər. Əslində isə seks vardı və bəlkə də indikindən daha çox idi, sadəcə seksdən danışmaq ayıb sayılırdı. Zaman keçdi və məlum oldu ki, hətta proletariatın belə seksi var imiş. «Sovet Erotikasının Əlifbası» əsəri buna ən bariz sübutdur. 1931-ci ildə çəkilən bu rəsm əsərinin məllifi Sergey Merkurovdur (1881-1952). «Sovet Kama-Sutra»sından sonra o, həyatının qalan hissəsini Lenin və Stalin heykəlləri yapmağa həsr etdi, Stalin mükafatı aldı, SSRİ xalq rəssamı oldu, görkəmli monumentalist kimi sənət tarixinə düşdü. Gümrüdə (o vaxtkı Aleksandropol, Leninakan) doğulmuş S. Merkurov ən yüksək Lenin heykəlini (49 m) də İrəvan üçün yapmışdı.
2013-ün 8 dekabr günü Kiyevin Bessarabskaya meydanındakı Lenin heykəli devrilərək darmadağın edildi. Ölkəsinin gələcəyini Rusiya ilə deyil, Avropa ilə görən insan seli heykəli parçalara ayırdı. Xəbər agentlikləri bəzi gənclərin heykəl üzərində seksual xarakterli alçaldıcı hərəkətlərə yol verdiklərini yaydılar. Ruslar və digər xalqlar üzərində vəhşiliklər, cinayətlər törətmiş leninin heykəlindən intiqam alan insanların hiddətini, nifrətini təsəvvür edə bildinizmi?
Parçalanan o heykəlin müəllifi Sergey Merkurov idi. Erotikadan Leninə qədər uzanan sosialist realizmi…
III heykəl
İndiki Ukrayna müxalifətinin əsas fiqurlarından biri, «Batkivşina» fraksiyasının lideri Arseniy Yatsenyukun təklifi ilə 2010-cu ildə Ukraynanın Nikolayev şəhərində «Birləşmiş Avropa» heykəli qoyulub. Onun da müəllifi Vladimir Sisarikdir.
Şux qamətli gözəl bir qız heykəlidir. Sol əlində Avropa Birliyinin ulduzlarından ibarət bir çələng var, sağ əlini isə qətiyyətlə Qərbə — Avropaya doğru uzadıb, bu aralar ciddi təlatümlərdən keçən başıdərdli ölkəsinin sabahını göstərir…
***
Lvovdakı Mazox heykəli postament üzərində deyil. Yaxınlaşıb sinəsindəki dairəvi şüşədən baxanda erotik qravürlər görünür. Heykəlin sol cibi geniş və açıqdır. Turistlərin əllərini heykəlin cibinə salmaları ilə heyrətlə çıxartmaları bir olur. Ətrafdakılar gülməkdən uğunurlar. Sisarikin bir dahi olduğunu deyir Aleks.
Ratuşadan Latın, oradan da Avstriya kvartalına doğru yeriyirik. Yolboyu dostum Ukraynanın yol ayrımında olduğundan, xalqın artıq tarixi seçimini etdiyindən danışır. Ayrılmadan öncə, dayanıb «Slava Ukraine» deyirəm. «Slava» deyə cavab verə bilmədi — boynuma sarılıb ağlayırdı Aleks. Ümidli idi…
nebioglu.İ@gmail.com

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 2116